Qənirə Paşayeva Türk kökənli millət vəkili ilə bir arada - Foto

qenire-pasayeva-turk-kokenli-millet-vekili-ile-bir-arada-foto
Oxunma sayı: 708

“Qafqazinfo”nun məlumatına görə, görüş zamanı millət vəkili Mehmet Kaplana Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi illərində Ermənistanın etnik təmizləmə siyasəti apararaq 200 mindən çox azərbaycanlını Ermənistandan öz tarixi ata-baba yurdlarından, torpaqlarından zorla çıxarması, Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, qəbiristanlıqları dağıtmaları, dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımılar, Xocalı, Qaradağlı, Bağanıs Ayrım soyqırımları, rəsmi İrəvanın 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki öz evinə, öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar vermişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, yəni Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin rəsmi İrəvan tərəfindən indiyə qədər yerinə yetirilməməsi barədə də danışan millət vəkili ATƏT-in Minsk qrupunun üzvü kimi İsveçin də Dağlıq Qarabağ probleminin ədalətli həllində səylərini artırmasının vacibliyini diqqətə çatdırıb.

Millət vəkili Qənirə Paşayeva Mehmet Kaplana Dağlıq Qarabağ problemi ilə bağlı qətnamə layihəsi hazırlayaraq İşveç parlametinə təqdim etməsinə görə Azərbaycan, azərbaycanlı qaçqın və məcburi köçkünlər adından təşəkkürünü bildirib. Mehmet Kaplan Azərbaycan torpaqlarının hələ də Ermənistanın işğalı altında olması, 1 milyon insanın öz ev-eşiyinə dönə bilməməsinin böyük bir ədalətsizlik olması, buna son verilməsi üçün beynəlxalq ictimayyətin öz səylərini artırmalı olması və bu istiqamətdə Azərbaycana əlindən gələn dəstəyi göstərməkdə davam edəcəyini vurğulayıb.

Görüş zamanı müxtəlif coğrafiyalardan İsveçə gələrək bu ölkədə yaşayan Türklər, onlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Millət vəkili Qənirə Paşayeva Mehmet Kaplana həmçinin Azərbaycanın inkişafı, xarici siyasəti, Avropaya inteqrasiya istiqamətində görülən işlər barədə də məlumatlar verib və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Millət vəkili Mehmet Kaplana Azərbaycanın tarixi, Qarabağ həqiqətləri, Azərbaycanın mədəniyyəti, musiqisi ilə bağlı kitablar və materiallar da təqdim edib. Azərbaycan-İşveç Parlamentlərarası əlaqələrin inkişafının vacibliyinə xüsusi toxunan millət vəkili Qənirə Paşayeva Mehmet Kaplanı Azərbaycana dəvət edib. İndiyə qədər Azərbaycanda olmadığını deyən Mehmet Kaplan Azərbaycana gəlməkdən məmun olacağını deyib.