Qənirə Paşayevadan Avropa Şurası qarşısında dörd - tələb

qenire-pasayevadan-avropa-surasi-qarsisinda-dord-teleb
Oxunma sayı: 825



Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasında çıxış edib. Millət vəkilinin “Qafqazinfo”ya verdiyi məlumata görə, o, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edib: “Avropa Şurası Parlament Assableyasının qəbul etdiyi 1416 saylı qətnamədə də vurğulanır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və işğal etdiyi torpaqlardan geri çəkilməlidir. Amma Ermənistan nəinki Avropa Şurası və BMT qətnamələrini yerinə yetirmir hətta Avropa Şurasının bütün çağırış və tələblərinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı və dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikasında seçkilər keçirir. Sentyabrın 18-də işğal etdikləri Azərbaycan torpaqlarında keçirdikləri bələdiyyə seçkiləri nəinki beynəlxalq hüquqa, BMT, ATƏT və Avropa Şurasının bu məsələ ilə bağlı qəbul etdiyi qətnamələrə ziddir eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gedən çox həssas danışıqlar prosesinə də ciddi bir zərbədir və bölgədə vəziyyəti daha da gərginləşdirib. Assambleyamız bu kimi halları kəskin pisləməklə yanaşı Ermənistandan bu kimi addımların dayandırılmasını ciddi şəkildə tələb etməlidir”.

Türkiyədə keçirilən seçkilərə gəlincə isə millət vəkili qeyd edib ki, seçkilər Avropa standartlarına uyğun şəkildə həyata keçdi və Türkiyənin assambleyamızdakı yeni nümayəndə heyətinə fəaliyyətlərində uğurlar arzulayıb: “ Biz müşahidə missiyası üzvləri olaraq Türkiyədə olduğumuz zaman görüş və müzakirələr zamani bir daha gördük ki, Türkiyəni və onun insanlarını narahat edən ən böyük problem terrordur. Biz Terrora qarşı mübarizədə, minlərlə günahsız insanı qətlə yetirən terror təşkilatı ilə mübarizədə assambleya və üzv ölkələr olaraq Türkiyəyə dəstəyimizi daha da artırmalıyıq. Son günlər terror qurbanı olan günahsız insanların sayının artması biz ciddi narahat etməlidir”.

İranda insan haqlarının kütləvi pozulmasına münasibət bildirən Q.Paşayeva bundan ciddi narahatlıq duyduğunu və təşkilatın buna öz etirazını bildirməsinin vacibliyini qeyd edib: “YUNESKO-nun siyahısında olan Urmiya gölünün qurumasına ölkə rəsmilərinin laqeyd, biganə münasibətinə qarşı dinc şəkildə öz sosial və ekoloji tələblərini irəli sürən 100-lərlə günahsız azərbaycanlının həbsxanalara salınması, işgəncələr verilməsi, onların ailələrinin təqib olunması, dinc etiraz aksiyasında iştirak edənlərə qarşı həyata keçirilən amansız işgəncələr hamimizi ciddi narahat etməlidir”.

“Mən Ermənistanla sərhəd bölgələri təmsil edirəm. Bu ilin iyul ayında 13 yaşlı bir qız uşağı, Aygün Şahmalıyeva Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilib. Assamleyamız kiçik yaşlı uşaqlara qarşı həyata keçirilən bu cür cinayətlərə susmamalıdır. Aygünün ailəsi sizdən etiraz səsinizi ucaldacağınızı və bu hadisəni törədən cinayətkarların cəzasını alması istiqamətində səylərinizi artıracağınızı gözləyir”.