Qorbaçov Putinə xəbərdarlıq etdi

qorbacov-putine-xeberdarliq-etdi-
Oxunma sayı: 656

Dekabrın 18-də paytaxt Moskva başda olmaqla, ölkənin müxtəlif yerlərində kommunistlərin aksiyaları baş tutub. Moskvanın Manejnaya meydanına toplaşan 5 mindən çox kommunist seçkinin nəticələrinin ləğvini tələb edib. Onlar hökuməti vətəndaşların səslərini oğurlamaqda və kütləvi saxtakarlıqda günahlandırıblar.
Ölkənin ikinci paytaxtı Sankt-Peterburqda da analoji aksiya keçirilib. Baş nazir Putinin doğma şəhərində küçələrə axışan 5 minə yaxın kommunist onun istefasını və yeni seçkilərin keçirilməsini tələb edib. Sankt Peterburqdakı aksiyaya “Ədalətli Rusiya” partiyası və “Yabloko” blokunun tərəfdarları da dəstək veriblər. Etirazçılar seçkilərin nəticələrinin ləğvinə nail olana qədər mübarizə aparacaqlarını bildiriblər.
Ural, Yekaterinburq və Sverdlovsk vilayətlərində də hökumət əleyhinə aksiyalar keçirilib. Mitinqlərə Kommunist Partiyası, “Ədalətli Rusiya” Partiyası və “Yabloko” blokunun tərəfdarları qatılıb. Burada da mitinq iştirakçılarının əsas tələbi 4 dekabr seçkilərinin nəticələrinin ləğvi və yenidən seçkilərin keçirilməsi olub.
Bu arada, Rusiya mətbuatı yazır ki, Kreml etirazların yayılmasını və kütləvi xarakter almasını önləmək üçün konkret addımlar atmağa hazırlaşır. Rusiya hakimiyyəti seçkinin rəsmi nəticələrində dəyişiklik edərək, hakim “Vahid Rusiya”ya yazılan səs faizini azaldacaq. Amma ekspertlər bu addımın etirazların böyüməsinin qarşısını ala bilməyəcəyini düşünür. Onların fikrincə, ilk növbədə seçki sistemi dəyişməli və siyasi azadlıqlara qoyulan qadağalar aradan qaldırılmalıdır.
SSRI-nin son rəhbəri Mixail Qorbaçov “L’Express” qəzetinə müsahibəsində bildirib ki, korrupsiya, insan haqlarının kobud şəkildə pozulması və məmur-oliqarxların özbaşınalığına imkan yaradan Putin hakimiyyəti ölkədə baş qaldırmış narazılığın əsas səbəbidir. O, 4 dekabr seçkilərinin kütləvi saxtakarlıq və qanun pozuntularıyla müşahidə olunduğunu vurğulayaraq, hakim partiyanı bu faktları etiraf etməyə çağırıb. Qorbaçov insanların istək və tələblərinin hökumət tərəfindən qulaqardına vurulmasının ölkədə sabitliyi pozacağını bildirib.
Qorbaçov qeyd edib ki, Putinin yenidən prezidentliyə can atması Rusiya hakimiyyətinin yenilik və dəyişiklikdə maraqlı olmadığını göstərir. Onun sözlərinə görə, yeni siyasi qüvvələrə imkan yaradılmayacağı təqdirdə ölkədə demokratiya və inkişafdan danışmağın mənası yoxdur. Qorbaçov deyib ki, yaxın 5-6 il ərzində ölkə mütləq demokratikləşməli və modernləşməlidir. O, bu işin Putin hakimiyyəti illərində mümkün olmayacağını da əlavə edib: “Putin ölkəni irəli apara bilməz. O, bunu istəmir. Hazırda ölkədə elə vəziyyət yaranıb ki, dəyişikliklərin dinc yolla baş tutması mümkün olmayacaq”.

azadliq.info