Rafiq Tağını biz öldürmüşük!

rafiq-tagini-biz-oldurmusuk
Oxunma sayı: 646

Jurnalist Elmar Hüseynovun qətlə yetirilməsindən sonra Azərbaycanda baş verən ən böyük qətl hadisəsidir. Hətta bir neçə il əvvəl ADNA-da baş verən terror hadisəsi belə Rafiq Tağının qətli ilə müqayisə oluna bilməz. Bu hadisə Azərbaycanda azad sözə qarşı vurulan elə böyük zərbədir ki, biz onun təsirini uzun illər öz üzərimizdə hiss edəcəyik...

İndi ölkədə Rafiq Tağının qətlə yetirilməsindən xəbəri olan hər kəsi bir sual düşündürür? Bu hadisəni kim törədib? Niyə edib? Onun qatilinin tapılıb-tapılmaması o qədər əhmiyyət daşımır. Əslində heç inandırıcı da görünür. Biz belə hadisələrdə təcrübəsi olan cəmiyyət kimi bilirik ki, belə cinayətlərin istintaqı uzun illər çəkir. Günahkar axtarılır. Eynən Elmar Hüseynovun qətlinin istintaqı kimi. Ancaq maraqlıdır, bu hadisəni kim və niyə törədib? Rafiq Tağı bıçaqlanandan sonra “Qafqazinfo” tərəfindən dərc edilən və ciddi müzakirə olunan son yazısı “İran və qloballşamanın qaçılmazlığı” məqaləsi bizə nə deyir?.. Həmin yazının və ümumiyyətlə ehtimalların nə deməsindən asılı olmayaraq, qətl Azərbaycanda, yazıçının vətənində baş verib. Onun qanı bizim üstümzdədir. Bu qanı biz təmizləməliyik. Azərbaycanın hüquq-mühafizə orqanları bütün iş-gücünü bir kənara biraxıb bu hadisəni açmalı və həqiqəti ortaya çıxarmalıdırlar.

Mən isə təkcə öz tərəfimdən elan edirəm. Rafiq Tağını biz öldürmüşük! Uzun izahat verməyəcəm. Bu hadisədən sonra qabağıma çıxan hər kəsə Rafiq Tağının qatili kim baxıram... Mənə görə bu qətlin üstündə Azərbaycan cəmiyyəti həbs olunmalı və ona bütün dəyərləri müsadirə olunmaqla ömürlük verilməlidir...

Mən Rafiqi qiyabi olaraq çoxdan tanısam da, heç vaxt onun oxucusuna çevrilə bilmirdim. Yazdılqarını başa düşmürdüm. Sevdiyim yazıçı deyildi. Haradasa bir il əvvəl təsadüfən məclislərin birində yaxından tanış olduq. Cəmi bir görüşlə onun əsirinə çevirildim. Rafiq Tağı nə qədər çətin yazıçı olsa da, bir o qədər asan adam idi. Onu başdan-ayağa oxumaq üçün mənə iki dəqiqə lazım oldu... Mən onun qədər yumşaq, həlim mehriban yazıçı tanımıram.

Dünən Ceyhun Musaoğlu ilə xəstəxanada Rafiqə baş çəkdim. Dedim ki, bu hadisə sənin böyük yazıçı olduğunu sübut elədi. Yazıçı sənin kimi olar. Güldü, dedi ki, eşitmişəm yazılarımı təkrar verirsiniz, altından şərhlər yazırlar, çıxanda hamısını bir-bir oxuyacam... Ürəkləndirmək üçün “ölkə bir-birinə dəyib, hamı səndən danışır”-dedim. Biraz dikəlib “eynəyimi taxın”-dedi. Taxdıq. Üzümüzə baxıb gülümsədi... Əliboş getmişdik deyə “sənə nə lazımdır verməyə, eləməyə, almağa hazırıq”-dedim.
Bütün dediklərimə dodağındakı qanı qaçmış gülüşü ilə cavab verdi...

Bayaq Rafiqin qəfil ölüm xəbərini eşitdim. Nə edəcəyimi bilmirdim. Semur Baycana, Əli Əkbərə, Rasim Qaracaya zəng eləyib bircə kəlməlik söz eşitmək istəyirdim. Hamı şokdaydı. Maşına minib xəstəxanaya qaçdım. İşıqforların birində böyürümdə dayanan maşının sürücüsü şüşə silənləri boşuna işlətməyimə işarə eləyirdi. Diqqətimi toplayıb nəzər saldım. Yağış yağmır, hava da günəşlidir. Bəs bu yağış senzoru niyə öz-özünə işləyirdi?.. Bəlkə maşın... Bir aanlıq mənə elə gəldi ki, Rafiq Tağıya görə adamlı, heyvanlı, ağaclı, quşlu, xəstəxanalı, maşınlı bütün bəşəriyyətin axıtmaq üçün göz yaşı var. Daha adamlar mənim nəyimə lazımdır. Bayaqdan yağış senzoru öz-özünə işləyən maşınımı yolun qırağına çəkib sükanı qucaqlayaraq hönkürdüm... Birazdan təbiət də yaxınlaşıb bizə qoşulacaqdı...