Qaya Əliyevdən Mirmahmud Mirəlioğluya məktub – Mətn

qaya-eliyevden-mirmahmud-mireliogluya-mektub-metn
Oxunma sayı: 683

“Diz üstə yaşamaqdansa ayaq üstə ölmək yaxşıdır.”
Meksika inqilabının lideri Emiliano Sapata

“Hörmətli Mirmahmud ağa,

Əziz cəbhəçilər,

KXCP-nin mediada dərc olunmuş 1 sentyabr 2011-ci il tarixli, Respublikanın düşdüyü mövcud vəziyyətdən yeganə çıxış yolunun kütləvi xalq hərəkatında olması, hakimiyyətin avtoritar siyasəti nəticəsində dövlət həyatından izolyasiya olunmuş xalqı yenidən hərəkat formatında təşkilatlandırıb siyasi proseslərin subyektinə və tərəfinə çevirməyin qaçılmaz olması və 80-ci illərdə Azərbaycan Xalq Cəbhəsi formatında təşkilatlanaraq sovet rejimindən xilas olmuş xalqın, bu gün yenidən birləşərək təşkilatlanmalı və mövcud irtica rejimindən qurtulmalı olmasının vacibliyi kimi fikirləri ehtiva edən məlum çağırışı diqqətimi cəlb etdi. Siyasi maraqlar və korporativ mənafelərin fövqündə dayanan, Azərbaycanda demokratik dəyişikliklərdə maraqlı olan bütün mütərəqqi qüvvələrin təmərküzləşmə və konsolidasiya mərkəzi olan bir optimal birlik modelinin formalaşdırılmasının, bu birliyin kütləviləşdirilərək ,geniş xalq kütlələrin cəlb olunması ilə Xalq Hərəkatına transformasiyasının həyata keçirilməsinin mövcud avtoritar rejimdən qurtuluşun alfa və omeqası olduğu bir mərhələdə bu çağırış kifayət qədər aktualdır.
İnanıram ki, prinsip etibarilə M.K.Atatürkün 21 iyun 1919-cu ildə Amasyadan İstanbula göndərdiyi milli mücadiləyə dəvət məktubu qədər böyük tarixi əhəmiyyətə malik olan bu çağırış Azərbaycanda passionarlığın artmasına, mövcud inersiyasının siyasi aktivliklə əvəz olunmasına gətirib çıxaracaq və milli demokratik düşərgədə dinamizm yaradacaq. Çex yazıçısı M.Kundera deyirdi ki, sözün kim tərəfindən deyilməsi çox əhəmiyyətlidir,belə ki, E.Kantın dilində hətta “Sabahın xeyir”sözləri kimi adi sözlər belə fəlsəfi səslənər.Bu baxımdan çağırışın məhz Mirmahmud Mirəlioğlu kimi “kişi adam”ayamalı və təmiz reputasiyalı bir şəxsin rəhbərlik etdiyi,hərəkatçılıq ruhunu və ənənələrini qoruyub saxlamış bir siyasi təşkilat tərəfindən edilməsi onun səmimilik əmsalını və məzmun yükünü müəyyən edir.

Müraciətdə əsas fokus nöqtəsi olaraq bu və ya digər obyektiv və subyektiv səbəblərdən siyasi arenadan uzaqlaşmış bütün keçmiş hərəkatçılar və cəbhəçilərlə yanaşı, cəbhəçi əxlaqı, düşüncəsi ilə yaşayan, Azərbaycanda böyük siyasi dəyişikliklər arzulayan kontingentin götürülməsi və onların sizinlə birlikdə bu yola çıxmağa dəvət oluması cəbhəçi əxlaqı,düşüncəsi ilə yaşayan, Azərbaycanda böyük demokratik dəyişikliklər arzulayan, resursları bir dinastiya və bir neçə klan tərəfindən mənimsənilmiş, məmurlarının vətəndaşları ilə münasibətlərini məzmun etibarilə korrupsiya,rüşvətxorluq, özbaşınalıq və s kimi kriminal xarakterli münasibətlər əsasında qurmuş dövlətin yerində, hüquq münasibətləri əsasında formalaşdırmış hüquqi dövlət, mahiyyəti həmin dinastiyaya və klanlara indeksləşdirilmiş qanunların yerində hüquqi qanunlar, mövcud avtoritar rejimin yerində demokratik siyasi rejim, adminstrativ və monopolist əsaslarla formalaşdırılmış iqtisadiyyatın yerində azad bazar iqtisadiyyatı,bütün institutları və təsisatları iflic vəziyyətinə salınaraq deqradasiyaya uğradılmış müti cəmiyyətin yerində vətəndaş cəmiyyəti, N.Nərimanovun vaxtilə AKP Bakı Komitəsi haqqında işlətdiyi ifadə ilə desək “drijor çubuğu ilə seçilən qurum” mahiyyəti daşıyan,diktatorun seçki falsifikası yolu ilə formalaşdırdığı “parlament”-in yerində tərkibi xalqın seçimi ilə formalaşmış legitim parlament,İcra hakimiyyətinin nəzarəti və patronajı altında fəaliyyət göstərən məhkəmə-hüquq sisteminin yerində müstəqil və ədalətli məhkəmə hüquq sistemi görmək istəyən və bütün bu dəyişikliklərin realizasiyası yolunun kütləvi xalq hərəkatından keçdiyinə inanan,elə bu inamın məntiqi nəticəsi kimi , bir neçə ay bundan əvvəl partiya funksioneri ampluasında siyasi fəaliyyətini dayandırarkən və siyasi arenadan uzaqlaşarkən ölkənin düşdüyü mövcud vəziyyətdən,bütövlükdə siyasi spektrin iqtidarlı-müxalifətli dirəndiyi dalandan yeganə çıxış yolunun siyasi fəaliyyətdə deyil,milli mübarizədə, siyasi partiyalar müstəvisində deyil məhz kütləvi xalq hərəkatı formatında olduğunu,eyni zamanda avtoritar siyasi rejimdə siyasi fəaliyyətlə milli mübarizə arasındakı fərqin yaşamaqla mövcud olmaq arasındakı fərq qədər böyük olduğunu və yolumuzun hərəkat yolu olduğunu bəyan etmiş bir gənc siyasətçi kimi mənim bu çağrışa etinasız yanaşmağımı istisna edirdi.

Sözügedən çağırışınızı xalqın vahid mütəşəkkil bir gücə çevrilərək öz dövlətinə və yaşadığı məmləkətə sahib çıxması məqsədinin,xalqı mövcud poblemlərə qarşı vahid hərəkatda birləşdirmək amalının, 80-ci illərdə “millətlərə istiqlal” yolunda açılmış Xalq Cəbhəsinin davamı olaraq, “insanlara hürriyyət” yolunda vahid cəbhə açmaq istəyininin həyata keçirilməsi uğrunda mübarizə istiqamətində cəbhəçi əxlaqı, düşüncəsi ilə yaşayan və Azərbaycanda böyük siyasi dəyişikliklər arzulayan insanların siyasi səfərbərliyi kimi qəbul edir, sizinlə birlikdə bu yola çıxmağa hazır olduğumu və çağırışda bəyan etdiyiniz kimi yeni xalq hərəkatı yaranacağı təqdirdə sizinlə birlikdə bütün qüvvəmi, imkanlarımı, intellekt, bacarıq və gənclik enerjimi bu missiyaya həsr etməyə hazır olduğumu bildirirəm.

Eyni zamanda,mən də öz növbəmdə Azərbaycanımızın taleyinə biganə qalmayan bütün gəncləri,həmyaşıdlarımı,mənimlə eyni dövrdə və ya birlikdə siyasi arenaya debüt etmiş gənc aktivistləri və siyasətçi dostlarımı,əqidədaşlarımı bizimlə birlikdə bu yola çıxmağa çağırıram!

Yolumuz açıq olsun!”.