Qəzetlərə göz gəzdirək! – Xülasə

qezetlere-goz-gezdirek-xulase
Oxunma sayı: 669

“Azadlıq” qəzetinin manşet xəbəri Bakı meri Hacıbala Abutalıbov haqqında tənqidi mətn barədədir. “Mehdiyevin meri bitirmək planı” başlıqlı xəbərdə qeyd olunan mətnlə bağlı ətraflı məlumat verilir.

“Azərbaycan” qəzeti manşet xəbər olaraq Rumıniyanın yeni səfirinin qəbul edilməsi xəbərini dərc edib. “Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib” başlıqlı xəbərdə görüşün təffərrüatları yer alıb.

“Xalq Cəbhəsi” qəzetinin isə manşeti “Magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməyəcək” başlıqlı xəbərdir. Yazıda mövzu ilə bağlı millət vəkili Zahid Orucun açıqlaması verilib.

“Ekspress” qəzetinin manşet xəbəri dünyasını dəyişən şagird Namiq Salmanovla bağlıdır. “Şagird nədən öldü?” başlıqlı xəbərdə hadisəylə bağlı Təhsil və Səhiyyə nazirliklərinin açıqlamaları öz əksini tapıb.

“Bizim yol” qəzetinin manşeti “İki şirkət rəhbəri girov götürüldü” başlıqlı xəbərdir. Xəbərdə borca görə baş verdiyi bildirilən hadisənin təfərrüatları və Daxili İşlər Nazirliyinin məlumatı yer alıb.

“525-ci qəzet”in manşet xəbəri isə bələdiyyə seçkiləri xəbəridir. “Bu gün Azərbaycanda növbəti bələdiyyə seçkisidir” başlıqlı xəbərdə seçicilər və namizədlərin sayı, ümumilikdə seçki prosesi haqında məlumat verilir.

“yeni Müsavat” qəzetinin manşet xəbəri “Röyters” agentliyinin Azərbaycanın Mərkəzi Bankı ilə bağlı yaydığı məlumatdır. “Mərkəzi Bankın adı beynəlxalq rüşvət qalmaqalında” başlıqlı yazıda qalmaqalın səbəbləri və təfərrüatları qeyd olunub.

“Yeni Azərbaycan” qəzetinin manşeti “Prezident İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncam imzalayıb” başlıqlı xəbərdir.

“Şərq” qəzeti də manşetdə “Məktəbdə müəmmalı ölüm...” başlıqlı xəbərində dünyasını dəyişmiş şagird Namiq Salmanov haqqında xəbər dərc edib. Yazıda məsələ ilə bağlı Qaradağ rayon Prokurorluğunun məlumatı yer alıb.

“Kaspi”nin “Azərbaycanın inkişaf konsepsiyası hazırlanacaq” başlıqlı manşet xəbərində prezidentin “Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyasının hazırlanması barədə sərənacam”ı haqqında məlumat verilib.

Hazırladı:Fatimə Kərimli