“Qoca itbaz”

qoca-itbaz
Oxunma sayı: 664

Pulun varsa, insan kimi yaşamağın sərhədlərini aşıb, yırtıcıya da çevrilə bilirsən... “Neft və milyonlar səltənətində” imkanlı olmağın bir özəlliyi də var ki, bu da “sel gələndə özü ilə çör-çöp gətirər” misalı pulun özü ilə “fitri istedad” gətirməsidir.

Bizim eyş-işrət əhli həm də “yazıçı”dı, “şair”di və hətta “nəğməkar şair”di... Onlar ictimai-siyasi işlərlə yanaşı bədii yaradıcılıqla da məşğul olurlar. Onlar cəmiyyətin həm də “ziyalı” kəsimidi. Kitablarını asanca vərəqləmək mümkün deyil... Nəfis tərtibatlı, toxunmağa adamın heyfi gələn bu kitablar sadəcə kağızı korlamaqda, urvatdan salmaqda; insanları bayağı tərifə-yaltaqlığa sövq etməkdə; mətbuatın, televiziyanın vaxtını bihudə hədər etməkdə... Özünün istedadsız olduğunu bilə-bilə özünü cəmiyyətə yazıçı, şair statusu ilə tanıtmaq ən yaxşı halda abırsızlıqdı... Nə iyrənc bir mənzərə... Kitab nəşr etdirməyə pul tapmayan, yayı-qışı bir ayaqqabı ilə çıxaran, kirayələrdə dizinin üstündə yazıb-yaradan, bir qarnı ac-bir qarnı tox istedad sahibləri isə bu mənzərəni kənardan sakitcə seyr etməkdə... Dəhşətli paradoksdur... Mən yazıçılar tanıyıram ki, millətin üzünü cırmaqlaya-cırmaqlaya “şair”, “yazıçı” olduqlarını qışqıranlara adekvat cavab olaraq susmağa üstünlük verirlər... Yazıçı, şair adından utanır, bu statusu daşımağa xəcalət çəkirlər... Gerçək yazıçı istedaddan başqa hər şeydən məhrumdu: evlidirsə, ailə-uşağın yanında üzüqaradı; subaydırsa, ona qız verən yoxdu... Nə bu ziddiyyət? Dərsliklərə belə yaxın düşmək, yetişməkdə olan nəsilə tanıdılmaq şansları yox!.. Gələcək nəsillər bu dövr üçün yazıçı kimi məsələn, Hüseynbala Mirələmov kimiləri tanısalar, baxın, əsl faciəmiz onda başlayacaq!

Vsevolod Ovçinnikov İngiltərə təəssüratlarını paylaşdığı “Palıd kökləri” adlı kitabında yazıçı olmağın abıra qısılmaq məsələsi olduğunu çox gözəl təsvir edir: “...Ev sahibləri qonaqları bir-biriylə tanış eləyəndə, onların ancaq adlarını söyləyirlər: “Bu-Piterdir, bu-Poldur, bu isə-onun arvadı Meridir”. İşdir, bu vaxt təqdim olunan adam barədə əlavə bir şey deyirlərsə, onda bu əlavə sözlər yumor, zarafat xarakteri daşıyır: “Bu da bizim qonşumuz Con, maşınları yumağın prinsipial əleyhdarı” və ya “İcazə verin, ser Çarlzı sizə təqdim edim. O, Londonda yaşamır, çünki onun İrlandiya cinsindən olan teryeri təmiz havanı daha çox sevir”. Və şübhəsiz, bundan sonra axırıncı it sərgisi, mükafata layiq görülən itin cinsi, sələfləri, küçüklər üçün son vaxtlar televiziya ilə reklam edilən konservləşdirilmiş yemin yeni növü haqda uzun-uzadı söhbət başlanır. Bəlkə ser Çarlz itlərin qonağı o qədər də maraqlandırmadığını hiss edib, soruşsun ki, Rusiyada tazılarla dovşan və tülkü ovuna hələ də çıxan varmı? Yalnız bundan bir neçə həftə sonra o dəfə səni evinə qonaq çağırmış ev sahibi ilə növbəti görüş vaxtı onlarda tanış olduğun “qoca itbazın” Turgenevi son dərəcə gözəl tanıdığını xatırladanda öyrənirsən ki, demə həmin ser Çarlz-məşhur yazıçıymış və təəssüflənirsən ki, onunla ədəbiyyat barədə söhbət eləmək üçün düşmüş bu fürsəti əldən vermisən, çünki o, Londona çox nadir hallarda gəlir.”
Belə-belə işlər...