“Qərargaha gələndə üç-dörd dəfə sürüşüb yıxıldım” – Müsahibə

qerargaha-gelende-uc-dord-defe-surusub-yixildim-musahibe
Oxunma sayı: 655





Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Qafqazinfo”ya müsahibəsi:


- Bakıya yağan qar ciddi problemlər yaratdı. Bunun səbəblərini nə ilə izah edərdiniz?

- Bu gün Azərbaycanın paytaxtı olan Bakı şəhəri yiyəsiz vəziyyətdə qalıb. Hacıbala Abudalıbov ya ictimai rəyi saymır, ya da özünü qoyub dəli oğlanlığa Azərbaycan xalqının ah-naləsini görünür onun qulağına çatmır. Ona görə ki, onun yeri rahatdır, istidir və yətərincə varı-dövləti var. Bir tərəfdən var-dövlətdən gələn istilik onu qoruyur, bir tərəfdən də onun özünə olan arxayınçılığı, onu himayə edənlərə olan arxayınçılığı Bakıda 2 santimetr qar yağan kimi hər yer buzlaşır. Xalq Bakıda böyük əziyyət çəkir. İki, üç gün bundan əvvəl, qar yağan ərəfədə mən Hacıbala müəllimin binasının qabağından keçdim. Bir adam ki, öz binasının qabağını təmizlədə bilmir, onun orada oturmağa mənəvi haqqı yoxdur. Azərbaycana yağan qar Bakı şəhərinin rəhbərinin bir daha iç üzünü açıb göstərdi. Bu adam ölkə rəhbərinə baş-qaxıncıdır. Belə adamlar çoxdur. Millətin dayanacaqlarda saatlarla qalması, sürüşüb yıxılması, Bakının küçələrində gölməçələrin yaranması... Yaxşı Hacıbala Abutalıbova milyardlarla pul ayrılıb ki, yeni texnika alsın, bəs hanı? Görmürlər ki, Bakıda həyat donub? Elə bütün rayonlarda da həyat donub. Biz çətinliklə partiyamızın qərargahına gəlib-gedirik.

- Bu gün necə, evdən çıxıb gələ bildinizmi?

- Çox böyük çətinliklə gəldik. Partiyaya gələn kimi yolda yalan olmasın üç-dörd dəfə sürüşüb yıxılmışam. Az qalmışdı maşının təkərini altına düşək. Bu gün Bakıda işıqforlar işləmir, maşınlar bilmir hansı xəttin üstü ilə sürsün. Çox çətinliklə olsa da biz işimizin başındayıq. Onlardan fərqli olaraq biz millətin dərdini çəkən insanlarıq. Bizə ağır gəlir ki, biz xalqımızın, millətimizin bu halına yardımçı ol bilmirik. Bu gün saat 3-də partiyanın Bakı şəhər təşkilatlarının yığıncağı keçirilməlidir. Əlbəttə ki, hava imkan versə, qərargaha gələ bilsələr. Elə rayon var ki, evdən çıxmağa imkan yoxdur. Məsələn, Yasamal rayonunda, Qaradağ rayonunda vəziyyət çox pisdir.

Paytaxta milyonlar yox, milyardlar ayrılıb. Bu milyardlar Bakının yaşıllaşdırılmasıdır, Bakının küçələrini düzəldilməsidir, təmizlənməsidi, hamısına milyardlar ayrılıb. Hacıbala da “bu milyardları mənə verirlər və sonra alırlar, adı mənim üstümdə qalır” deyə şayiələr yayır. Bu gün Bakı Şəhərinin İcra Hakimiyyəti öz işinin öhdəsindən gələ bilmir. Azərbaycanda ciddi kadr islahatları aparılmalıdır. Bu gün Bakı şəhərinin icra hakimləri heç olmasa öz ətraflarındakı yolları təmizləsinlər, maraqlansınlar sakinlərin suyu var ya yoxdur. Sanki Azərbaycan xalqının narazıçılığına, ah-naləsinə fikir verən yoxdur. Ölkənin rəhbərinə onlar yalan məlumat verirlər. Aeroport yolu, cənab prezidentimizin qaldığı yollar o tərəfdən keçir. Hətta o yol da təmizlənməyib. O ayrılan milyardların bir milyonunu qoysalar Bakıya istəyir yarım metr qar yağsın yenə də heç nə olmaz. Düşünürəm ki, xalqın narazılığı şəxsən birinci şəxsin özünə çatsa, çox ədalətli bir qərar qəbul edər. Çünki o, çox ədalətli bir adamdı, xalqının bu günkü vəziyyətinə heç vaxt dözə bilməz. Təəssüflər olsun ki, ölkə başçısını da hər şey əladır deyib onu arxayın salırlar. Bilirsiniz bu qədər ədalətsizliyə düzməyə insanların hövsələsi qalmayıb. Sözünü deyir, amma yuxarılara çatmır. Belə bir ögey münasibət yaranıb. Onlar elə şərait yaradıblar ki, dövlət başçısının xalqın ah-naləsindən xəbəri yoxdur.

- Azərbaycanda 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı nə düşünürsüz? Artıq bəzi şəxslər iddialar irəli sürüb. Rəsul Quliyev prezident seçiləcəyini bildirib.

- Azərbaycandakı siyasi qüvvələrin, ictimai-siyasi təşkilatların, partiya sədrləri ilə əlaqə yaranmalıdır. Rəsul Quliyevin də mənəvi haqqı var ki, Azərbaycan vətəndaşıdır, gəlsin öz fikrini bildirsin. Amma təəssüf ki, Rəsul Quliyevin Azərbaycana buraxılmasına icazə verilməyəcək. Bu gün biz çalışmalıyıq ki, Azərbaycanda seçkiyə qədər demokratik mühit yaradaq. Beş dəqiqəlik televiziya çıxışı ilə biz seçkiyə gediriksə, bu seçkiyə getməyə dəyməz. Bu günki ictimai-siyasi mühit icazə vermir ki, Azərbaycanda normal demokratik seçkilər keçirilsin. Bunu bütün dünya bilir. Hər halda seçkilər gəlib qapımızı döyüb, bütün qüvvələr prezident seçkilərinə start verib. Bizim partiyamızda, yaxın günlərdə seçki qərargahı yaratmaq fikrindəyik. Növbəti prezident seçkilərində mən yenə namizədliyimi verəcəyəm. Biz çalışırıq ki, ölkədəki antidemokratik qanunlar ləğv edilsin. Demokratik islahatlar olmasa 2013-ci il çox ağır keçəcək və hətta inqilabla nəticələnəcək. Prezident seçkilərinə bir il qalmasına baxmayaraq, Azərbaycandakı bütün siyasi partiyalar aktivlik göstərir. Düşünürəm ki, 2012 və 2013-cü illər bizim üçün ağır olacaq. Buna görə də biz çox ciddi şəkildə ölkədə fəaliyyət göstərən ictimai-siyasi təşkilatlarla sıx əməkdaşlıq qururuq, danışıqlar aparırıq. Müəyyən inteqrasiyalar var ki, bloklar yaransın. Ölkədə demokratik şərait yaranması üçün bütün siyasi partiyalar köməyini əsirgəməməlidir. Bu olduğu halda seçkilərə gedib qalib gəlmək şansını çox yüksək dəyərləndiririk.

- Neçə dəfə prezidentliyə namizəd olmusunuz?

- İki dəfə namizədliyimi vermişəm, üçüncü dəfə də verəcəyəm.

- Növbəti seçkilərdə başqa namizədi dəstəkləmək fikriniz yoxdur?

- Heç kimi. Müasir Müsavat Partiyasının qurultayında səsvermə keçiriləcək, mənim namizədliyim irəli sürüləcək və prezident seçkilərində axıra kimi iştirak edəcəyəm. Hal-hazırda İctimai Palatada demokratiya uğrunda bir hərəkat yaratmaq qarşıya məqsəd qoyulub. Ola bilər ki, orada müəyyən seçimlər olsun, ola bilər ki, ölkədəki bütün demokratik qüvvələrin vahid mərkəzdən seçmək ideyası görsək ki, reallaşıb Kölgə Kabineti və gələcəkdə hökumətin təmsil olunma məsələləri ortaya çıxdığı halda bütün məsələlər danışıqlar predimeti olacaq. Mən namizədliyimi verəcəyəm, xalqımızı bu böhranlı vəziyyətdən, Dağlıq Qarabağ məsələsinin həllində bütün güc mənim üzərimə düşəcək və mən bu yolda böyük işlər görə bilərəm. Bu günə kimi topladığım təcrübələr qələbə qazanmağıma kömək edəcək. Bundan öncəki seçkilərdə müəyyən mənada başqalarının fikirlərini ifadə etmişik. Ancaq bu dəfə özümüzün prezident olması üçün çalışacağıq.


- Siz hansı şərtlərlə İsa Qəmbərin namizədliyini dəstəkləyə bilərsiniz?

- İsa Qəmbərin namizəd olub-olmayacağı hələ bilinmir. Hələ nə İsa bəyə, nə Əli bəy namizəd olacaqlarını demir. Tək Rəsul Quliyev deyib ki, mən prezidentliyə namizədliyimi verəcəyəm və qalib gələcəyəm. Bizim Əli bəylə də, İsa bəylə də, Rəsul bəylə də şəxsən olmasa da ərafında olan adamlarla mütəmadi danışıqlarımız var. Yenə deyirəm bu gün ölkədə demokratik şərait yaranmasa İsa bəyin də, Əli bəyin də namizədliyini irəli sürməsinin əhəmiyyəti olmayacaq. Qarşımıza qoyduğumuz əsas məqsəd demokratik seçki mühiti yaratmaqdır. Soyuq aylar keçsin bu proses başlayacaq və sürətlə inkişaf edəcək.