Qaynama temperaturu

qaynama-temperaturu
Oxunma sayı: 2268

Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müxtəlif səviyyələrdə danışıqlar və görüşlər keçirilir. 20 ilə yaxındır ki, ATƏT danışıqların flaqmanıdır. Amma nəticə yoxdur. Çünki proseslər nəticə əldə olunması üçün hərarət lazım olan “qaynama temperaturu”na çatmır. Əksər hallarda isə “temperatur” heç 50 dərəcədən də o tərəfə keçmir.

Proseslərin gizli saxlanılması temperaturu aşağı salan əlin kimə məxsus olduğu haqda rəvayətlərə rəvac verir. Bu rəvayət isə əsl mahiyyəti ortaya qoymur. Əvvəla, ona görə ki, söylənənlər həqiqət olsa belə, çoxluq tərəfindən rəvayət kimi qəbul edilir. İkincisi, ona görə ki, bir çox hallarda söylənən rəvayətlər həqiqətdən çox uzaq olur. Üçüncüsü, maraqlı tərəflərin hərəsi öz rəvayətini uydurur.

Gedən proseslərin bir çoxu ictimaiyyətin gözü qarşısında olur. Məsələn, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar. Bu danışıqlarda da münaqişədən doğan müxtəlif detallar müzakirə predmeti olur.

Atəşkəsin pozulması: Məramı və mənası bəlli olmayan monitorinqlər aparılır. Tərəflər bu halları pisləyir. Hər iki tərəf itkilər verir. Hamı bunun dayandırılmasını istəyir. Amma heç nə dəyişmir. Çünki proses sona qədər araşdırılmır və nəticə əldə olunmadan sona çatır. Pərdə arxasında hansı razılaşma əldə olunduğu isə heç kimə bəlli deyil. Buna görə də “qaynama”nı dayandıran əl bəlli olmur.

Snayper savaşı: Tərəflər itkilər verir. Azyaşlı Fariz qətlə yetirilir. Həmsədrlər baş verənləri pisləyir. Snayperlərin geri çəkilməsi təklif olunur. Pərdə arxasında əldə olunan razılıqdan ictimaiyyət xəbər tutmur və buna görə də Farizin ölümündə kimin maraqlı olması gizli qalır. Məhz həmin əl prosesi “qaynama temperaturu”na çatmağa qoymur.


Sözsüz ki, Minsk Qrupu formatından kənarda da proseslər gedir. Elə Allahşükür Paşazadənin II Qareginlə cəbhə xəttində görüşmək qərarını götürək. Təqdirəlayiq bir təşəbbüsdür. Amma prosesin hara qədər gedəcəyi bəlli deyil. Əlbəttə, bunun nə dərəcədə davamlı proses olacağını zaman göstərəcək. Amma acı təcrübə göstərir ki, qeybdən gələn əl prosesi dayandıracaq.

Son günlərin təqdirəlayiq təşəbbüslərindən biri də icmalararası dialoq cəhdidir. Rəsmi olaraq Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri səviyyəsində səslənən bu təklifin uğursuz olacağı təhlükəsi var. Dağlıq Qarabağın erməni icmasının Almaniyada nəzərdə tutulan görüşdən imtina etməsi xəbəri Azərbaycan KİV-ində özünə yer tapdı. Amma xəbərdə anormallıq da vardı. Azərbaycan nümayəndə heyətində Rasim Musabəyovun olması anormallığın kulminasiyası idi. Söhbət Dağlıq Qarabağın Azərbaycan icmasından gedirsə, Rasim Müsabəyovun bu formata nə dəxli var? Əslində, heç Fərhad Bədəlbəylinin də bu formata dəxli yoxdur. Məsələnin mahiyyəti problemin həllindən sonra Dağlıq Qarabağda iki icmanın birgə yaşamasının mümkünlüyünü ortaya qoymaqdır. Prosesin anormal məcraya yönəldiyi aydın görünür. Deməli, hər iki tərəfdə “qaynama temperaturu”nda maraqlı olmayanlar var. Temperatur qaynama həddinə çatanda onların çöküntü və tullantı olacağı gün kimi aydındır...

Azərbaycanda müxtəlif səviyyələrdə müharibə çağırışları səslənir. Amma hələ ki, proses “qaynama temperaturu”na çatmır. İndi hamının bildiyi bir reallıq var: Azərbaycan Silahlı Qüvvələrində vəziyyəti “qaynama temperaturu”na çatmağa qoymayan qüvvələr var.