Rafiq Əliyevlə Hidayət Orucov açıq savaşa başladı

rafiq-eliyevle-hidayet-orucov-aciq-savasa-basladi
Oxunma sayı: 1023

Rafiq Əliyevin mətbuata verdiyi əsassız müsahibəsinin üstündən yarım ay vaxt keçməsinə baxmayaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bununla bağlı münasibət bildirməmişdir. Əslində həqiqətə uyğun olmayan, böhtan xarakterli fikirlərə tanınmış, hörmətli ziyalı Hidayət müəllimin münasibət bildirməsi keçmiş sədr əvəzi üçün mükafat ola bilərdi. Lakin buna baxmayaraq, Dövlət Komitənin əməkdaşı olaraq mən, reallığı ümumiyyətlə əks etdirməyən bu müsahibəyə biganə qala bilməzdim. Çünki, Dövlət Komitəsində fəaliyyətim R.Əliyevin dövründən başlayır və məlum müsahibədə səsləndirilən məqamlar məni ciddi narahat edir.

Hər halda hazırkı dövrdə dini sahədə böyük işlərin görüldüyünü, ölkədə dini durumun sabit olduğunu, Dövlət Komitəsi ilə dini icmalar arasında yüksək münasibətlərin mövcudluğunu, maarifləndirmə işinin geniş miqyasda aparıldığını nəzərə alsaq, belə əsassız müsahibələrin ictimaiyyətdə çaşqınlıq yaratmağa xidmət etdiyi şübhə yaratmır. Ona görə də həqiqətin insanlara çatdırılmasını özümə borc bilib rəhbərlikdən xəbərsiz R.Əliyevin müsahibəsinə münasibətimi açıqlamağa qərara aldım.

İlk növbədə onu vurğulayım ki, Rafiq Əliyev müsahibəsində absurd fikirləri aradan beş il vaxt keçdikdən sonra ictimaiyyətə təqdim etməklə, öz rəhbərliyi dövründə Dövlət Komitəsindəki mövcud ciddi qüsurları ört-basdır etmək istəyib. Ona elə gəlib ki, bunlar unudulub. O, müsahibənin əvvəlində Dövlət Komitəsində işləyən və ictimaiyyət arasında müəyyən qədər tanınan bəzi şəxslərin adlarını çəkməklə həmin dönəmdəki ümumi vəziyyəti pərdələməyə çalışıb. Halbuki, R.Əliyevin adını çəkdiyi şəxslərdən bəziləri elə onun rəhbərliyi dövründə hansı səbəblərdənsə Dövlət Komitəsindən ayrılmışdır. Məsələn, Elmir Quliyevi buna misal göstərmək olar. Sadalananlar arasında jurnalistlər də var. Əslində jurnalist olmaq, dövlət məmuru kimi fəaliyyət göstərmək anlamına gəlmir.
Məlumdur ki, adı çəkilənlərdən bu gün Dövlət Komitəsində yüksək vəzifələrə təyin olunan şəxslər də var və bunu R.Əliyev də etiraf edir. Bütün bunlar göstərir ki, hazırkı rəhbərlik işçiləri hansı “komanda”da işlədiyinə görə deyil, bilik, savad, səriştə və dövlətçilik mövqeyinə görə qiymətləndirir.

Lakin bununla bərabər, R.Əliyev həmin dövrdə öz şəxsi maraqlarını dövlət maraqlarından qat-qat üstün tutan, müəyyən qrupların mövqelərini dəstəkləyən insanların çalışdığını ya görməzliyə vurmuş, ya da ən azından unutmuşdur. Hər iki hal bir rəhbər kimi, onun bu vəzifədə nə qədər səriştəsiz olduğundan xəbər verir.
R.Əliyevin bildirdiyinə görə, Dövlət Komitəsinin bölgə nümayəndəliklərindən bu günə qədər yalnız bir nəfər məsul əməkdaş vəzifəsindən azad edilmişdir. Məlumat üçün bildirirəm ki, R.Əliyevin dövründə çalışan 36 əməkdaşdan bu gün yalnız 12 nəfəri Dövlət Komitəsində fəaliyyətini davam etdirir. Onlardan 8 nəfəri Mərkəzi Aparatda çalışır.
Görünür, keçmiş sədr əvəzi kənarda olsa da, Dövlət Komitəsinin işləri haqqında “kompromatlar” toplamağa çalışır. Amma son dərəcədə yanlış məlumatlar alır, ya da gercəkliyi bilərəkdən təhrif edir. Məsələn, onun bildirdiyinə görə, Dövlət Komitəsində iki əsas şöbə fəaliyyət göstəirir. Ancaq əslində, hazırda Dövlət Komitəsinin Mərkəzi Aparatında altı, regionlarda isə doqquz şöbə fəaliyyət göstərir. Bu şöbələrin hər biri özlüyündə müstəqil şöbə hesab olunur və bir-biri ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərirlər.

R.Əliyev beş il işlədiyi müddətdə ayırd edə bilməmişdir ki, Dövlət Komitəsində mühafizəçi ştatı yoxdur. Mühafizəni həyata keçirən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşları Dövlət Komitəsinin işçiləri sayılmırlar.

Müsahibədə R.Əliyevin əsassız fikirlərindən biri də bütün kollektivdə ən çoxu 10 nəfərin dinlə birbaşa işlədiyini söyləməsi və 2001-2006-cı illərdə Dövlət Komitəsində çalışanların indikilərdən bilik, qabiliyyət və digər keyfiyyətlər baxımından xeyli üstün olması iddiasıdır. Halbuki, son beş ildə (2006-2011-ci illər) DQİDK-da işə təyin olunan - hazırda inzibati və yardımçı vəzifələrdə çalışan 54 nəfər əməkdaşdan 38-i Bakı Dövlət Universitetinin, yerdə qalanlar isə digər ali təhsil müəssisələrinin məzunlarıdır. Onlardan 21 nəfəri BDU-nun ilahiyyat fakültəsini bitirmişdir. Bununla yanaşı, Dövlət Komitəsində başqa təhsil müəssisələrinin dinşünas məzunları da çalışır. Bu göstərici 2001-2006-cı illərlə müqayisədə beş dəfə çoxdur. Kollektivdə politoloq, şərqşünas, regionşünas, hüquqşünas, tarixçi ixtisaslarına sahib əməkdaşlarımız da var. Onların hamısı din sahəsində fəaliyyət göstərirlər. Dolayısı ilə Dövlət Komitəsində 10 nəfər deyil, 62 nəfər dinlə məşğul olur.

Bilik, qabiliyyət və digər keyfiyyətlərə gəldikdə, nəzərə almaq lazımdır ki, bu mütəxəssislər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test imtahanlarından və müsahibələrdən uğurla keçdikdən sonra onlara Dövlət Komitəsində yenidən baxılır və aralarından ən yaxşıları seçilir. Bundan başqa, əməkdaşlarımız öz bilik və bacarıqlarını artırmaq üçün müxtəlif ixtisasartırma kurslarında iştirak edir və onlar üçün Dövlət Komitəsində mütəmadi olaraq müxtəlif mövzularda seminar-treninqlər keçirilir. Onların dini və dünyəvi savadlarını qiymətləndirmək üçün Dövlət Komitəsinin nəşr etdiyi “Dövlət və Din” jurnalına, “Cəmiyyət və Din” qəzetinə nəzər yetirmək kifayətdir. Bu nəşrlərdə istər ilahiyyat, istərsə də cəmiyyətlə bağlı ən incə məqamlardan bəhs edən, hətta Azərbaycanda dinşünaslıq sahəsində indiyədək toxunulmamış mövzulara dair yazılara rast gəlmək mümkündür. Bunların hamısı yüksək bilik, ixtisas bacarığı tələb edən məsələlərdir və bilavasitə əməkdaşlarımız tərəfindən həyata keçirilir.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov da Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məzunudur. Onu Dövlət Komitəsinə məhz Hidayət Orucov dəvət edib və dövlət qulluqçusu kimi formalaşması üçün bütün lazımı şəraiti yaradıb. Bunu həm G.İsmayılov özü, həm də onun Hidayət Orucov sədr təyin edildikdən üç ay sonra işə qəbul olunması faktı təsdiqləyir. Əgər R.Əliyevin G.İsmayılovla əməkdaşlığı olubsa, nəyə görə onu işə dəvət etməmişdir?

R.Əliyevin əsassız iddialarından biri də odur ki, guya onun xahişi ilə Hidayət Orucov Azərbaycan Respublikasının Dövlət müşaviri vəzifəsində çalışanda 2001-ci ildə dini məsələlər üzrə kuratorluqdan azad edilmişdir. Əgər bu həqiqətdirsə, bəs nəyə görə 2005-ci ildə, R.Əliyev hələ Dövlət Komitəsində rəhbərlik etdiyi dövrdə dini məsələlər üzrə kurasiya yenidən Hidayət Orucova qaytarılmışdır? Əgər R.Əliyevin DQİDK-də gördüyü fəaliyyət ölkə rəhbərliyini razı salırdısa, nəyə görə 2003-cü ildə Prezident seçkilərindən sonra hökumət üzvlərindən yalnız o, vəzifəsinə təsdiqlənmədi və 3 il, yəni işdən azad edilənədək Dövlət Komitəsini sədr əvəzi qaldı? Bütün bu suallar R.Əliyevin irəli sürdüyü fikirlərin əsassızlığını bir daha göstərir.

Bundan başqa, R.Əliyevin Dövlət Komitəsinin sədrini heç bir əsas olmadan dəfələrlə dini savadsızlıqda qınayıb, elementar dini məsələləri bilməməkdə ittiham edir.
Əvvəla, son iyirmi ildə dövlət-din münasibətləri ilə yüksək səviyyədə ardıcıl məşğul olaraq səmərəli fəaliyyət göstərən, bu mövzuda ictimaiyyətin diqqətini cəlb edən dəyərli yazıların, çıxışların müəllifi olan ziyalı haqqında bu dərəcədə qərəzli fikirlər söyləmək acı gülüşdən başqa heç nə doğura bilməz. İkincisi, müsahibədə R.Əliyevin yalnız özünü din sahəsində mütəxəssis sayan insan kimi deyil, adi müsəlmana da yaraşmayan yanlışlığa yol verdiyi göz qabağındadır. Məsələn, o, Komitə sədrinin “məscidlər Allahın evidir” sözlərinə istinad edərək bildirir ki, “Allahın evi” ifadəsi düz deyil və bu dinə ziddir. Çünki Allahın yer üzündə heç bir evi yoxdur”. Bir ilahiyyatçı kimi deyə bilərəm ki, əsrlərdir xalqımız dini məbədlərə “Allahın evi” kimi müraciət etmiş və bu ifadə hərfi mənada deyil, məcazi anlamda başa düşülmüşdür. Bu məsələ, hətta dinin özündən qaynaqlanmışdır. Elə Qurani-Kərimin “Ənfal” surəsinin 35-ci ayəsində Kəbə evi haqqında bəhs edilərkən ərəbcə “beytullah” kəlməsindən istifadə olunmuşdur ki, bu da Azərbaycan dilinə “Allahın evi” kimi tərcümə edilir.

R.Əliyevin Hidayət Orucov barədə yol verdiyi təhqiramiz ifadələrə gəlincə, bu, keçmiş sədr əvəzinin səviyyəsizliyini göstərir və belə məsələlərə yalnız hüquq-məhkəmə müstəvisində baxıla bilər. Dövlət Komitəsinin sədrinin məhkəməyə müraciət edib-etməməsi isə onun hüququdur və öz qərarından asılıdır.

Müsahibədə dövlət-din münasibətlərinin düzgün başa düşülməməsindən gileylənən R.Əliyev məsələ ilə bağlı özünün şərhində hazırda dinin siyasətə təsir göstərmək imkanına malik olmadığından bəhs edir və bunu özünün beş il çalışdığı dövrdə görülən işlərdə qazanılan nəticələrlə əlaqələndirir. Halbuki, həmin dönəmin missionerlik fəaliyyətlərinin, müxtəlif dini-siyasi qrupların tüğyan etdiyi dövr olduğu heç kimin xatirindən çıxmayıb. Dini durumda kifayət qədər çox problemin olduğu dövrü R.Əliyevin “dini qurumlar arasında münasibətlərin tamamilə tənzimləndiyi dönəm” kimi xarakterizə etməsi gülünc səslənir. Əslində ölkə ərazisində zərərli missionerlik fəaliyyətlərinin minimuma endirilməsi yalnız son beş ildə görülən effektiv tədbirlərin nəticəsi kimi qiymətləndirilməlidir.

R.Əliyevin DQİDK-nın fəaliyyətini icmalara qarşı mübarizə aparan qurum kimi təqdim etməsi də absurd fikirdir. Tam əksinə, bu gün Dövlət Komitəsinin dini icmalarla dövlət arasında qarşılıqlı əlaqələri qanun çərçivəsində inkişaf etdirdiyini, müxtəlif dini konfessiyalar arasında dözümlülük münasibətələrinin mövcudluğunu müşahidə etmək olar. Əgər R.Əliyevin rəhbərlik etdiyi dövrdə dini icmalar evlərdə, qarajlarda dövlət qeydiyyatına alınırdısa, hazırda qeydiyyat zamanı hüquqi ünvan kimi yalnız məscid və ya digər dini məbədlər göstərilir. 2009-cu ilin may ayında “Dini etiqad azadlığı” haqqında qanuna edilən müvafiq əlavə və dəyişikliklərdən sonra, dini icmalar yenidən dövlət qeydiyyatına alınmağa başlamışdır. Hazırda qeydiyyat prosesi davam edir və iki ildə görülən işlərin səmərəliliyi R.Əliyevin beş illik rəhbərliyi dövründə görülən işlərlə müqayisədə xeyli yüksəkdir.

Ümumiyyətlə, R.Əliyev rəhbərliyi dövründə din sahəsindəki problemlərlə məşğul olmaq əvəzinə, vaxtını Qafqaz Müsəlmanları İdarəsi və dini icmalarla intriqalara həsr edirdi. Onlarla bağlı mətbuatda təhqiramiz müsahibələr verirdi. İndi isə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi və digər dini qurumlarla münasibətər yüksək səviyyədədir. Ölkə dindarları öz dini ayinlərini sərbəst şəkildə icra edir, cəmiyyətdən kənarlaşdırılmır, onlara heç bir məhdudiyyət tətbiq edilmir. R.Əliyevin iddia etdiyi kimi, dindarların dövlətə qarşı çevrilməsindən isə söhbət gedə bilməz. Məlumdur ki, bəzi siyasi qruplar dindən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışırlar və bu məsələlər ölkə qanunları çərçivəsində tənzimlənir. Hər sivil ölkədə dövlətin milli təhlükəsizliyi məsələləri öndə olub və bu baxımdan müəyyən qrupların destruktiv fəaliyyətlərinə hüquqi qiymət verilirsə, R.Əliyevin bunu dindarları dövlətə qarşı çevirmək kimi təqdim etməsi onun ictimai-siyasi səbatsızlığından irəli gəlir.

Daha sonra xaricdə dini təhsil məsələlərinə toxunan R.Əliyev bu sahədə görülən işlərin yanlış istiqamətdə getdiyini bildirmişdir. Keçmiş sədr əvəzinin nəzərinə çatdırırıq ki, ölkə qanunvericiliyində xaricdə dini təhsilə heç bir qadağa qoyulmayıb. Sadəcə bu məsələnin qanuni tənzimlənməsindən söhbət gedir. Bu baxımdan, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi və din xadimlərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir. Yəni bu məsələ qanuni şəkildə olmalıdır. Əks təqdirdə, qanunsuz formada xarici ölkələrdə dini təhsil alanların həmin ölkələrin dini-siyasi ideologiyasının təsiri altına düşməyəcəklərinə kim təminat verə bilər? Hər halda, beş il bu sahədə çalışmış insan kimi, R.Əliyev bunu çoxdan anlamalı idi.

Müsahibədə dini əşyaların ölkə ərazisində satılması barədə qeyri-müəyyənliyin olmasını iddia edən keçmiş sədr əvəzinin “hansı icra hakimiyyətində belə bir komissiya var ki, “bu dini əşyaları satmaq olar, bunu isə yox” deyə bilsin?” sualını verməsi çox təəccüblüdür. Hər halda, onun çalışdığı dönəmdə Dövlət Komitəsində dinşünaslıq ekspertizası ilə məşğul olan sektorun mövcudluğundan, ən azı, xəbəri olmalı idi.

Ümumiyyətlə, bu məsələnin dövlətin qanunları ilə tənzimləndiyi KİV-də kifayət qədər işıqlandırılıb. Qanunvericiliyə görə, vətəndaşlar və dini qurumlar istədikləri dildə dini ədəbiyyat, eləcə də dini təyinatlı başqa əşya və materiallar əldə edə və bunlardan yararlana bilərlər.

Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə sərbəst yaya bilərlər.
Qanunda həmçinin o da nəzərdə tutulmuşdur ki, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir.

Göründüyü kimi, bu məsələnin qanuni tərəfi kifayət qədər açıq və sadədir. Lakin qanunu pozaraq, məqsədlərini nəyin bahasına olursa-olsun həyata keçirtmək istəyən qüvvələr həmişə mövcud olacaqdır. Bu məqamda yenə Qanunun dili ilə danışmaq əsas məsələ kimi önə çıxmalıdır.

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz fəaliyyətini tam dövlətçilik prinsiplərinə uyğun, yüksək nizam-intizamla davam etdirir. Qeyd edilməlidir ki, bu yüksək nizam-intizama və subardinativ münasibətlərə məhz son beş ildə nail olunub. Əvvəlki rəhbərlik dönəmində, təəssüf ki, bu məsələlərə riayət olunmur, işçilərin davamiyyətinə nəzarət edilmirdi. Bu heç də təəccüblü deyil, çünki keçmiş sədr əvəzinin özü belə, işə günün yarısında gəlir, iş vaxtının bitməsindən xeyli əvvəl Dövlət Komitəsini tərk edirdi. İdarəçiliyi isə yaxın qohumu, Maliyyə-təsərrüfat şöbəsinin keçmiş müdiri Rəşid Məmmədova tapşırmışdı.

Hazırda bütün bu məsələlər öz həllini tapmış və yüksək maddi-texniki baza ilə təhciz olunmuş gözəl iş şəraitində işgüzar mühit formalaşmışdır.

Yalan ayaq tutar...

Rafiq Əliyevin sözügedən müsahibəsi BURADA