Qəhrəmanlıqla faciənin toqquşduğu gecə - 20 Yanvar+Video

qehremanliqla-facienin-toqqusdugu-gece-20-yanvarvideo
Oxunma sayı: 681

Allah yolunda öldürülən kəslərin ölü olduqlarını qətiyyən zənn etməyin. Gerçəkdə onlar diridirlər və Rəbbin hüzurunda rizqləndirilməkdədirlər. (Ali İmran/169)

Allah yolunda canını fəda edən müsəlmana şəhid deyilir. Şəhidlik ölümün ən uca məqamıdır. Vətənini, namusunu, hüququnu, əmlakını qoruyaraq həlak olan müsəlman şəhiddir. Allah-Təala yanında şəhidin məqamı çox yüksək, mükafatı təsəvvür edə bilməyəcəyimiz qədər alidir. Qurani- Kərimdə bu haqda bir çox ayələrdə məlumat verilməkdədir:

- Allah yolunda öldürülən şəxslərə “ölülər” deməyin. Həqiqətdə onlar diridirlər, ancaq siz bunu anlaya və hiss edə bilməzsiniz. (Bəqərə/ 154)

- Allah yolunda öldürülən şəxslərin ölü olduqlarını qətiyyən düşünməyin. Həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunar.

Peyğəmbərimiz Həzrəti-Muhamməd (s.ə.s.) bir hədisi-şəriflərində şəhidlik haqqında buyurmuşdur ki, cənnətə girən heç bir müsəlman bir də bu dünyaya geri dönməyi arzulamaz. Ancaq şəhidlər yenidən bu dünyaya dönmək istərlər ki, bir daha şəhid olsunlar.

Şəhidlik çox uca bir mərtəbədir. Hələ İslamın ilk illərindən bəri qəlbində Allah sevgisi olan müsəlmanlar şəhid olub, bu uca məqama qovuşmağı arzulayıblar. İslamın ən böyük qəhrəmanlarından biri olan, Uhud savaşında müsəlmanlara qarşı vuruşan və kafirlərin zəfər qazanmasında böyük payı olan, İslamı qəbul etdikdən sonra müsəlman ordusunun böyük komandanı kimi çox cihadlarda iştirak edən və hərbi qabiliyyəti ilə düşmənləri qorxuya salan Xalid bin Vəlid ölümü yorğan-döşəkdə qarşılayırdı. Ölümün yaxınlaşdığını hiss etdikcə də gözlərinin yaşı sel olub axırdı. Niyə ağladığını, yoxsa ölümdən qorxduğunumu soruşurlar. Xalid bin Vəlid isə bu suala belə cavab verir:

- Mən neçə-neçə müharibələrə qatıldım. Çox sayda kafir öldürdüm. Bədənimdə qılınc və ya ox yarası olmayan bir qarış yer yoxdur. Amma qismətimə baxın ki, bu gün bu yataqda dəvələr kimi üzüqoylu ölürəm, lakin mən hər zaman şəhid olmağı arzulamışdım.
Xalid bin Vəlid şəhid olub, o uca məqama yüksəlmək arzusu ilə yaşayırdı. Amma yorğan-döşəkdə öldüyü üçün rahatlıq tapa bilmirdi.

Şəhidlik Allah-Təalanın verdiyi bu can əmanətini ən baha qiymətə sata bilməkdir. Şəhidlik Allah sevgisi ilə, Allah qorxusu ilə alışıb-yanan könüllərin istəyi, arzusudur. Şəhidlik bir düşüncədir, bir mənəvi yüksəklik səviyyəsidir. O da bildirilir ki, əgər bir müsəlman həmişə şəhid olmaq arzusu ilə yaşayarsa, öz yatağında ölsə belə, şəhiddir.
Allah rizası üçün haqlı olduğu savaşa qatılan müsəlman ya qazi olur, ya şəhid. Müsəlman ölüm-dirim savaşına qalxanda bu iki variantın hər ikisinə həm hazır, həm də razı olmalıdır.

Şəhidlik düşüncəsi əsrlər boyunca yaşadığımız coğrafiyada insanlarımızın ruhuna hakim olmuşdur. Müsəlmanlar hər zaman bir-birinin yardımına tələsmiş, qardaş üçün canından keçməyi bacarmışlar. Türkiyədə neçə azərbaycanlının məzarları var. Azərbaycanın hər rayonunda Osmanlı dövlətindən yardıma gəlmiş insanların məzarı var, onların qəhrəmanlıqları haqqında söhbətlər dildən-dilə dolaşır.

Əgər bir xalqın ruhunda şəhidlik anlayışı varsa, insanlar Allah yolunda ölməyi bacarırlarsa, o xalqa zaval yoxdur.

Allah-Təala bütün şəhidlərimizə rəhmət eləsin, onları öz uca məqamında xeyir-bərəkət süfrələrinə qonaq eləsin.

Yazı 20yanvar.blog.ru saytından götürülüb

20yanvar.flv