Rafiq Tağının işi ilə bağlı müşavirə keçirildi

rafiq-taginin-isi-ile-bagli-musavire-kecirildi
Oxunma sayı: 682

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Tağıyev Rafiq Nəzir oğlunun yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə Baş prokurorun 1-ci müavini Rüstəm Usubov və Daxili İşlər nazirinin müavini Vilayət Eyvazovun rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin, eyni zamanda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupunun hesabatı dinlənilib.

Müşavirədə istintaq-əməliyyat qrupunun üzvlərinə cinayəti törətmiş şəxsin tutularaq məsuliyyətə cəlb olunması məqsədi ilə müəyyən edilmiş istintaq fərziyyələri üzrə zəruri olan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün konkret tapşırıq və tövsiyələr verilib.

Noyabrın 19-da gecə 23:10-da təcili tibbi yardım xidməti tərəfindən 1950-ci il təvəllüdlü Tağıyev Rafiq Nəzir oğlu döş qəfəsinin və qarının çoxsaylı deşilmiş-kəsilmiş yaraları və kəskin qanaxma ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Xəstə dərhal əməliyyata götürülüb, zədələnmiş dalaq xaric edilib, diafraqma və digər yaralar cərrahi işlənərək tikilib. Cərrahi əməliyyatdan sonra reanimasiya şöbəsində aparılan intensiv kompleks müalicə nəticəsində xəstənin vəziyyəti stabilləşib, o, palataya keçirilib.

Lakin noyabrın 23-də saat 14:50-də xəstənin vəziyyəti qəflətən pisləşib, kəskin tənəffüs çatışmazlığı və davamlı qusma baş verib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.