Qəhrəman ola bilməyənlər

qehreman-ola-bilmeyenler
Oxunma sayı: 666

Düşmənlə üzbəüz səngərdə keşik çəkən əsgərlərin xarici görünüşü jurnalistləri əməlli-başlı məyus edib. Əsgərlərin bir çoxunun əynindəki hərbi paltar nimdaş, çəkmələri isə cırıq olub. Onların fiziki göstəriciləri də ürəkaçan olmayıb. Arıq, çəlimsiz əsgərlərin yaxşı qidalanmadığı açıq-aşkar görünürmüş. Jurnalist dostum səfər təəssüratını mənimlə bölüşəndə onu da demişdi ki, sanki hansısa “gözəgörünməz qüvvə” qəsdən kasıb ailələrin övladlarını seçərək ön cəbhəyə göndərib.

Günün ikinci yarısında jurnalistlər Gəncədəki N saylı hərbi hissəyə qayıdıblar. Burda qarşılaşdıqları mənzərə onları növbəti dəfə heyrətləndirib. Həmkarım deyir ki, Gəncədəki N saylı hərbi hissədə xidmət edən əsgərlərin çoxu hündürboy, enlikürək olub. O, canlı-cüssəli bir əsgərdən hansı bölükdə xidmət etdiyini soruşub. Həmin əsgər deyib ki, hərbi hissənin bərbəridir. Başqa bir əsgər isə aşpaz işlədiyini bildirib. Jurnalist dostumun sorğu-sual etdiyi üçüncü əsgər sürücü, dördüncüsü isə çörəkçi işlədiyini deyib. Təxminən 110 kiloqram çəkisi olan bərbərin özünü tərifləməsi jurnalistlər üçün göydəndüşmə olub. Həmin əsgərin qabiliyyətini yoxlamaq bəhanəsi ilə iki nəfər saçını, üç nəfər isə üzünü qırxdırıb. Aşpaz işləyən canlı-cüssəli əsgər isə həmin ərəfədə jurnalistləri çayla təmin edib. Jurnalistlər bərbər, aşpaz, sürücü, çörəkçi işləyən bu əsgərlərin imkanlı ailələrin övladları olduğunu yalnız söhbət əsnasında öyrənə biliblər...

İki il əvvəl Ankarada olarkən Tuncelidə PKK terrorçuları ilə qanlı döyüşdə ağır yaralanmış dostum Məhəmməd Kamaloğlunu ziyarət etmişdim. Gülhanə Hərbi Tibb Akademiyasının Ankaradakı reabilitasiya mərkəzində müalicə olunan Məhəmməd həmin gün məni Okan adlı yaralı bir əsgərlə tanış etmişdi. Okanın atasının Türkiyə Ordusunun generalı olduğunu öyrənəndə xeyli təəccüblənmişdim. Okanın reaksiyası isə belə olmuşdu: “Mənim böyük qardaşım da terrorçuların fəal olduğu cənub-şərq bölgəsində xidmət edib”. Məhəmməd isə demişdi ki, Okanın atası da 20 ildir ki, dağlarda terrorçularla savaşır.

Bu hadisədən bir həftə sonra Bakıda hərbi ekspert Ələkbər Məmmədovun təşkilatçılığı ilə baş tutan tədbirdə Müdafiə Nazirliyinin əməkdaşlarından biri ilə mübahisə etmişdim. İbrahim adlı zabitdən Səfər Əbiyevin oğlunun hansı hərbi hissədə xidmət etdiyini soruşanda, o, belə cavab vermişdi: “Sən bu cür sual verməklə qəhrəman olmaq istəyirsən”. Mənim reaksiyam isə belə olmuşdu: “Oxucularım məndən qəhrəmanlıq tələb etmirlər. Amma torpaqları işğal altında olan bir ölkənin sıravi vətəndaşı kimi mənim müdafiə nazirindən qəhrəmanlıq gözləməyə haqqım var. Bunun üçün bircə rayonu işğaldan azad etmək kifayətdir”.

İndi o vaxtdan iki il keçir. Amma Səfər Əbiyev hələ də qəhrəman ola bilməyib. Çox güman ki, o, heç vaxt qəhrəman ola bilməyəcək. Bu sözləri Azərbaycan Ordusunun digər generallarına da şamil etmək olar. Qəhrəmanlıq etmək üçün insanda ürək olmalıdır. Vətən üçün döyünən ürək...