Qəddafidən şok dirəniş: “Ölüm və ya qələbə...”

qeddafiden-sok-direnis-olum-ve-ya-qelebe
Oxunma sayı: 659



Liviya lideri Müəmmar Qəddafi bu gecə xalqa müraciət edib. Müraciəti yerli radiostansiyalardan biri yayımlayıb. “Qafqazinfo”nun məlumatına görə, Qəddafi bəyan edib ki, Bab əl-Əziziyədəki bunkerdən çıxması yalnız taktiki manevr olub.

“NATO-nun 64 hava hücumu nəticəsində bunkeri yerlə bir etmişdilər”, - Liviya lideri bildirib. Onun sözlərinə görə, təcavuzə qarşı yalnız bir yolu var: ölüm və ya qələbə.

Müəmmər Qəddafinin Tripolinin Bab-əl-Əziziyə məhəlləsində yerləşən iqamətgahına soxulan üsyançılar isə burada nə Qəddafi, nə də oğlanlarının izini tapa bilməyib. Bunu “Frans Press” agentliyinə üsyançıların nümayəndəsi, polkovnik Əhməd Ömər Bani deyib. “Bab-əl-Əziziyə tam olaraq nəzarətimiz altındadır. Burada nə polkovnik Qəddafi, nə də onun oğlanları var. Heç kim bilmir onlar hardadır”, - deyə o bildirib.

Üsyançı qoşunların digər nümayəndəsi Əbdülhəkim Belhədcə isə Qəddafi və oğlanlarının siçovul kimi qaçıb gizləndiyini deyib.

Hazırda üsyançılar Qəddafinin qərargahında qələbələrini bayram edirlər. Onlardan biri Qəddafinin heykəlinə də əl ataraq onun başını qopardıb.