Quba Olimpiya Kompleksinin rəsmisi həbs edildi

quba-olimpiya-kompleksinin-resmisi-hebs-edildi
Oxunma sayı: 663

Vəkilin dediyinə görə, Akif Əliyev həm də Yeni Azərbaycan Partiyasının üzvüdür: “Onu martın 27-də həbs edib Bakıya gətiriblər. Martın 30-da Nəsimi Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.

Akif Əliyevə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və yə bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham irəli sürülüb”.

Əsabəli Mustafayev bildirib ki, Akif Əliyevin hüquqlarını ilk günlərdə dövlətin təyin etdiyi vəkil müdafiə edib: “Qardaşı gəldi və mənimlə müqavilə bağladı. Aprelin 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə getdim. Quba hadisələrinin istintaqını bu idarə aparır. Amma görüşə icazə vermədilər. Dedilər ki, mən ərizə ilə Baş Prokurorluğa müraciət etməliyəm və orderi göndərməliyəm. Baş Prokurorluq ərizəni və orderi qeydiyyata alıb Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərməlidir. Yalnız bundan sonra görüşə icazə verərlər. Bu isə azı bir həftə vaxt aparır. Heç bir qanunda belə bir tələb yoxdur və bu, qanunaziddir. Azərbaycan qanunlarına və beynəlxalq qanunvericiliyə görə, vəkil istənilən vaxt təqsirləndirilən şəxslə görüşə və istintaq hərəkətlərində iştirak edə bilər. Məni görüşə buraxmadıqlarına görə Akif Əliyevin həbs qərarından apellyasiya şikayəti verə bilmədik. İstintaq orqanı Akif Əliyevin hüquqlarını pozdu”.

Vəkil əlavə edib ki, Akif Əliyevin iki övladı var: “Oğlu hazırda hərbi xidmətdədir, səhhətində yaranan problemlərə görə Gəncə hospitalında müalicə olunur. Akif Əliyevin qardaşı Hacıbaba Əliyev Qarabağ müharibəsində şəhid olub”.

Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev sərəncam imzalayaraq Rauf Həbibovu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.