Qənirə Paşayeva partiya sədrləri ilə görüşür

qenire-pasayeva-partiya-sedrleri-ile-gorusur-
Oxunma sayı: 702

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Makedoniyaya səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Türk Milli Birlik Hərəkatının rəhbəri, millət vəkili Ərdoğan Saraç və partiyanın üzvləri ilə görüşüb. Qeyd edək ki, Ərdoğan Saraçın rəhbərlik etdiyi Türk Milli Birlik Hərəkatı iyunun 5-də keçirilən parlament seçkilərində iştirak etmişdi və partiyanın sədri Ərdoğan Saraç millət vəkili seçilib.

Millət vəkili Qənirə Paşayeva Türk Milli Birlik Hərəkatının rəhbəri Ərdoğan Saraçı qazandığı qələbə münasibəti ilə təbrik edib və uğurlar arzulayıb.
Millət vəkili partiya üzvləri ilə görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları barədə ətraflı məlumatlar verib. Millət vəkili təkcə 20-ci əsrin sonunda deyil, 20-ci əsrin əvvəllərində də erməni terror təşkilatlarının, erməni silahlı dəstələrinin dinc azərbaycanlılara, Azərbaycan türklərinə qarşı soyqırımlar törətdiyini onların diqqətinə çatdırıb. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Millət vəkili Azərbaycan həqiqətlərinin Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində Türk Milli Birlik Partiyasının öz səylərini daha da artıracağına inandığını da deyib. Qənirə Paşayeva onlara Azərbaycan həqiqətlərinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycana dəvət edib.

“Azərbaycanın dərdi bizim dərdimizdir”, - deyən Ərdoğan Saraç Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının və soyqırımların Makedoniya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində gördükləri işləri bundan sonra daha da sürətləndirəcəklərini bildirib. O deyib ki, bir millət vəkili kimi o da bu məsələni daim gündəmdə saxlayacaq. O, böyük məmnuniyyətlə Azərbaycana səfər etmək istədiyini və həm ölkələri, həm də Azərbaycan türkləri ilə Makedoniya türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində böyük imkanları nəzərə alaraq ikitərəfli səylərin daha da artırılmasının vacibliyini vurğulayıb. Ərdoğan Saraç Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində öz səylərini bundan sonra daha da artıracaqlarını bildirib.