Qənirə Paşayeva da Kazandan danışdı

qenire-pasayeva-da-kazandan-danisdi-
Oxunma sayı: 837

Millət vəkili Rusiya prezidentinin iştirakı ilə keçirilən Kazan görüşünün nəticəsiz qalmasını Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe ilə izah edib. Q. Paşayeva bildirib ki, bu görüş bir daha göstərdi ki, ərazisinin 20%-i erməni işğalı altında olan, 1 milyondan artıq qaçqın və məcburi köçkünə malik Azərbaycanın münaqişəni sülh yolu ilə həll etməyə çalışmasından fərqli olaraq, Ermənistan tərəfi münaqişənin həlli istiqamətində hər hansı bir addımın atılmasında maraqlı deyil, əksinə bu münaqişənin həllinin yubadılmasına çalışır. Digər tərəfdən, münaqişənin həllində 18 ildən artıq bir müddət ərzində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana qarşı heç bir təzyiq göstərməməsi də bu münaqişənin həllinə öz mənfi təsirini göstərir.

Millət vəkili, habelə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Qənirə Paşayeva 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı danışıb. Millət vəkili Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsi, bu gün də onlarla azərbaycanlının Ermənistanda əsir və girov saxlanılması barədə də məlumatlar verib.

Nərgiz Ehlamqızı