Qənirə Paşayeva birinci oldu

qenire-pasayeva-birinci-oldu-
Oxunma sayı: 1419

Tədbirdə Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan bildirib ki, “Yeni virtual oxu mədəniyyətinə yiyələnək!” devizi altında keçirilən builki kitab bayramı Azərbaycan Xalq Cümhuriyyətinin 93, Dövlət müstəqilliyimizin 20, xalq yazıçısı Mirzə İbrahimovun 100 illiyinə həsr olunub.

Daha sonra Milli Kulturoloji mükafat qaliblərinin adları açıqlanıb. Millət vəkili Qənirə Paşayevanın üçcildlik “Tarixə adını yazan qadınlar” elmi-kütləvi kitabı “2010-cu ilin tarixi-publisistik kitabı”, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi “2010-cu ilin Mədəniyyət Qurumu”, Solmaz Amanovanın “Gəncə xəzinəsi” və “Xurcun” kitabları “2010-cu ilin uşaq kitabı”, İsa Həbibbəylinin “Cəlil Məmmədquluzadə mühiti və müasirləri” elmi-monoqrafik əsəri “2010-cu ilin elmi kitabı”, Şövkət Zərin Horovlunun “Arazdan gələn səs” əsəri “2010-cu ilin bədii romanı”, Gülşən Behbudlu “Qarabağın qarabəxtliləri” kitabına görə “2010-cu ilin qadın yazarı”, Müşfiq Xanın “Tənha canavar” bədii-detektiv romanı “2010-cu ilin detektiv kitabı”, Zərifənin “Ülviyyət yuvası” poetik toplusu “2010-cu ilin şeirlər kitabı”, Nailə İbrahimovanın “Ürəklə söhbət” poetik toplusu “2010-cu ilin ədəbi uğuru”, M.F.Axundov adına Milli Kitabxana “2010-cu ilin kitabxanasi” nominasiyasında mükafat qazanıb.

“2010-cu ilin İncəsənət kitabı” nominasiyasında milli sənətimizin tədqiqatçısı, dosent Vidadi Muradovun Azərbaycan, rus və ingiliscə buraxdığı “Azərbaycan xalçaları: Qarabağ qrupu” albom-tədqiqatı qalib gəlib. Kitab Heydər Əliyev Fondunun dəstəyi ilə, “Azər-İlmə” MMC tərəfindən nəfis şəkildə çap edildiyinə, “Azərbaycan xalçaları: bütün məktəbləri” kulturoloji layihəsi ilə ölkəmizdə və beynəlxalq aləmdə milli xalçaçılıq sənəti barədə dəyərli tədqiqata, yüksək poliqrafik keyfiyyətdə nəşrinə, incəsənət ədəbiyyatı sahəsini zənginləşdirdiyinə görə Milli Kulturoloji Mükafata layiq görülüb.