Qızıl medal kimə verildi? - “Sadəcə utansınlar!”

qizil-medal-kime-verildi-sadece-utansinlar
Oxunma sayı: 838

Bu hal bəzi şagirdlərin ürəyincə olsa da, bəzilərini məyus edib. Belə ki, “Qafqazinfo”ya xəbər verən valideyn İsmixan Məmmədov oğlu Rəşad Məmmədlinin hüquqlarının tapdandığını deyib. Oğlunun təhsilini “əla” qiymətlərlə başa vurmasına baxmayaraq, qızıl medala layiq görülmədiyini bildirib: “Oğlum bu il Fizika-riyaziyyat təmayüllü Respublika Litseyini əlaçı kimi bitirib. 9-cu və 11-ci sinif attestat qiymətləri hamısı “əla”dır. Qızıl medala düşürdü. Məktəbdən beş nəfərin adı qızıl və gümüş medal almaq üçün siyahıya düşdü. Lakin oğlumun adı heç siyahıya da salınmadı. Adları siyahıya düşənlərdən biri qızıl medal, qalanları isə gümüş medal aldılar. Halbuki, o uşaqların ilboyu 3-ü, 4-ü olub. Düşünürəm ki, burada başqa səbəblər var. Məktəbin direktoru Tariyel müəllimə də zəng vurub heç nə demədim. Zəif oxuyanlara qızıl, gümüş medalların verilməsini hansı komissiya, hansı meyarlara əsasən verir?! Sadəcə utansınlar!”

Aldığımız məlumata görə, sözügedən litseydə qızıl medal alan şagird məktəb rəhbərliyinin qohumudur.

Qeyd edək ki, “Təhsil haqqında” qanuna əsasən, Nazirlər Kabineti 14 yanvar 2010-cu il tarixli, 8 nömrəli qərarı ilə “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nı təsdiqləyib. Bu qaydalara uyğun olaraq, tam orta təhsil səviyyəsində təhsil alan şagirdlərin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin irəli sürülməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılıb müvafiq qərar qəbul edilir.

Medalla təltifə ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirməklə tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi, illik qiymətlərinin isə hamısı “əla” olan və bunlarla yanaşı, nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlərin namizədliyi irəli sürülür. Obyektiv seçimi təmin etmək üçün həmin şagirdlərin siyahısı Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinə təqdim edilir.

Xatırladaq ki, bir neçə gün öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxtın orta məktəblərini qızıl medalla bitirən şagirdlərin sayını açıqlayıb. BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, bu il Bakı məktəblərini 20 şagird medalla bitirib. Onların hamısı qızıl medal alıb, yəni attestat qiymətlərinin hamısı, o cümlədən TQDK-nın keçirdiyi buraxılış imtahanlarındakı nəticələri “5”dir.

Z. Əliqızı onu da qeyd edib ki, ötən illə müqayisədə bu say daha da artıb. Belə ki, ötən il paytaxt məktəblərini 18 şagird qızıl və gümüş medalla bitirib.

Nigar Məmmədli