“Qoy bu bayram həyatınıza firavanlıq gətirsin!”

qoy-bu-bayram-heyatiniza-firavanliq-getirsin
Oxunma sayı: 711

"Hörmətli həmvətənlər! İsa Peyğəmbərin mübarək mövludu - müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm", - təbrikdə deyilir.

Dövlət başçısı qeyd edib ki, bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən dinlər və etiqadlar əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərib, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgisi, Azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdiriblər.

"Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanması, multikulturalizmin dəstəklənməsi və təşviq edilməsi müasir mərhələdə həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsədlərindən biridir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın zəngin etno-mədəni palitrasında özünəməxsus yeri və rolu olan xristian icması, o cümlədən pravoslav etiqadlı həmvətənlərimiz ölkəmizdə gedən böyük quruculuq işlərində əsl vətəndaşlıq əzmi ilə yaxından iştirak edirlər.

Əziz dostlar! Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin. Bayramınız mübarək olsun!" - təbrikdə bildirilir.