Quldurluqlar, soyğunçuluqlar, oğurluqlar... – Az olub

quldurluqlar-soygunculuqlar-ogurluqlar-az-olub
Oxunma sayı: 666

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramına və 2011-2012-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı bildirib ki, 1994-cü ildən bu günədək olan dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 40 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən cinayətlərin sayı 11 dəfə azalıb. Axtarışda olan 80 mindən artıq təqsirləndirilən şəxs tutulub, 6 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

R. Usubov bildirib ki, hər il qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədərini böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir. Əhalinin 100 min nəfərinə nisbətdə Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər, quldurluqlar, soyğunçuluqlar, oğurluqlar və s. əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.

Nazir prezident İlham Əliyevin kadrların hazırlanması işinə hər zaman xüsusi önəm verdiyini, bir neçə gün öncə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdəki nitqində də dövlət başçısının gənc kadrların hazırlanması prosesini əsas amillərdən biri kimi vurğuladığını xatırladıb.

Qeyd olunub ki, xarici dövlətlərin hüquq-mühafizə strukturları ilə əməkdaşlıq çərçivəsində hər il onlarca gənc Türkiyənin Polis və Hərbi akademiyalarına, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin hüquq universitetlərinə, Böyük Britaniyanın, Çin Xalq Respublikasının və digər dövlətlərin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilir. Kadr hazırlığı prosesinə xüsusi diqqət və qayğının nəticəsidir ki, indi orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 1992-ci illə müqayisədə 58 faizdən 90 faizə, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33 faizdən 76 faizə yüksəlib.

Həyata keçirilən kompleks tədbirlərlə orqan və hissələrdə qanunçuluq da əhəmiyyətli dərəcədə möhkəmlənmiş, şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığına nail olunub. Təkcə ötən il polis əməkdaşlarından şikayətlərin sayı 2010-cu ilə nisbətən 26 faiz, əsassız saxlamalar 32 faiz, əsassız gətirmələr 46 faiz, əsassız cinayət məsuliyyətinə cəlb etmələr isə 60 faiz azalıb. /APA/