Qurban qətliam deyil!

qurban-qetliam-deyil
Oxunma sayı: 667

“Qurban qətliamdır”, “keçmişdən qalma adətdir”, “Quranda qan tökmək yoxdur” və s. kimi mövzuları yazmaqla yenilik etdiyini düşünən “bəziləri” ancaq bu məsələləri bilməyənləri aldada bilər və yalnız onların gözündə “yenilikçi” imici qazana bilərlər. Bu sahədə az da olsa məlumatı olanlar artıq bilirlər ki, bunlar çeynənmiş və çürüdülmüş iddialardır.
Qurbanın qətliam olduğunu iddia edənlər, məncə bunu ya məlumatsızlıqdan, ya imanın zəifliyindən, ya da şöhrət sevdasından edirlər. Bilməyərək bu cür çıxış edənlərə məsələni izah etmək çətin olmadığı halda, qəsdən bu fikri ortaya atanların etirazını aradan qaldırmaq heç də asan deyil. Çünki bu populist düşüncəli insanların məqsədi məsələni başa düşmək və ya başa salmaq deyil, əksinə söhbəti daha da qızışdırıb çıxılmaz hala gətirmək, insanları inandığı dəyərlərdən qoparmaq və diqqətləri öz üzərinə cəlb etməkdir.
Qurbanın qətliam olduğunu söyləyənlər görəsən, həftə ərzində ailəsinə neçə kiloqram ət alırlar? Ümumiyyətlə, hər gün qəssabların nə qədər heyvan kəsdiyini bilirlərmi? Gün ərzində ölkədə neçə heyvanın həzm edildiyindən xəbərləri varmı? Görəsən, bunlar qətliam olmadığı halda, Allahın buyurduğu ibadəti yerinə yetirmək niyə qətliam sayılır? Gündəlik namazlarını qılanlar bu cür düşüncə sahiblərinə görə də “vaxt cəlladları”dır. Vaxtlarını “mənasız” yerə “öldürürlər”. Oruc tutanlar intihar edirlər, çünki özlərinə əziyyət verirlər.
Bəziləri iddia edirlər ki, qurban bayramı günü əslində qəssabların bayramıdır. Ancaq başa düşmək lazımdır ki, bu bayram günü qəssabların deyil, imkanlı, imkansız bütün müsəlmanların bayramıdır. İmkansızların bayramıdır, ona görə ki, doyunca ət yeyə bilirlər. İmkanlıların bayramıdır, çünki Allahın onlara verdiyi nemətlə üzərlərinə düşən bir borcu yerinə yetirir, kasıb təbəqəni sevindirirlər. Qəssabların necə bayramı ola bilər ki, həmin günlərdə imkanlılar diri heyvan alır, kəsdirir və həmin ətlərin əksəriyyətini ayrı vaxt nisyə ət almaq üçün növbəyə duran insanlara pulsuz-parasız paylayırlar. Həm qurban kəsən, həm də qurban payı verilən bir adam bir neçə gün ət almadığı halda, qəssabların bayramı necə ola bilər? Bayram günlərində qurban kəsilən heyvanların sayı, adi günlərdə qəssabların kəsdiklərinin kəsdiklərindən az olduğu halda, bunu necə qətliam saymaq olar? Gülməyən üzlərin güldürülməsi, məcburi “vegeterianlıq” günləri yaşayanların sevindirilməsi nə vaxtdan qətliamdır?
Kolbasa, sosiska sexlərində, broylerlərdə kəsilən heyvanları qətliam hesab etməyənlər, ibadət məqsədilə kəsilənlər üçün nəyə görə belə haray-həşir qoparırlar?
Bu cür düşünən insanlar müxtəlif heyvan ətlərini mədələrinə ötürərkən cinayət etdiklərini fikirləşirlərmi, yoxsa diksinib göy-göyərtini kədərli gözlərlə mədələrinə «dəfn edirlər»?
Qurban bayramında kəsilən bu heyvanlar dünyanın ən nadir və nəsilləri tükənmək üzrə olan heyvanları olmadığı halda “qətliamdır” deyib səs-küy salanları başa düşmək çox çətindir...
Qurban ibadəti imkansızla imkanlının arasındakı uçurumu aradan qaldıran, varlılara paylaşma hissini aşılayan, kasıbların həsəd hissini öldürən, sosial yardımlaşmanı insanlar arasında canlandıran, ictimai həyata tarazlıq gətirən bəşər tarixi boyu mövcud olan, maddi aləmlə mənəvi həyat arasına körpü salan bir ibadətdir. Allah bütün qurban kəsənlərin qurbanlarını qəbul etsin! Amin!