Qərargahdan FHN-ə sərt ittihamlar

qerargahdan-fhn-e-sert-ittihamlar
Oxunma sayı: 692

“Qafqazinfo”nun məlumatına görə, bunu “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev deyib. O bildirib ki, daşqınlardan zərərçəkənlərin hüquqlarının müdafiəsi ilə bağlı indiki halda müsbət danışmaq mümkün deyil. Koordinator deyib ki, bu ilin may ayının 24-də “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının təşəbbüsü ilə keçirilən 2-ci Ümumrespublika Kür Forumunda çıxış edən Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli nümayəndəsi Elxan Əsədov bildirmişdi ki, ötən ilki daşqınlarla bağlı problemlərin araşdırılması, qəzalı olduğu vətəndaş tərəfindən iddia olunan evlərə təmsil etdiyi nazirlik “Kür” Qərargahının iştirakı ilə birgə baxış keçirməyə hazırdır: “Bunun üçün vətəndaşlar “Kür” Qərargahına müraciət etsinlər. Biz Qərargahın təqdim etdiyi evlərə onlarla birgə baxış keçirəcəyik”. O. Gülalıyev deyib ki, bu bəyanatın üstündən 1 aydan çox vaxt keçsə də heç bir real addım yoxdur: “Ötən ilki daşqınların təsirinə məruz qalmış bölgələrdən bizə təkcə İmişlidən son 2 ayda 200-dən artıq müraciət daxil olub. Biz keçən ay - iyun ayının 02-də İmişlidə 38 evə baxış keçirdik. Bu evlərin əksəriyyəti yaşayış üçün yarasız vəziyyətə düşüb. Evlərin ünvanını və sahiblərinin adlarını qeyd edərək hazırladığımız siyahını FHN-ə təqdim etdik. Təəssüf ki, bir aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də bizim sorğuya rəsmi cavab verilməyib. Təbii ki, bu bizi narahat edir. Digər tərəfdən dövlət başçısının 05 may 2011-ci il tarixdə Sabirabad, Saatlı, İmişli və digər rayonlara səfərindən, eləcə də daşqın bölgəsində mövcud problemlərin həll olunacağına dair onun tərəfindən verilən tapşırıqlara baxmayaraq vəziyyət yaxşılaşmaq əvəzinə getdikcə pisləşir. Bizdə olan məlumata görə onun səfərindən ötən 2 ay ərzində həmin bölgələrdə bir dənə də olsun ev tikilməyib, insanlara kompensasiya verilməyib. Bu gün yüzlərlə insan ədalətli kompensasiya və evlərinin tikilməsini gözləyir. İşin dəhşətli tərəfi odur ki, daşqınlardan bir il ötür, amma hələ elə insanlar var ki, onlar dəyən ziyana görə kompensasiya almayıblar. Bir sıra bölgələrdə, o cümlədən İmişlidə evlərin tikintisi zamanı ayrı-seçkiliyə və korrupsiya hallarına yol veriblər. Təəssüf ki, dövlət vəsaitinin mənimsənilməsi ilə müşayiət olunan bu kimi cinayət hallarına görə hələ bir nəfər də olsun məsuliyyətə cəlb olunmayıb. Əksinə dövlət başçısının fəlakət bölgəsinə səfərindən sonra belə vəziyyət düzəlmək əvəzinə, əksinə getdikcə pisləşir. Narazı insanların sayı artır. Bu vəziyyət bir daha onu göstərir ki, bəzi məmurların gözünü korrupsiya və harınlıq o qədər örtüb ki, artıq onlar dövlət başçısının sərəncamlarını və dövlətin ali qanunlarını, insani dəyərləri belə saymırlar”.

Bütün bunlara baxmayaraq, öz fəaliyyətlərini davam etdirdiklərini, mülkiyyət hüquqları tapdanan insanların hüquqlarını sona qədər müdafiə edəcəklərini bildirən Oqtay Gülalıyev son günlər bölgələrdə “Kür” Qərargahının üzvlərinə qarşı həyata keçirilən təzyiqlərin yerli hakimiyyət nümayəndələrinin etdikləri əməllərə görə keçirdikləri narahatlığın əlaməti kimi qiymətləndirib.