Qoymayın, məni kəsdilər!

qoymayin-meni-kesdiler
Oxunma sayı: 669

İmtahanların test üsulu ilə aparılmasına, bir çoxları tapmaca gözüylə baxır. Bu səbəbdən də ali təhsil almaq arzusunda olanların sayı ildən-ilə çoxalır. Ancaq fərq əmsalı öz işini görür. 11 illik məktəb həyatında nəsə öyrənməyə səy göstərməyən şagird, dövlət imtahanına çox böyük ümidlərlə qatılır. Ümid ya köçürməyə, ya da ağzına nə gəldi yazmağa qalır. Bir sözlə, ağıla yaxşı nəsə gəlmir ki, ona ümid edəsən. Bizdə belə tendensiya formalaşmaqdadır. Hamı bir nəfər kimi ali təhsil almalıdır. Çox maraqlıdır. Niyə hamı oxumaq istəyir? 20 il bundan qabaq əhalinin yalnız 30-40 %-i oxuyub təhsil almaq haqqında fikirləşirdi. Ən ucqar kəndlərimizdə repetitorların dəmir qapısını döymək üçün növbə yaranmırdı. Şagirdlər sinif otaqlarında boş - boşuna vaxt keçirmirdilər, oxuyub nəsə öyrənirdilər. Sırf ali məktəblərdə təhsil alıb diplom əldə etmək üçün yox, savadsızlığa, cahilliyə qalib gəlmək üçün.

Tutalım, 9 milyonluq əhalinin hamısı ali təhsillidir və dövlət idarələrində çalışmaq istəyir. O zaman sağıcı, əkinçi, biçinçi kim olmalıdır? Belə çıxır ki, biz ölkədən ixracı yox, ölkəyə idxalı formalaşdırmış oluruq. Balansı sıfıra endirməklə, dövlətin inkişaf sürətini ləngidə bilərik. Zamanında Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi bu qara camaatın canından zəli kimi yapışan savadsızlığı qoparmaq üçün çox çalışdılar. Bunun üçün məktəblər də açdılar, qəzetlər də buraxdılar. Bu o demək deyildi ki, ziyalılarımız ölkənin kənd təsərrüfatını, xüsusilə, heyvandarlığı, əkinçiliyi sıxışdırmağa qarşı yönəlik addım atmışdılar. Başa düşmürəm. Bəyəm kəndli adam deyil? O kitab, qəzet oxuya bilməz? Bunun üçün mütləq və mütləq ali təhsil almaq lazımdır? Dövlətin həm düşünən beyinə, həm də işləyən ələ ehtiyacı var. Bazar iqtisadiyyatı formalaşandan bir növ düşüncəmiz, ağlımız, beynimiz əmlak bazarında hərraca qoyulub. Qiymətlərdə endirim, qaldırım kampaniyaları keçirilir. Öyrədənlər, öyrənmək istəyənlərə təmənnasız heç nə öyrətmək istəmir. Eyni zamanda, əks cəbhə də nəsə öyrənmək istəmir. Bəziləri savadsızlığı bir parça kağızdan ibarət olan diplomun olmaması ilə ölçür. Halbuki, ətrafımızda o qədər diplomlu savadsızlar var ki...

Nə yazıq ki ad-san, şan-şöhrət, görüntü xətrinə, başıboş, lakin, əlidiplomlu dırnaqarası intelligentlər ildən-ilə çoxalır. Təhsil sistemində yaranan natarazlıq ağıl qıtlığına səbəb ola bilər. Orta məktəbi 40 il bundan qabaq bitirən bir qadınla kənddə tanış oldum. Zəngin dünyagörüşünə malik idi. Sabirabadın ucqar kəndlərindən birində yerləşən, bəzilərinin bəyənməyib heyvan damı adlandırdığı məktəbin dar sinif otaqlarında təhsil almasına baxmayaraq, xalqın kisəsindən kəsib taxtabaş övladlarını ən bahalı məktəblərdə oxudan kişilərin diplomlu uşaqlarından çox fərqlənirdi. Bəlli yaşı olsa belə. Zamanında nə internet olub, nə də mobil telefon. Ortada acınacaqlı fərq etalonu mövcuddur. Kağız-qələmin çox çətinliklə əldə edildiyi dövrün yetişdirdiyi müdrik fikirlilər və informasiya texnologiyalarının sürətli inkişafı zamanı yaranan kütləvi savadsızlıq. İndi çox nadir hallarda ali məktəbdə oxuyan tələbə imtahandan kəsilir. Çünki pulunu verib qiymətini yazdırır. Semestr müddətində tələbələrlə çox səmimi ünsiyyətə girən müəllimlərin əsl sifətini imtahan vaxtı daha yaxından görmək olar. Əvvəla çalış kəsilmə. Vay o günə ki, kəsildin deyəcəklər düzəlməsinə mümkünat tox. Elə ki, ciblərinə pul basdın. Bax, bu başqa məsələ. Deməli, mümkünat var. Əsas odu həyat imtahanından kəsilməyək. “Kəsmək” və “kəsilmək” sözünün bir neçə sinonim variantları mövcuddur. Burnunu kəsdirənlərin sayı, kəsənlərin sayını üstələməkdədir. Məşhur kanadalı basketbolçu Teri Foksun dizindən aşağı sağ ayağı həkimlər tərəfindən, xəstəlik səbəbindən kəsilmişdir, yəni amputasiya olunmuşdur. Qədim zamanlarda başkəsilmə edamı ən mötəbər edam növü hesab olunurdu. Hətta devrilmiş krallar və alicənab aristokratlar bu üsulla edam olunub. Cinayət aləmində başı bıçaqla, baltayla kəsirlər. Gilotin ilk dəfə Fransada ixtira olunub. Bu cihazla baş kəsirlər, daha doğrusu, başı bədəndən ayırırlar. Başkəsənlərin siyahısını tutsaq, həbsxanalarda yer qıtlığı yaranar. İş ondadır ki bu başkəsənlər qanun qarşısında məsuliyyət daşımır. Başı baltayla doğrayıb, bıçaqla kəsənlərə 20-25 il azadlıqdan məhrum edilmə cəzası verildiyi halda, digər başkəsənlərə qarşı heç bir cəza tətbiq olunmur. Onlar daha humanist və obyektiv baş kəsirlər. Bir damcı qan belə yerə düşmür. Bu tibdə ilk nailiyyətdir. Ta qədim zamanlarda fironların, hökmdarların kəsdikləri başların sayı-hesabı olmayıb. Burda qansız əməliyyat öz işini görüb. Başkəsənlərə hər bir yerdə rast gəlmək olar. Onlar bizim dərimizi soyub, sonra başımızı kəsirlər. Hətta qanımızı elə sorurlar ki, qanın yerə axmasına belə ehtiyac qalmır. Bir tikə çörəyin əlində əsir-yesir qalanların boğazını kəsənləri, niyə boğazlarından asmırlar? İstər başkəsən olsun, istərsə də boğazkəsən. Onlar kütləvi surətdə qətliam törədə biləcək iş görmürlər. Onlar Qəddafi kimi, Əsəd kimi qanı meydana axıtmırlar. Onlar daha humanist və daha amansız baş kəsirlər. Nə isə. Qazımızı, işığımızı, suyumuzu, başımız boğazımızı - bir sözlə, hər yerimizi və hər şeyimizi kəsirlər.

Hər il minlərlə abituriyent “qoymayın, məni kəsdilər” deyib bağırır. Bilmədiklərini bildikləri kimi beynimizə yeridənlər, özləri də nə istədiklərini bilmir. Hətta bir çox ailələrdə Məleykə Abbaszadə edam olunub. Vaxtını təhsilə sərf etməyənlər imtahandan kəsiləndə TQDK-nın sədrini günahkar sayır. Sanki Məleykə xanım onların yerinə imtahan verməliymiş. Təhsil bazarında sağlam rəqabət azlıq təşkil edir. Faiz etibarilə, çoxluq qeyri-sağlam rəqabətin üzərindədir. Dünən bir nəfər “qoymayın, məni kəsdilər” deyib imdad diləyirdi.