Qeyri-ənənəvi cinsi əlaqə

qeyri-enenevi-cinsi-elaqe
Oxunma sayı: 6604

Siz də mənim qardaş-bacılarım, belə anma mərasimlərində həmişə darıxmışam. Nədən ki, tanımadığın bir adamın yubileyində olsan bilmərrə onun haqqında doğru-dürüst təsəvvür yaranmayacaq səndə. Məclisin duzu ya həddindən artıq çox olacaq, ya da heç olmayacaq!
Ama bəzi istisnalar olur həyatda…
Məsələn, bir dəfə rəhmətlik Eldar Baxışın anım gününə gəlmişdik. Mərhum şair sağlığında bir az “nadinc” olduğundan, AYB rəhbərliyindən bir kimsənə görünmədi Natəvan klubunda. O vaxt çox cavan idim və avamlıqla parıldayan xurmayi gözlərimi klubun karvansara darvazası kimi sağa-sola sürüşərək açılan qapısından çəkə bilmədim.
Bu, sayğısızlıq şairin qohumlarının qəlbinə yaman dəydi!
Axı Eldar ölmüşdü və bizim qocamanlar çox yaxşı bilir ki, ölülər “zərərsiz” olur. Üstəlik Eldar faciəvi şəkildə ölmüşdü, itkisi ağır olmuşdu. Tədbirin axırınadək qara yaylıqlı başını qaldırıb bir kimsənin üzünə baxmadan ağlayan həyat yoldaşına iki kəlmə ilə təsəlli vermək bu qədərmi çətin idi?! Nə isə. Görünür Eldarın ölüsü də zərərli idi…
Eynən özünə bənzəyən 14-15 yaşlı oğlu çıxdı 37-ci ildə biri-birini satan yazarlarımızın imzası həkk olunmuş tribunaya. Enli sinəsini irəli verdi və qəribə bir kişi ədasıyla dedi: “Mən atamın bir şeirini oxumaq istəyirəm!”
Sonra səsi sındı birdən-birə. “Mənim atam…” – duruxdu. “Mənim atam…” - başını aşağı saldı. “Mənim atam…” – qəhər boğdu onu. Boğazını arıtlayıb titrəyən dodaqlarını biri-birinə sıxdı, başını yenidən bayaqkı vüqarla qaldırıb təkrarladı: “Mənim atam…” – alınmadı, qəflətən necə hönkürdüsə, bir anda Natəvan klubunu hıçqırtı götürdü. Kişili-arvadlı biri-birinə qarışdı hamı…

***
2002-ci ildə Azərbaycanda ilk dəfə olaraq Yenisi Sənət Təzahürləri Mərkəzinin təşəbbüsü ilə “Proza N” internet-müsabiqəsi keçirildi. İmzasız təqdim olunan əsərləri həm oxucular, həm də münsiflər seçirdilər. Nəticələr heyrətamiz oldu: bu məmləkətin milli-mentalitetinin, dini və mənəvi dəyərlərinin əleyhinə olaraq üç gənc qalib gəlmişdi – mən, Seymur Baycan və Mehman Musabəyov!
Hamını heyrət içində buraxan bu nəticələrin sirri çox keçmədən açıldı – münsiflər heyətində Sabir Əhmədli vardı. O, nə Elçin kimi ünyetməz, nə Afaq Məsud kimi “dahi”, nə də Kamal Abdulla kimi “hər şeyi dərindən bilən” birisi idi. O, sadəcə Sabir Əhmədli idi (İnsafən Kamal Abdulla bütün yazıları oxumuş, hətta maraqlı bir məqalə də yazmışdı).
Nəticələr Beynəlxalq Mətbuat Mərkəzində elan olunurdu. Sabir müəllim bir-bir qaliblərin əlini sıxır, tanış olur, kimin hansı əsərin müəllifi olduğunu soruşurdu.
Seymur Baycan təqdimata qalxanda Sabir müəllim onunla da tanış oldu, əlini sıxdı, “Sənin əsərin hansı idi?” – deyə sual etdi, Seymur qıpqırmızı oldu. Çünki hekayəsinin adı bir az biədəb idi: “Qeyri-ənənəvi cinsi-əlaqə”. Əsərin adını dedi və daha da qızardı. Hamının eşidib qımışdığı bu kəlmələri Sabir müəllim yaxşı eşitmədi. “Nə?” – deyib başını Seymura bir az da yaxınlaşdırdı. Gənc yazarın üzünün qızartısı daz başına da yayıldı və bayaqkı sözləri bir də təkrarladı: “Qeyri-ənənəvi cinsi əlaqə!”
Zal uğunmağında olsun, siz mənə qulaq asın. Sabir müəllim yenə eşitmədi və bir də sual etdi: “Necə?” Artıq Seymurun başı çəhrayı rəngə çalırdı. Ama özünü itirmədi, əlini ağzına qahmar tutub Sabir müəllimin qulağına yaxınlaşdırdı və az qala qışqırdı: “Qeyri-ənənəvi cinsi əlaqə!!!” Bu dəfə Sabir müəllim güldü, ardınca da Seymur. Zal yenə uğuldadı və qalib dostumuzu alqışladı.
Sabir Əhmədli ilə şəxsi tanışlığım belə başladı. Sonra bir dəfə evində də oldum… Və sizə deyim, Sabir Əhmədli əyilib kamali-ədəblə əlini öpmək istədiyim yeganə ədəbiyyat adamı olub. Ona görə ki, Sabir Əhmədli ilə Azərbaycan sözü az qala sinonimdir. Torpağı düşmən əlində, oğlu Qarabağ şəhidi… Özü də hamıdan istedadlı ola-ola bir az talesiz, bir az unudulmuş, bir az döyülmüş, əzilmiş, haqsızlığa urcah olmuş birisi…
Sizcə şəhid atası ilə xalq yazıçısı adını bir yerdə daşıya bilən neçə kişi tapılar bu məmləkətdə?