“Rafiq Əliyevlə bağlı hadisələri çox ləyaqətsiz hesab edirəm”

rafiq-eliyevle-bagli-hadiseleri-cox-leyaqetsiz-hesab-edirem
Oxunma sayı: 635





Ziyalılar Forumunun toplantısındakı çıxışına görə professor Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) kafedra müdiri vəzifəsindən uzaqlaşdırılması ilə bağlı skandal günbəgün böyüyür. Dünyadan da bu qanunsuzluğa son qoymaq çağırışları artır. O toplantının iştirakçısı və Ziyalılar Forumunun üzvü olan yazıçı Əkrəm Əylisli R.Əliyev ətrafında baş verən proseslərlə bağlı “Yeni Müsavat”a danışdı. O, öncə R.Əliyevin işdən çıxarılmasına münasibət bildirdi.

- Mən də Ziyalılar Forumunun üzvüyəm. Onun bir üzvü kimi hiss edirəm ki, bu toplantını, orada deyilənləri qəsdən siyasiləşdirdilər. Biz orda ziyalı mühiti yaratmaq istəyirdik. Biz istəyirdik ki, burda təmənna, qorxu olmasın, ziyalılar öz sözünü desin. Ziyalıların cəmiyyətin hər təbəqəsində sözünün xarizması var. Mən Eldar Namazov və Rafiq Əliyevi son vaxtlar tanımışam. İşinə sədaqətli, ziyalı mühitinin yaradılmasına xidmət edən, son dərəcə çalışqan insanlardır. Ziyalının missiyası cəmiyyətin sağlamlaşmasına xidmətdir. Bu, kiməsə sərf etməyə bilər. Amma cəmiyyətdə xəstə halların qarşını almaq lazımdır. Cəmiyyət sağlamlaşdıqca o daha çox faydalı, səmərəli iş görür. Bəs bu arzuolunmaz mühiti kim yaradır? Nəyə görə yaradır? Orda olan insanlardan, tutaq ki, Rüstəm İbrahimbəyovdan kiminsə xoşu gəlmirsə, bu, o demək deyil ki, ona qeyri-ziyalı deyilməlidir. Rüstəm İbrahimbəyov ziyalılığını təkcə Azərbaycanda yox, dünyanın çeşidli yerlərində sübut edib. Onu hər yerdə sənətkar kimi tanıyırlar.
Rafiq Əliyevlə bağlı hadisələri çox lazımsız və ləyaqətsiz hesab edirəm. Bu adamdakı təvazökarlığa heyranam. Düşünmək olar ki, bu adamın işi-gücü var, nəyinə lazım idi çıxıb o tədbirdə danışsın? Amma ziyalını cəmiyyəti düzəltmək ehtiyacından kənarda təsəvvür etmək olmaz. Ziyalı gərək xalqın mənəviyyatı ilə yaşaya bilsin. O, həm də yaşadığı cəmiyyətdəki haqsızlıqlara qarşı çıxmağa özündə gec tapa bilən birisidir. Sovet dövründə də müəyyən təzyiqlər, repressiyalar var idi. Biz o vaxt təqib olunurduqsa, bu o demək deyildi ki, hökuməti yıxmaq istəyirdik. Biz sadəcə, onun zorakılıq siyasətinin əleyhinə çıxırdıq. İstəyirdik ki, insanlar da bu oyanışdan kənarda qalmasınlar. İndi də eyni proses gedir və ziyalı öz sözünü deyir.

- Sizcə, Rafiq Əliyevlə bağlı baş verənlər ziyalıların gözünü qorxuda bilərmi?
- Bir məsəl var: “Qorxursansa pişikdən, niyə çıxırsan deşikdən?” Son vaxtlar isə tez-tez bu fikirləri işlədirlər ki, mərdi qova-qova namərd edirlər. Bunu nəzərə almalıdılar. Nəyə görə Rafiq Əliyevi qova-qova hökumətə düşmən yaradırlar? Onun fikirləri cəmiyyətin, onun inkişafının xeyrinədir. Başqa populistləri niyə görmürlər? Onlar öz təmənnaları xatirinə min cür oyunlardan çıxırlar. Mən həyatım boyu hər cür maskalanmağın əleyhinə olmuşam. Demişəm ki, cəmiyyət maskalanandan sonra o maskanı çıxaranda yaxşı mənzərə alınmır. Ziyalılar bu cür maskalanmağın tərəfdarı ola bilməzlər. Əks halda, onlara ziyalı deyə bilmərik.

- Necə düşünürsüz, Rafiq Əliyevlə bağlı kampaniya özfəaliyyətdir, yoxsa konkret tapşırıq əsasında edilir?
- Bu, mahiyyətcə özfəaliyyətdir. Professional siyasətdə belə məqamlar düşünülüb ortaya çıxarılmalıdır. Yəni bu özfəaliyyətin arxasında dayanan qüvvələrin harada olmağı məsələsidir. Mənə elə gəlir ki, bu, kabinet komandirlərinin qurduğu bir oyundur. Sevinirəm ki, kabinet komandirlərinin gördüyü Azərbaycan təkcə onların gördüyü Azərbaycan deyil. Başqa bir Azərbaycan da var. Və gerçək ziyalılar da orda yaşayır. Ona görə də düşünürəm ki, bu, kabinetlərdə düşünülən, oradan gələn hücumlardır, həyatdan gəlmir. Azərbaycan cəmiyyəti mürəkkəb cəmiyyətdir. Burada müxtəlif cür düşünən insanlar da var. Mən elə bilirəm ki, yaxşı işləri döndərib eybəcərləşdirmək, buna yönəlik düşüncələr cinayətdir. Düşüncələri azad buraxanda həmin düşüncə faydalı olur, cəmiyyətə sərfəli nəticə olaraq qayıdır.

- Yəni hesab edirsiniz ki, İlham Əliyevin bundan xəbəri yoxdur?
Bu ideoloji aparatın, ideoloji həyatın idarə edilməsində İlham Əliyevin nə qədər rol oynadığını dəqiq deyə bilmərəm. İlham Əliyevin başqa işləri var. Mənə elə gəlir ki, mərkəzi, aparıcı ideologiyanın özündə müəyyən qədər xaos var. Aydınlıq yenə dəqiq şəkildə yoxdur. Amma deyə bilmərəm ki, İlham Əliyev Rafiq Əliyevin məsələsindən xəbərdar olub, ya da bu şəkildə ortaya çıxmasına təsir göstərib. İnanmıram ki, ölkənin prezidenti, dünyanın qarmaqarışıq vaxtında - gözümüzün qabağında ərəb ölkələrində inqilabların baş verdiyi bir ərəfədə - belə bir şeyə razılıq verəydi, xüsusi olaraq şərait yaradaydı. Sağlam təfəkkür bunu etməyə imkan verməz.

- Bəs Rafiq Əliyevlə bağlı situasiyanın dəyişəcəyinə inanırsızmı? Hər halda, ikitərəfli müraciətlər, çıxışlar davam edir...
- Ölçüb biçsələr, Rafiq Əliyevi kafedradan uzaqlaşdırmaqla süni surətdə yaratdıqları problemi düzəltməlidirlər. Bu halda onun barəsində ədalətsizlik etdiklərini cəmiyyətə çatdırmalıdırlar. Ona qarşı ədalətsiz hərəkət edilib. İllər boyu həmin kafedrada fəaliyyət göstərib, ona dəyib-toxunan olmayıb. Amma ziyalı kimi öz sözünü fəal şəkildə deyəndən sonra bu təzyiqlər başlanıbsa, deməli, hadisə də siyasi rəng almalıdır. Mənə elə gəlir ki, bu səhvi anlayıb vaxtında müdaxilə etməlidirlər.