Qəlp medalın bu üzü

qelp-medalin-bu-uzu-
Oxunma sayı: 656

Bu, bir utanc tablosudur. Qalib elan edilmiş idmançımız ayaq üstə güclə dayanıb, onun əlini göyə qaldıran hakimə kömək etməyə, öz əlini yuxarı qaldırmağa heyi yoxdur. Yapon idmançı isə şax baxır, hiss olunur ki, hələ döyüşməyə enerjisi var və qələbəsinə əmindir. Və şok… Əbdülhəmidovu qalib elan edirlər.

Təkcə yaponlar yox, bütün dünya şoka düşür. Hətta qələbə təşnəsi olan azərbaycanlılar da şaşırıb qalırlar. Hamı sövq-təbii hiss edir ki, bu ədalətli olmadı, işin içində bir iş var.

“Qalib”in rinqi sürünə-sürünə tərk etməsindən, yaponların etirazından, hakimlər briqadasına nəzarət edənlərin müdaxiləsindən və qısa çək-çevirdən sonra ədalət bərpa olunur. Qələbəsi əlindən alınmış, şəxsiyyətinə sataşılmış Satoşinin zəfəri özünə verilir.
Bizə isə məyusluğa qapılmaq və xəcalət çəkmək qalır. Əlbəttə, söhbət bu utanc tablosuna görə xəcalət çəkə bilənlərdən gedir, bu söz özünü həyasızlığa qoyanlara şamil deyil.

Təbii ki, bütün məğlubiyyətlər zamanı insanın, tərəfdar tamaşaçının məruz qaldığı əsas hiss heç də xəcalət deyil, əsasən məyusluqdur. Amma Əbdülhəmidovun biabırçı məğlubiyyəti bizə məhz xəcalət yaşatdı.

Çünki o, qələbəyə layiq olmadığı halda, saxtakarlıqla qalib elan edilmişdi və bu fırıldağın ömrü nəinki 40 gün, heç 40 dəqiqə də sürmədi. O biri idmançılarımızın məğlubiyyətindən duyduğumuz pərtliyin üstünə bir də bu gəldi – rüsvayçılığa görə xəcalət.
Bizə belə yalançı, bahalı, ədalətsiz, riskli qələbə lazım idimi? Bununla biz kimə nəyi sübut edəcəkdik?

Böyük pul-para (hələ rüşvət demirik) və legioner idmançıların hesabına olimpiya medalı qazanardıqsa, məlum olacaqdı ki, Azərbaycan idman dövlətidir və biz döyüşkən xalqıq?

Lap tutaq ki, biz başqalarında belə bir saxta və yanlış təsəvvür yaratdıq, özümüz biləcəkdik axı, hələ idmanımız o səviyyədə deyil, hələ çatışmayan cəhətlərimiz çoxdur və bu, medallar materialca olmasa da, mahiyyətcə qəlpdir.

Odur, idman potensialı olan xalq koreyalılar kimi olar. Dünyanın ən firavan, iqtisadiyyatı gəlişmiş 20 ölkəsindən biri olan, demokratik rejimli Cənubi Koreya da qazandığı qızıl medalların sayına görə ilk beşlikdədir, dünyanın ən kasıb, iqtisadiyyatı geridə qalmış 20 dövlətindən biri olan, diktatura rejimli Şimali Koreya da. Belə çıxır ki, koreyalılar ya genetik olaraq idmana meyllidirlər, ya da bir-birinin bəhsinə yarışırlar.

Əslində biz də genetik olaraq idmançı xalqıq. Xüsusilə də təkbətək mübarizənin nəzərdə tutulduğu idman növlərində xeyli nailiyyətlərimiz var. Kollektiv idman növləri isə daha çox kombinasiya, dilbirlik, intellekt və bütövlük tələb etdiyindən daxili çəkişmələrə meylli olan, kollektiv əzmkarlıq göstərməkdən xali idmançılarımız uğur qazana bilmirlər.

Bu məsələdə Avropa xalqları öndədirlər. Çünki onlar birləşməyi, bir-birini anlamağı, birgə hücuma keçməyi, birgə müdafiə olunmağı yaxşı bacarırlar və ilk uğursuzluqdan sonra ruhdan düşmürlər.

Londonda başımıza gələn rüsvayçılıq isə göstərdi ki, biz idman qələbələrini belə fırıldaq yolu ilə qazanmağa hazırıq və özümüzü buna qadir hesab edirik. Bizim başbilənlərə elə gəlir ki, indiyədək ölkədə keçirdikləri bütün yarışma və müsabiqələrdə, eləcə də seçkilərdə istifadə etdikləri ənənəvi üsullardan beynəlxalq miqyasda da yararlanaraq qalib gələ biləcəklər.

Bunlar xaricdən – MDB məkanından, Şərqi Avropadan gələn arbitr və müşahidəçiləri pulla ələ almağa o qədər öyrəncəlidirlər ki, bənzər metodu hamıya tətbiq edəcəklərinə əmin idilər. Bu dəfə alınmadı.
Bu hadisə ölkənin reputasiyasına ciddi zərbədir – bundan da artıq mövcud rejimin. Bundan sonra bunların keçirdiyi seçkilərin dürüstlüyünə kim inanar?

musavat.com