Qənirə Paşayeva 9 Aprel faciəsini yad edib

qenire-pasayeva-9-aprel-faciesini-yad-edib
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumtanına görə, tədbiri AMM-in rəhbəri Fazil Həsənov açaraq 9 Aprel faciəsinin həm Gürcüstanda yaşayan gürcülər üçün, həm də bu ölkədə yaşayan soydaşlarımız üçün yaddaqalan tarixi bir hadisə olduğunu deyib. “9 Aprel azadlığa gedən yoldur. Bu gün belə tədbirlərin Azərbaycan və Gürcüstan dövlətində çalışan rəsmilərlə birgə qeyd edilməsi onu sübut edir ki, Azərbaycan və Gürcüstan eyni taleyi yaşayan qonşu və dost ölkələrdir. Bu acını 20 Yanvar faciəsində azərbaycanlılar da yaşayıb. Bizim üçün bu faciə böyük dərddir, həm də qəhrəmanlıqdır.”
Sonra tədbir iştirakçıları bir dəqiqəlik sükutla 9 Aprel şəhidlərinin xatirəsini yad ediblər.
Tədbirdə Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva çıxış edərək deyib:“Azərbaycan xalqı bu hadisələrin nə olduğunu çox yaxşı bilir, bu hadisələrdən öncə Bakıda baş verən 20 yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda necə mübariz olduğunu göstərdi. Bakıda dinc əhaliyə qarşı sovet ordusu tərəfindən amansızlıq və qəddarlıq göstərilmişdir. Bütün bu hadisələr hər iki ölkənin müstəqilliyinin necə çətin əldə olunduğunu göstərdi. Dinc insanlar sovet rejiminin ədalətsizliyinə qarşı etiraz edərkən, azadlığını tələb edərkən Sovet ordusu tərəfindən amansızlıqla qətlə yetirilmişdir. Bu hadisələr zamanı xalqımız öz birlik və bərabərliyini nümayiş etdirdi. Biz bunu faciə kimi deyil, bir qəhrəmanlıq tarixi kimi qəbul edirik, bu hadisələr göstərdi ki, xalqın iradəsini, istəyini hətta tanklar belə yenə bilməz. Mən hesab edirəm ki, 9 aprel də Gürcüstan üçün həm də bir qəhrəmanlıq tarixidir. Dost Azərbaycan Gürcüstana bu hadisələr zamanı öz dəstəyini bildirdi və gürcü xalqının yanında oldu. Azərbaycanlılar gürcü xalqının acısını paylaşmaq üçün Rustavelli küçəsi boyu yüz minlərlə qərənfillər düzmüşdülər. Bütün bunları Gürcüstanda və Azərbaycanda böyüyən gənclik bilməlidir.
Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı və dostluğu bu gün də davam edir. Bu region rahat region deyil, təəssüflər olsun ki, müəyyən güclər Azərbaycan və Gürcüstanın müstəqil inkişafını, müstəqil siyasət yürütmələrini, dünyaya inteqrasiyasını və iki ölkə arasında mövcud olan dostluq münasibətlərini qəbul edə bilmirlər, ona görə də biz dövlət müstəqilliyimizi qorumaq üçün inkişafımızı daha da sürətləndirməliyik. Əməkdaşlığımız gücləndikcə, biz həmin güclərə göstərəcəyik ki, əməkdaşlıq etməklə necə inkişaf etmək olar, separatizm, işğalçılıq siyasəti yürüdənlərin aqibəti isə ağır olacaq. Tariximizi unutmadan irəliləməliyik, 20 Yanvar və 9 aprel hadisələrinin törədilməsində əli olanlar, onların törədilməsinə göstəriş verənlər təkcə tarix deyil, ədalət qarşısında da cavab verməlidirlər. Məhz o zaman şəhidlərimizin ruhu şad ola bilər ”.
Daha sonra Milli Məclisin üzvü Etibar Hüseynov, Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusubov, “Ziya” qəzetinin baş redaktoru Nizami Məmmədzadə, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Vasif Bədəlov və başqaları çıxış edərək 9 Aprel faciəsinin sovet ordusu tərəfindən törədilən qanlı hadisələrdən biri olduğunu bildiriblər.
Tədbirdə 9 Aprel faciəsindən bəhs edən film nümayiş olunub.
Tədbirdə Marneuli rayon icra hakimiyyətinin rəsmiləri, ətraf kəndlərdən gələn ziyalılar, jurnalistlər və ziyalılar iştirak ediblər.