Qüssə

qusse
Oxunma sayı: 870

Məndən 1 il böyük olan bu kitab kəndimizdəki o qədər də böyük olmayan kitabxanamda imiş. Qaçhaqaç vaxtı Ağcabədi rayonuna, oradan Bakı şəhərinə necə gəlib çıxdığı bəlli deyil. Bəlkə evimizdən bizimlə birlikdə çıxan yeganə kitabdır. Yaxşı, ola bilər ki, o soxhasoxda kiminsə əlinə düşüb, götürüb atıb maşının “kuzasına”... Bu uzaq tarixçəyə sözüm yox! Axı mənim Qarabağdan Bakıya gəlişimin tarixçəsi elə də uzağa getmir. Bəs o zaman Çexov kimi sevimli bir yazarın kitabını özümlə şəhərə gətirdiyimi niyə xatırlaya bilmirəm? Birdə ki, evimizdə Dostoyevskinin, Tolstoyun, Mirzə Cəlilin, Haqverdiyevin kitabları da daxil olmaqla maraqlı kolleksiya vardı. Niyə məhz Çexov?!

Kitabın başqa bir özəlliyi isə onun üstündəki yazıdır: “Bu kitab Bəxşəliyev Rəcəb Şahmar oğluna məxsusdur. 20 oktyabr 1987-ci il. Ağbulaq kəndi.”
Rəcəb yalandan yazıb, çünki kitabın məktəb kitabxanasına məxsus olmasını üz qabığına içəridən yapışdırılmış “cib”dən rahatca bilmək olar. Doğrudur, “cib” indi yoxdur, cırılıb, ancaq yeri açıq-aydın bilinir. Bəlkə də Rəcəb qəsdən cırıb ki, kitabxanaya məxsus olduğu bilinməsin. Demək bu kitabı doğma məktəbimizdən Rəcəb oğurlayıb, Rəcəbdən isə mən! Kitab oğurluğu qəbahət deyil deyirlər, amma nədənsə böyük qəbahət yapdığımı düşünürəm.

Rəcəbi tanıyırdım. Məndən hardasa 3 yaş böyükdü. Savadlı və çalışqan olsa da atası kasıb idi deyin ali məktəbə girə bilmədi. Çox sonralar eşitdim ki, Polis Akademiyasında oxuyur.

Akademiyanı sağ-salamat bitirdi, Bərdə rayonunda işə düzəldi. Bir gün isə ölüm xəbərini eşitdim Rəcəbin. Maşın qəzasına düşmüşdü. Deyirlər bədənində heç bir yara-filan yoxmuş. Başı möhkəmdən harasa dəyib, beyni tərpənib... Vəssalam! Rəcəbin hekayəti burdaca bitir. Amma kitabın titul vərəqinə yazdığı cümlə on illərlə yaşadı bəlkə. Əlimi hərflərin üstündə gəzdirirəm. Qəribə bir soyuqluq hiss olunur... Bundan sonra Çexovun “Qüssə” hekayəsini oxumağın ayrı ləzzəti var. Həm də siqaret çəkə-çəkə...

Ölənlərinizə rəhmət, qalanlarınıza can sağlığı!