Qərəz, tərcümə xətası, yoxsa?...

qerez-tercume-xetasi-yoxsa
Oxunma sayı: 671

Və dərc etməklə qalmadılar, ictimai müzakirələrə də səbəb oldular. Çünki yazının ana dilimizdə təqdim edilən variantı həqiqətən ölkəmizlə bağlı ciddi rahatsızlıq doğura biləcək qədər idi. Ancaq, deyəsən, məsələ heç də elə deyilmiş.

Mənim bir vərdişim var. Hər hansı xarici ölkə mediasında Azərbaycanla bağlı material yayımlandığı haqda milli media qurumlarımız xəbər verəndə dərhal həmin yazının orijinalını tapıb oxuyuram ki, bəzən tərcümə xətası, bəzən də açıq qərəz üzündən birilərinin məni bir oxucu kimi yanıltmasına yol verməyim. Bu dəfə də belə etdim. “Financial Times” qəzetinin 19 avqust 2012-ci il tarixli sayında “Putting Azerbaijan on the investment map” (ft.com/intl/cms/s/0/9103bc5e-e244-11e1-8e9d-00144feab49a.html#axzz24GnX6EHA “Azərbaycanı yatırım xəritəsi üzərinə yerləşdirmək”) adlı yazını tapıb oxudum. Yazının Azərbaycan mediasında yayımlanan variantı ilə orijinalı arasındakı təzad, az qala adamın gözünə girirdi. Heyrət etdim! Yəni bu qədər nüfuzlu bir beynəlxalq media qurumunun yazısını özünə hörmət edən media qurumları necə yanlış təqdim edə bilər axı? Beləliklə, hər şeyi sırasıyla təqdim edirik.

Yazının adı orijinaldan tərcümədə “Azərbaycanı yatırım xəritəsi üzərinə yerləşdirmək” kimi verilə bilərdi. Ölkə mediasında isə bu “Financial Times: Afrikada investisiya mühiti Azərbaycandan yaxşıdır” (azadliqradiosu.az/content/article/24682435.html “Financial Times: Investment environment in Africa is better than in Azerbaijan”) kimi təqdim edilib. İddia edilə bilər ki, yazı tam olaraq tərcümə kimi deyil, daha çox xülasə kimi təqdim edildiyi üçün başlıqla bağlı sərbəst seçim hüququndan istifadə edilib. Yolveriləndir. Yalnız bir halda: əgər yazının içərisində belə bir ifadə yer alıbsa.

Biz yazının ingiliscəsini dəfələrlə oxuduq, belə bir ifadəyə rast gəlmədik. Ancaq Azərbaycan variantında buna bənzər bir ifadə yer alıb: “Adamlar Afrikaya gedirlər, burada daha yaxşı investisiya mühiti, daha yaxşı siyasi mühit, Orta Asiyada isə daha yüksək təhsil var”. Bu ifadəyə güvənsək, başlıqla bağlı heç bir iddiamız ola bilməz. Amma və lakin “Financial Times” heç də elə yazmırmış. İngiliscə bilənlər buyurub şəxsən özləri bunu müqayisə edə bilərlər: “People go to Africa, but we see better valuations, a better investment environment, better political development and higher levels of education in central Asia”. Tamam fərqli, həm də Azərbaycanın xeyrinə olan bir fikirdir. Düzgün tərcüməsi isə belədir: “Adamlar Afrikaya gedirlər, ancaq biz Orta Asiyada daha yaxşı dəyərləndirmələr, daha yaxşı yatırım mühiti, daha yaxşı siyasi inkişaf və daha yüksək təhsil səviyyəsi görürük”. Şərh vermədən yalnız bir şeyi qeyd etməyi zəruri hesab edirik ki, Qərb ölkələrinin ekspertləri çox zaman Azərbaycanı da Orta Asiya ölkələri sırasında görür və bu qarşılaşdırmada təbii ki, söhbət ölkəmizdən gedir.

Afrika qarşılaşdırmasıyla bağlı daha bir yanlışa da növbəti tərcümədə yol verilib: “Səhm sərmayəsi imkanları ancaq özəl sektorda mümkündür. Ancaq o da var ki, Afrika bazarlarının çoxu bu sahədə daha çox diqqət çəkib”.

Halbuki orijinalda belə deyilir: “Equity investment opportunities therefore lie on the private equity side. But this is also true of many African markets, which have attracted more attention”. Bunun ən doğru tərcüməsi belədir: “Buna görə də səhm yatırım imkanları özəl kapital tərəfindədir. Ancaq bu hal daha çox diqqət cəlb etməsi baxımından bir çox Afrika bazarları üçün də keçərlidir”.

Göründüyü kimi söhbət “Afrika bazarlarının daha çox diqqət çəkməsindən” deyil, Azərbaycanda mövcud olan bir halın yaxşı mənada “Afrika bazarları üçün də keçərli” olmasından gedir.

Yaxud da belə bir tərcüməyə rast gəlirik: “Azərbaycanın diqqətdən kənar qalmasının bir səbəbi də odur ki, sərmayəçilər eyni qiymət təklif olunan daha yaxşı bazarlara gedirlər”. Əslində isə buradakı fikir də fərqlidir: “One reason Azerbaijan gets overlooked is that investors believe there are better frontier markets fish to fry, at an equally good price”. Tərcüməsi: “Azərbaycanın diqqətdən kənarda qalmasının bir səbəbi də odur ki, yatırımçılar eynən yaxşı qiymətlə daha yaxşı sərhəd bazarlarının olduğuna inanırlar”. Yəni söhbət gerçəkdən daha yaxşı bazarların olmasından deyil, bilgisizlik və ya hər hansı başqa bir səbəb üzündən belə bir inamın olmasından gedir.

Yazının Azərbaycan variantında ilk baxışdan nəzərə çarpmayan daha bir yanlışlıq var: “Ancaq «Eurovision» həmçinin yanlış reklama səbəb oldu. «Azərbaycan üçün Beynəlxalq Tərəfdaşlıq Qrupu» bu imkandan istifadə edərək pozulan insan haqlarına diqqət çəkdilər”. İngilis dilində bu fikir belə ifadə edilib: “But Eurovision also brought the wrong kind of publicity. The International Partnership Group for Azerbaijan used the opportunity to draw attention to alleged human rights abuses”. Tərcüməsi: “Ancaq “Avroviziya” yanlış bir reklama da səbəb oldu. “Azərbaycan üçün Beynəlxalq Əməkdaşlıq Qrupu” iddia olunan insan haqları pozuntularına diqqəti çəkmək üçün imkandan istifadə etdi”. Buradakı fərq ondan ibarətdir ki, “Financial Times” öz yazısında insan haqları pozuntuları haqqında qəti fikir söyləmir. Halbuki tərcümədə bu qəti fikir olaraq yer alır və təbii ki, “Financial Times” kimi nüfuzlu bir qəzetin ayağına yazılır.
Ümumilikdə Azərbaycan haqqında müsbət tutumu ilə seçilən bir yazının bizim media qurumları tərəfindən tərcümə xətası və ya qərəz üzündən mənfi şəkildə təqdim edilməsi heç də etik deyil. Yazının orijinalını oxuduqca anlaşılır ki, bu ölkədə ciddi iqtisadi sıçrayışlar var və önümüzdəki beş il ərzində bu sıçrayışlardan qeyri-adi müsbət sonuclar gözləmək olar. Sonda o da vurğulanır ki, “bölgə ölkələri ilə müqayisədə əldə edilən tərəqqi təsir edicidir” (“If you compare it to some other countries in the area, the progress made is impressive.”). Bu isə ondan xəbər verir ki, “Financial Times”ın yazarının amacı heç də Azərbaycanın Afrika ölkələrindən geri qaldığını sübut etmək deyil, əksinə, Afrika ölkələrindən daha yaxşı yatırım imkanlarının olduğunu vurğulamaqdır.

Bizimsə mövzuya toxunmağımız söz və mətbuat azadlığı imkanlarından sui-istifadəyə diqqət çəkməkdir. Əgər ölkəmizdə normal azad bir mühitin formalaşmasını istəyiriksə, mətbuatın doğrudan da güvənilir qaynağa çevrilməsinə çalışırıqsa, yeri gəldi-gəlmədi siyasi rəqiblərimizi gözdən salmaqdan ötrü bu cür “yanlış” tərcümələrə də yol verməməliyik. Jurnalist və media qurumları olaraq bizim ən başlıca prinsipimiz etik çərçivədə davranmaq olmalıdır ki, buna əməl etməyi bacaranlar hər zaman sayğıya layiqdir.