Rafiq Tağı dedim, Lənkərani dedim...

rafiq-tagi-dedim-lenkerani-dedim-
Oxunma sayı: 687

Ömər ləzzətlə namazın bitməsini və Əlinin ayaqqabılarını axtaracağı məqamı gözləyirdi...
Biz içəri girəndə molla salavat vermədi və lap axırda, söhbətini danışıb qurtarandan sonra buna görə acizanə şəkildə üzr istədi, bildirdi ki, istəməyib söhbəti yarımçıq kəsilsin, çünki elə ciddi mətləblərdən danışanda fikri yayındırmaq olmaz.

Təbii ki, şəxsən mən mollanı buna görə heç qınamaq fikrində deyildim, hələ üstəlik bağışlanmaqdan söhbət belə gedə bilməzdi. Madam ki, bağışlanma diləyirdi, bağıladıq, ancaq onu ayrı şeyə görə, danışdıqlarına görə bağışlasam, Allah mənə qənim olar.

Mollanın moizəsi ənənvi Azərbaycan yaslarında məclisdə gedən mövzuda idi – imamatın, illa da Həzrəti Əlinin fövqəlbəşəri keyfiyyətlərinin camaata çatdırılması və təlqini. Və camaatın da o böyük kişi kimi ərdəmli olmağa səslənməsi. Düzü, əvvəl sevindim ki, nə yaxşı bu mollanın üzündə xoş ifadə var, təbəssüm üzündən əskik deyil, üzünə baxanda ancaq ölüm haqda qara-qara düşünməyin gəlmir, üstəlik də Əli əleyhissəlamın bir ordunu qırıb-çatandan sonra qanın atın üzəngisinə çatmasından danışmır. Sadəcə, insanlara aid bir əhvalatı nəql eləyir. Burda Əli də insan kimi təqdim olunur, Ömər də və Ömərə lənət də yağdırılmır.

Molla çayından udumlayıb boğazını arıtladı və mövzuya aid bir haşiyə çıxdı: “Diqqətlə qulaq asın, özünüz görəcəksiz ki, Həzrət necə fəzilətli, elmli adam olub”,- dedi və yenidən ləzzətlə gülümsəyib davam elədi:
- Bəli, Həzrət namazını qılıb qalxdı, gəlib ayaqqabılarını geyinmək istəyəndə gördü ki, pahoo, ayaqqabıları yoxdu. Çort vozmi, dedi, görəsən ayaqqabıları necolub. Birdən ayaqqabılarının yeri ona əyan oldu, başını qaldırıb yanındakı xurma ağacının başına baxdı: ayaqqabıları orda idi. O dəqiqə başa düşdü ki, hiylə Ömərdən keçib. Gördü, neyləyir-eləsin, əli ayaqqabılarına çatmayacaq, ancaq o boyda kişi durub ağaca dırmaşmayacaqdı ki. Gözünün qıyıyla Ömərə baxdı, Ömər hələ də namaz üstəydi, özü də xısın-xısın gülürdü. Əbasının ətəyi yerə sərilmişdi.- Molla bu yerdə öz əbasını göstərdi və əbanın nə olduğuna dair bir haşiyə çıxıb davam elədi.- Əli ürəyində “Görək indi kimə güləcəklər”,- dedi, nə hökm elədisə, ilahidən bir əməl oldu – yaxınlıqda uca bir dirək vardı, bu dirək yerindən çıxdı, gəlib Ömərin əbasının üstündən yerə sancıldı, Ömərin bundan xəbəri belə olmadı. Elə ki namazı bitirib qalxmaq istədi, gördü yox, dirək əbanı dəlib yerə oturub. Nə illah elədi, qalxa bilmədi. Onda səhvini anladı və başa düşdü ki, Əlinin elmiylə baş eləmək olmaz... Hə... Ölənlərin əmvatına bir salavat zikr edək...

İndi, qardaşlar, bu əhvalatı bir film kimi təsəvvürünüzə gətirin. Nə alınır? Heç nə, Əli haqqında bayağı, komik, lağlağı bir film. Bu filmin rejissoru da olur bir müsəlman, özü də molla. O molla ki, Amerikada yəhudilərin 5 milyon dolları ilə müsəlmanlar haqda iyrənc bir film çəkən cahil yəhudi Sem Besildən zərrə qədər fərqi yoxdu, özü də bu dəqiqə Besili onun əlinə versən uf demədən qanını içər, terrora gedər, günahsız Amerika konsulunu linç edər ki, islamı təhqir eləyibsiz.

Sem Besilin nadanlığı haqda bir yazı yazmışam. Ona qayıtmıram. Cəhənnəm olsun Sem Besil. Onu tikə-tikə doğrasalar da, eynimə gəlməz, çünki onu doğrayanlarla bir ağılda olan adamdı. Ancaq məni bir şey düşündürür, indi bu mollamı daha çox günahkardı (və onun kimi yüz minlərlə molla), ya məsələn Rafiq Tağı? Görəsən belə mollalar haqda da haçansa, hansısa Lənkərani bir fitva verəcəkmi? Məsələn, heç olmasa çeçələ barmağındakı dırnağının kəsilməsi haqda.

Yeri gəlmişkən, Rafiq Tağı dedim, Lənkərani dedim, yadıma Cavid Qurbanovun sürücüsü Mahir Lənkərani düşdü. İnanmıram ki, bu assosiasiya boşuna olsun. Gözləyək, görək “qafqazinfo” bu haqda boğçasından bir şey çıxaracaqmı...