Qəzetlərdə nə var, nə yox? – Manşetlər

qezetlerde-ne-var-ne-yox-mansetler
Oxunma sayı: 635

“Azərbaycan” qəzetinin manşeti İlham Əliyevlə gürcüstanlı qonağın görüşü barədə xəbərdir. “Azərbaycan Prezidenti İlham Əliyev Tbilisi şəhərinin meri Qiqi Uqulavanı qəbul etmişdir” başlıqlı xəbərdə görüşün təfərrüatları barədə məlumat verilir.

“Bizim Yol” qəzetinin manşet xəbəri isə metroda gediş haqlarının artması haqqındadır. “Qiymət artımı Metropoliten rəhbərliyi üçün də gözlənilməz olub” başlıqlı yazıda qiymət artımının səbəbləri və ekspert rəyləri yer alıb.

“Kaspi” qəzetinin manşeti isə İran Ayətullahının yazıçı Rafiq Tağının qətlinə münasibət bildirməsi xəbəridir. “İran Ayətullahı yazıçının qətlinə haqq qazandırdır” başlıqlı xəbərdə Məhəmməd Cavad Lənkəraninin qətl haqqında fikirləri yer alıb.

“Yeni Müsavat” qəzetinin manşetində isə Britaniya kral ailəsinin üzvü, Yorq hersoqu Şahzadə Endryünün Azərbaycanda “məxfi səfər”də olması xəbəri dərc olunub. “Britaniyada Azərbaycanla bağlı daha bir qalmaqal” başlıqlı yazıda hadisə ilə bağlı ətraflı məlumat verilir.

“Yeni Azərbaycan” qəzetinin manşet xəbəri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasimi ilə bağlıdır. “Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasimi keçirilib” başlıqlı yazıda prezidentin bu mərasimdə iştirakı və kitabxana haqqında ətraflı məlumat yer alıb.

“Azadlıq” qəzetinin manşeti “ “Guardian” hakimiyyəti qətldə ittiham etdi ” başlıqlı xəbərdir. Xəbərdə Britaniyanın “Guardian” qəzetində yazıçı Rafiq Tağının öldürülməsi ilə bağlı dərc olunan yazı haqqında məlumat verilir.

“Şərq” qəzetinin manşet xəbəri Azərbaycan, Ermənistan və Rusiyanın dini liderlərinin üçtərəfli görüşü barədədir. “Dini liderlər snayperləri geri çəkilməyə çağırır” başlıqlı yazıda görüşün təfərrüatları yer alıb.

“Xalq cəbhəsi” qəzeti “Ayətullahın “təbrik” rəzaləti” başlıqlı manşet xəbərində İran Ayətullahı Fazil Məhəmməd Lənkəranin yazıçı Rafiq Tağının öldürülməsinə reaksiyası yer alıb.

Hazırladı: Fatimə Kərimli