QAT üzvlərinə açıq məktub

qat-uzvlerine-aciq-mektub
Oxunma sayı: 690

Millət Məclisin deputatı, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Çingiz Qənizadə Qarabağ Azadlıq Təşkilatı üzvlərinə açıq məktub ünvanlayıb. Məktubda deyilir:


“Hörmətli QAT üzvləri!

İstər siyasi mübarizədə, istər hər hansı bir müraciətdə və fərdi davranışlarda, mübahisələrdə, dialoqda mən həmişə etik normaları gözləməyə çalışan hər bir kəsə böyük hörmət və ehtiramla yanaşır, qəlbimdə o kəsə sevgi və sayğı payı ayırıram. Bəzən mətbuatda ayrı-ayrı şəxslər haqqında qərəzli və böhtan, nifrət və kinlə dolu təhqir xarakterli yazılar yazılarkən, hətta mənə aidiyyatı olmasa belə, bir vətəndaş olaraq bu məni düşündürür, ağrıdır. Özüm-özümə sual verirəm, biz niyə beləyik?

Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri olaraq Novella xanım, Səidə xanım, Səadət xanım və mənim bizə ünvanlanmış şikayətlərin araşdırılması üçün tez-tez müraciət etdiyimiz hüquq-mühafizə orqanlarının rəhbərlərindən biri - daxili işlər naziri Ramil Usubov haqqında vermiş olduğunuz bugünkü bəyanatınız məni hüquq müdafiəçisi olaraq sizə müraciət etməyə sövq etdi.

Əvvəla, qeyd edim ki, QAT-ın adından yayılmış bəyanat QHT fəaliyyəti ilə bir araya sığmayan radikal siyasi bir təşkilatın bəyanatına daha çox yaxındır. Bu bəyanat təhqir və böhtan üzərində köklənməklə, həm də hüquqi məsuliyyətə gətirib çıxaran bir sənəddir.
Mən QAT üzvlərinin böyük əksəriyyətini yaxından tanıdığım və onlara hörmətlə yanaşdığım üçün hətta təşkilatın bəzi tədbirlərinin və aksiyalarının mənasız və lazımsız və bəzən də şou xarakterli olduğunu düşünsəm də, bu fikirlərimi heç vaxt mətbuatda dilə gətirməmiş, sadəcə görüşəndə təşkilat nümayəndələrinin diqqətinə öz mövqeyimi çatdırmışam.

Bir vətəndaş və hüquq müdafiəçisi olaraq mən hər kəsə qarşı yönələn bu cür təhqir dolu yazıların və fikirlərin mətbuatda yer almasını pisləyirəm. Nəzərinizə çatdırım ki, sizlərin və digər siyasi təşkilatların nümayəndələrinin, ayrı-ayrı vətəndaşların son illərdə yüzlərlə şikayətləri Monitorinq Qrupunun vasitəçiliyi ilə nazir Ramil Usubovun şəxsi nəzarətinə götürülmüş, araşdırılmış və haqlı şikayətlər öz həllini tapmışdır.

Bir neçə gün bundan əvvəl, 10.10 2011 tarixində Novella xanımın məlumatları və mənim vasitəçiliyimlə nazir R.Usubov edilən müraciətləri nəzarətə götürmüş və 3 saat sonra biri yaşlı qadın olmaqla 10 nəfərə yaxın şəxsin pozulmuş hüququ dərhal bərpa edilmişdir.

Bizim müraciətlərimiz və araşdırmalarımızın nəticəsi olaraq hətta bəzi polis əməkdaşlarının cəzalandırılması faktlarını da qeyd etmək istəyirəm.

MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün dədə-baba torpağımız olan İrəvana getmiş R.Usubovu xocalılara və Xocalı şəhidlərinə, ümumilikdə şəhidlərimizə xəyanətdə suçlamağınız bəsit düşüncə tərzi, siyasi naşılıq və xəstə təxəyyüllü şəxslərin beyninin məhsuludur (Mən bu fikirlərimi bütün QAT üzvlərinə deyil, bəyanatı hazırlayanlara aid edirəm).

Mən inanıram ki, bu bəyanat QAT-ın geniş iclasında müzakirə edilmədən 1-2 nəfər tərəfindən hazırlanmış və təşkilat adından yayılmışdır. Bu, ictimai təşkilatların nizamnaməsinə ziddir.

Fürsətdən istifadə edərək bir fikri də ictimaiyyətə çatdırmaq istəyirəm. Bəzən mətbuatda belə fikirlərə rast gəlinir ki, guya Azərbaycanda polis rejimi hökm sürür. Bu yaxınlarda xarici səfərlərimin birində MDB və bir sıra Avropa ölkələrində hər 100 min nəfərə düşən polis əməkdaşlarının sayı haqqında bir cədvəl əldə etmişdim. Məsələn, Rusiyada hər 100 min nəfərə 648, Özbəkistanda 592, Ukraynada 521, Gürcüstanda 522, Türkiyədə 440, Latviyada 436, Çexiyada 438, Avstriyada 321, Almaniyada 305, Macarıstanda 385, Belarusda 1473, Azərbaycanda isə 272 nəfər polis əməkdaşı düşür. Həmin siyahıda cəmi iki dövlət, Polşa 271, Rumıniya 248 olmaqla bizdən irəlidədir. Məncə, şərhə ehtiyac yoxdur.

Bəyanatla bağlı bir məqamı da qeyd etmək istəyirəm ki, bəyanatın sonunda nazir Ramil Usubovun adının Qarabağın Qara kitabına salındığını və onu şəhidlərimizin ruhu qarşısında lənətlədiyinizi qeyd edirsiniz. Şəhidlərimizin ruhu və Qarabağ adından danışmaq səlahiyyətini sizə kim vermişdir? Bilmək istərdim, bu haqqı və hüququ sizə hansı qanun vermişdir? Nəzərinizə çatdırım ki, hər kəsin vətənə, dövlətə və millətə xidmətini zaman özü tarixə yazır.

Mən QAT-ın bütün üzvlərinə müraciət edərək onları təcili toplaşmağa, bu əsası olmayan təhqir və böhtan dolu bəyanatın konkret kimin tərəfindən yazılmasını aydınlaşdırmağa, nizamnamə daxilində cəzalandırılmasına və cəmiyyətə açıqlama verilməsinə çağırıram”.