“Qayayadırmanma idmanı barədə düşünürəm” – Müsahibə

qayayadirmanma-idmani-barede-dusunurem-musahibe
Oxunma sayı: 655

Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA kampaniyasının təsisçisi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla Əliyeva yanvarın 17-də Londonda keçiriləcək “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin açılışı ərəfəsində bir sıra milli onlayn resurslarının nümayəndələri ilə görüşüb. O, media nümayəndələrinə müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni ixtisarla təqdim edir.



- Leyla xanım, Siz həmişə məşğulsunuz, çoxlu layihələriniz, müxtəlif təşəbbüsləriniz vardır və buna baxmayaraq, siz rəsm çəkirsiniz. Siz bunun üçün necə vaxt tapırsınız və boyakarlıq sizin üçün nə deməkdir?

- Rəsm çəkmək həqiqətən çox böyük ləzzətdir. Ona görə ki, bu iş insanı çox sakitləşdirir, deyərdim ki, onu ipə-sapa yatırır və nəticə ya alınır, ya da yox. Bəzən yarım il rəsm çəkməyə bilərəm, amma bir ayda beş-altı rəsm də çəkə bilərəm. Rəsm çəkməyə başlayanda, bu işdən ayrılmaq sadəcə qeyri-mümkündür və nə isə başqa işlə məşğul olmaq çox çətindir. Yəqin ki, rəsm çəkənlərin hamısı bu hissləri keçirir. Bir sözlə, bu, böyük ləzzətdir, lakin uğurlu alınmayanda ilham pərisini gözləmək lazım gəlir.
Məsələn, hazırda mən uşaqlar üçün milli nağıllar kitabının illüstrasiyası üzərində işləyirəm. “Biri var idi, biri yox idi” adlanan bu kitab rus dilində çıxacaq. Bu ideya mənim üçün çox maraqlı və yaxındır, başqa işlərlə yanaşı xeyli vaxt aparır. Lakin istəyirəm ki, uşaqlar üçün nə isə məxsusi və çox maraqlı bir iş görüm.

Son həftələrdə mən Londonda keçiriləcək sərgiyə fəal hazırlaşmışam. Orada digər azərbaycanlı rəssamlarla bərabər mən də ola bilsin ki, beş-altı iş təqdim edəcəyəm.

- Çox adam bilir və çoxları şahiddir ki, siz şeir yazırsınız. Şeir yazmaqda davam edirsinizmi?

- Bəli, davam edirəm, mənim şeirlərim çoxdur, sadəcə olaraq, daha onları çap etdirmirəm. Əlbəttə, kitab nəşr etmək ideyası var, lakin yəqin ki, bu, gələcəkdə olacaq. Şeir yazmaq da rəssamlıq kimidir, bir il yazmamaq, sonra isə bütöv həftəni yazmaq olar.

- Leyla xanım, siz həmişə formadasınız. Özünüzdən eşitmək istərdik, siz idmanla nə dərəcədə məşğul olursunuz?

- Yəqin ki, həddən artıq (gülümsəyir). İdman insanın özünü həm fiziki, həm də mənəvi baxımdan daha yaxşı hiss etməsinə imkan verir. Buna görə mən hər gün idmanla məşğul oluram.

Yeri gəlmişkən, hazırda qayayadırmanma idmanı barədə düşünürəm. Mənim üçün bu nə isə yeni, çox maraqlı işdir. Çünki bu, təkcə cəsarət və mərdliklə deyil, həm də daha bir yüksəkliyi fəth etmək imkanı ilə bağlıdır.

Həyatda elə olur ki, bir layihə üzərində işə başlayandan sonra həmişə onu bir sıra başqa layihələrlə yanaşı davam etdirmək lazım gəlir. Beləcə, ətraf mühitin qorunması üzrə kampaniyanı başlayandan sonra dağa qalxmaq barədə düşündüm. Qayaya dırmaşmağı öyrənməyə başladım. Bu il yayda bizim ekologiya kampaniyasının volonterləri ilə birlikdə milli zirvələrdən birinə qalxmağı planlaşdırıram.