“Quqark” haqqında

quqark-haqqinda-
Oxunma sayı: 1061

Seymur Baycan Qarabağda – Füzulidə doğulub. Burada təhsil alıb. Qarabağ müharibəsinin canlı şahididir. Müharibənin qızğın vaxtlarında Seymur C. Naxçıvanski adına hərbi məktəbə daxil olur. Lakin oranı bitirməyə macal tapmamış yaşadığı rayon işğal olunur. Və beləcə köçkünlük həyatı başlayır...

Məncə belə bir qısa təqdimat yetər. Bu gün Seymur Baycanın “Quqark” romanı haqqında öz təəssüratlarımı sizinlə paylaşacam. “Quqark” – avtobioqrafik romandır. Romanın qəhrəmanı elə Seymur Baycanın özüdür. Romanda SSRİ-nin dağılmasından əvvəl gedən siyasi proseslər, SSRİ-nin dağılması, hərbi məktəbdə oxuyarkən müəllifin başına gələn hadisələr, Qarabağ müharibəsinin başlanması, köçkünlük həyatı, Bakı həyatı, Quqark yay düşərgəsinə səfər, Quqark yay düşərgəsindən qayıtdıqdan sonra müəllifin xatirələri obyektiv, səmimi, pafossuz əks olunub.

Bəs niyə romanın adı məhz “Quqark”dır? Axı Quqarka qədərki hadisələr öz çəkisinə görə daha ağırdır. Bu suala müəllifin özü elə romanın əvvəlində cavab verir: “Quqarkda keçirdiyim günlər həyatımın ən xoşbəxt günləri idi”. Buna baxmayaraq, bundan əvvəlki abzasda sadaladığım mərhələləri müəllif demək olar ki, bərabər miqyasda yazmağı bacarıb. Romanda uzun və cansıxıcı cümlələr yoxdur. Buna görə də rahat oxunur.

Bayaq dedim ki, romanda pafoslu cümlələr yoxdur. Məsələn, bir rüşvətxor məmur və ya hərbi hissədə “dedovşina”ya şərait yaradan bir zabit TV-də deyirsə ki, “Mən vətənə xidmət edirəm”, onda əlbəttə ki, “Mən vətənə xidmət edirəm” cümləsi ucuzlaşır. Dəyərdən düşür. Və həmin cümləni həqiqətən də ləyaqətli bir məmur, zabit deyirsə, yenə də pafos kimi səslənir.

Nə isə... Qayıdaq romana. Seymur Baycan bu romanda yenə də öz maarifçi sifətini qoruyub saxlayır. Belə ki, romanda bir çox yazıçılardan sitatlar verilir: Yukio Misima, Aleksandr Ostrovski, Milorad Paviç, Patrik Züskind, Markiz de Sad, Sabir Əhmədli və.s

Bu əsərlərin adı çəkilir: “Arxipelaq QULAQ” (Aleksandr Soljenitsın), “Bütün tanrı uşaqları rəqs edir” (Huraki Murakami), “Var oluşun dözülməz yüngüllüyü” (Milan Kundera), “Əziz dost” (Gi De Mopassan), “Zəmanəmizin Qəhrəmanı” (Mixail Lermontov) , “Oblomov” (Etel Lilian Voyniç ), “Martin İden” (Cek London ), “Atəş” (Anri Barbüs), “Əlvida, silah!” (Ernest Heminquey), “Şərq cəbhəsində təbəddülat yoxdur” (Erix Remark), “Qəhrəmanın ölümü” (Riçard Oldinqton), “Sakit Don” (Mixail Şoloxov), “Gənc Verterin İztirabları” (İohan fon Höte), “Adamlar və Siçanlar” (Con Steynbek) və.s

Məncə bu, mentalitet cangüdənlərinə verilən ən gözəl cavabdır. Bundan da böyük maarifçilik?! Mən yüz faiz əminəm ki, adı çəkilən klassiklərdən hansınınsa əsərini oxumayan adam – Seymur Baycanın romanını oxuduqdan sonra mütləq həmin əsəri tapıb oxuyacaq.

XXX

Romanın qəhrəmanı gecələr qəzet ofisində qalır. Evə ancaq çimməyə və paltarını dəyişməyə gedir. Müəllif bunun səbəbini belə izah edir: “Bizim ev damından bünövrəsinə qədər yaradıcılığın düşmənidir”

Seymurun anası elə bilir ki, o, hansısa qadının yanında yaşayır. Bütün qazancını o qadına xərcləyir. Və o qadın da onu evlənməyə qoymur.

“Hər dəfə çirkli paltarlarımı çıxarıb döşəməyə atanda anam soruşurdu: “O, sənin paltarlarını niyə yumur?”. Hər dəfə müxtəlif cavablar verirdim: “Vaxtı yoxdur”, “Zivədən kişi paltarı asmaq istəmir”; “Sənin kimi təmiz yuya bilmir…””

XXX

Zivə demişkən, kitabın üz qabığındakı karikaturadan yazmağın əsl yeridir. Deməli, karikaturada bir tank təsviri var. Tankın lüləsini zivəyə çeviriblər. “Zivə”də uşaq, kişi və qadın qış paltarları asılıb. Əvvəlcə tankın qarşısındakı içi su ilə dolu ləyəndə paltarları sabunlayıb yuyublar, sonra da “zivə”dən asıblar. Tankın qülləsinin sağ tərəfində məşhur sovet şüarı yazılıb: “Za Rodinu!”. Arxadakı çəpərlər, həyət evləri, dağlar karikaturaya gözəl arxa fon verir. Tank isə sağ-salamatdır. Bu, bir eyhamdır. Anlamaq istəyən, anlayacaq...

XXX

Seymur Baycan bu romanı arılara ithaf edib. Romanda tez-tez arılardan, balın xeyrindən danışır. Müəllif bunu baş verən aşağıdakı hadisə ilə əlaqələndirir:

“O. kişi arı saxlayırdı. Ermənilərin atdığı mərmilərdən biri O. kişinin həyətinə düşdü. Mərminin yaratdığı zərbədən arı yeşikləri dağıldı. Qorxmuş və qəzəblənmiş arılar yeşiklərdən çıxıb məhəlləyə yayıldılar. Həmin gün anam mürəbbə bişirirdi. Mərmi atılanda biz qaçıb zirzəmidə gizləndik. Guya zirzəmi bizi ölümdən qoruyacaqdı. Təzə bişmiş mürəbbənin ağzını örtməyə macal tapmadıq. Anam mürəbbə bişirdiyi ləyəni həyətdəki balaca evin qarşısına qoymuşdu. Ermənilər həmin gün o qədər də çox mərmi atmadılar. Amma biz yenə də zirzəmidən çıxmağa qorxurduq. Zirzəmidən gec çıxdıq. Bayıra çıxanda qəribə bir mənzərənin şahidi olduq. O. kişinin arıları bizim həyətə yığışmışdılar. Qəzəbli arılar anamın bişirdiyi mürəbbənin hamısını yemişdilər. Arılar qabı elə təmizləmişdilər ki, elə bil qabı it yalamışdı. Ən evdar qadın belə, qabı elə təmiz yuya bilməzdi. Qəribə şeydir müharibə. Sülh şəraitində yaşasaydıq və O. kişinin arıları bizim mürəbbəni yesəydi, anam gedib O. kişini söyər, lənətləyər, onu boğub öldürərdi. Anam arıların təmizlədiyi qaba baxıb, baxıb, balaca evimizin qarşısındakı balaca stullardan birinə oturub ağladı. “

Həqiqətən çox ağrılı və duyğusal bir hekayədir. Təbii ki, anlayanlar üçün...

XXX

Seymur Quqark yay düşərgəsində Universitetdə rus dili və ədəbiyyat fakültəsində oxuyan Anuşla tanış olur. Anuş Seymura vurulur. Müəllif bu barədə yazır: “Bəzən qızlar düşmən xalqın oğluna, düşmən ölkənin vətəndaşına vurulmaqla özünüqurban instinktini tam aşkara çıxarmaq istəyirlər” Gözəl fikirdir. Aforizm deyərdim mən.

Seymurla Anuş ilk dəfə səhər yeməyindən sonra danışırlar. Anuş Seymura hansı kitabları oxumağın lazım olduğunu sual verir. Ona bloknot verir. Seymur da bloknota əsərlərin adını yazır. Bu dialoqu sadəcə, oxumaq lazımdır. Təsvir etməkdə gücsüzəm.

Əsərdə epizodik obrazlar çoxdur. Lakin bəzi obrazlar var ki, nəzərə çarpır. Məsələn, Seymur düşərgədə müharibədən əvvəl tanıdığı X.-nı görür. X.-nın anası – Nona – Xəstəxanda işləyirdi. Dərziliklə məşğul idi. Sonra çörək də satır. Atası – Karapet – dülgər idi.

Seymur Baycan bu ailənin başına gələnləri, uşaqlarla dəstə yaradıb erməniləri necə döyməsini yazır. Karapet taxta qutular düzəldirdi. Kim hərbi xidmətdə olan övladına sovqat göndərirdisə Karapet dayıdan taxta qutu alırdı. “Deyirdilər, Karapetin düzəltdiyi taxta qutularda sovqat göndərəndə, sovqat yolda itmir, əsgərə vaxtında çatırdı. İçindən heç nə götürmürdülər.”

Sonra Seymurun da daxil olduğu uşaq dəstəsi Karapetin həyətinə girir. Evi viran qoyurlar. Və Karapet dayını taxta qutuların arasından tapırlar. “O, öz əməyinin arxasında gizlənmişdi”.

XXX

Seymur Baycan 1988-ci ildə, sözün həqiqi mənasında baş verən hərəkatda meydan qəhrəmanına çevrilmiş bir çilingərin kütləni necə ələ almasından yazıb: “O, tribunadan qışqırırdı: “Oturun-qalxın! Oturun-qalxın!.. Bir milyon adam da oturub-qalxırdı. Həmin çilingər adamların oturub qalxmasını sonralar belə şərh edəcəkdi: “Bir milyon adam saatlarla ayaq üstə dayandığından ayaqları keyləşirdi. Mən onları oturub-qaldırmaqla, keyimiş bədənlərində qan dövranının normal hala düşməsini tənzimləyirdim””.

Sizin də bildiyiniz kimi, həmin çilingər indi həbsdədir. Və onun özünün bədəninin keyini açan lazımdır. Ey həyat, sən nə qəribəsən?!

Müəllif kitabında bəstəkar – Elmir Mirzəyevin, Gürcüstan vətəndaşı – İrakli Çikladzenin, Ermənistan vətəndaşı – Luiza Poqosyanın baş verən hərəkatla bağlı xatirələrinə də yer verir. Və onların hər biri öz ölkələrindəki hərəkatdan danışır. Bu da oxucuya analogiyalar aparmaq imkanı verir. Hadisələrin mahiyyəti daha da aydın olur.

Romanın müəllifi yazır: “Müstəqillik “Kinder” adlı “şokolad-yumurta”ya bənzəyir. Nazik şokolad təbəqəsinin altından yığacağın oyuncağın kiçik hissələri çıxır. Hər xalqın qarşısına bir oyuncaq çıxa bilər. Dovşan, tısbağa, ev, maşın, balıq, ağac... Biz o vaxtlar “Kinder” yumurtasının zərli kağızını soymuşduq. Nazik şokolad təbəqəsinin ləzzətli dadından həzz alırdıq. Bizim yumurtadan hansı oyuncağın kiçik hissələri çıxa bilər və biz bu hissələri bir-birinə düzgün pərçim edib öz oyuncağımızı düzəldə biləcəyikmi? Bu suallar onda heç kəsin ağlına gəlmirdi. Nazik şokolad təbəqəsinin ləzzətli dadı reallıq hissini məhv etmişdi”

XXX

Oyuncaq demişkən, romanın qəhrəmanının anası gah Seymura hədiyyə olunmuş şiri, gah ona mükafat kimi təqdim olunmuş heykəlciyi, gah “Mətbuat günü” münasibətilə ona verilən suvenir qələmləri, gah bir qızın ona hədiyyə etdiyi fincanı, gah da dostunun ona bağışladığı rəsm əsərini satır. Müəllif əsərin epiloqunda da bu barədə yazır. Mesaj budur: xatirələr satılmaz! Gəlin, son olaraq, o epiloqu birlikdə oxuyaq:

“Mən evdə, çarpayının üstündə ayı, şir, dovşan, kirpi, dəvə, it oyuncaqlarının əhatəsində uzanmışdım. Anam İrandan gecə gəlmişdi. İrandan gətirdiyi oyuncaqlar evin hər tərəfini, bütün dəlmə-deşikləri, künc-bucağı işğal etmişdilər. Evdə güclə yeriyirdik. Anam mənim kirli şalvarımın, köynəyimin ciblərini çevirə-çevirə ənənəvi monoloqunu söyləyirdi: “Adam həmişə pul qazana bilmir. Nə vaxta qədər avaralanacaqsan? Bəsdir. Hər şeyin bir sonu var. Sən qocalanda sənə kim baxacaq? Sənin paltarlarını nə vaxta qədər mən yuyacam?..”
Ona nəsə izah etmək, necə çətinliklə yaşadığımı başa salmaq yersiz idi. Onsuz da heç nəyə inanmayacaqdı. Qapının döyülməsi anamın ənənəvi monoloqunu yarımçıq kəsdi. Əks halda çox danışacaqdı. Mən onun monoloqunu əzbər bilirəm. Qapının döyülməsi məni bu dəfə monoloqu sona qədər eşitmək məcburiyyətindən xilas etdi. Altı qadın evə girdi. Əgər onlara qadın demək mümkündürsə. Onların səs-küyü, ürəkbulandıran iyləri evi bürüdü. Anamla görüşdülər. Hal-əhval tutdular. Qadınlar çox eybəcər görünürdülər. Hamısı xalat geyinmişdi. Hamısının bədənləri həddən artıq kök, ayaqları həddən artıq arıq, saçları yağlı idi. Eli bil çox bacarıqlı qrim ustası onları qəsdən eybəcər hala salmışdı. Elə bil onları qorxu filmində cadugər roluna çəkəcəkdilər. Yox, üzr istəyirəm, hətta ən bacarıqlı qrim ustası da bütün istedadını səfərbər etsəydi, onları bu qədər eybəcər hala sala bilməzdi. Anam mənə bayıra çıxmağı işarə etdi. Həmişə belə olur. Anam İrandan oyuncaq gətirəndə arvadlar yığışıb oyuncaq almaq üçün bizə gəlirlər. Və onlar oyuncaqlara rahat baxsınlar, rahat alış-veriş etsinlər deyə, evə arvadlar gələndə anam məni bayıra qovur. Sözün həqiqi mənasında. Qovmağın başqa adı yoxdur. Arvadlar oyuncaqlara rahat baxsın deyə mən – üç kitabın, yüzlərlə məqalənin müəllifi başımı aşağı salıb yavaşca bayıra çıxıram...
Mən bayıra çıxmaq istəyirdim. Anam artıq ikinci dəfə mənə işarə etmişdi, siqaretimi tapa bilmirdim. Siqaretim oyuncaqların arasında itmişdi. Bu vaxt arvadlardan ən eybəcəri güzgünün qarşısındakı suveniri – Anuşun mənə hədiyyə etdiyi öpüşən göyərçinləri çox rahatlıqla əlinə alıb, anamdan soruşdu: “Maya, bu göyərçinləri neçəyə verərsən?”
Mən oyuncaqların arasında ciddi-cəhdlə siqaretimi axtarsam da bu sual məni başımı anama tərəf çevirməyə məcbur etdi. Sanki mənim gələcəyim bu suala veriləcək cavabın məzmunundan asılı idi. Anamın cavabı qısa və konkret oldu: “5 manata””.