Rafiq Tağının ölümü dünya mətbuatında

rafiq-taginin-olumu-dunya-metbuatinda-
Oxunma sayı: 692

“Accosiated Press”, “Radio Free Europe”, “Washington Post” kimi nəhəng media orqanları Azərbaycanda daha bir jurnalist-yazarın qətlə yetirilməsi olayını manşet xəbər kimi yayıblar. “Accosiated Press”ə istinad edən “Washington Post” “İran rejimini tənqid edən jurnalist növbəti zərbədən öldü” başlığıyla yayımladığı yazıda Rafiq Tağının, ölümündən biraz öncə xəstəxanada bıçaqlanmasıyla bağlı verdiyi açıqlamaya yer verib. “Rafiq Tağı başına gələnləri bir müddət əvvəl İran hakimiyyətini tənqid etdiyi yazısıyla əlaqələndirirdi. İran səfirliyi isə şikayətlərin “əsassız” olduğunu bəyan edib”, - deyə yazıda qeyd olunur. Yazıda daha sonra “jurnalist-yazarın 2007-ci ildə islamı tənqid etməklə qisasçılıq toxumu səpməkdə ittiham edilərək həbs olunduğu, daha sonra beynəlxalq təşkilatların çox kəskin təzyiqləri altında prezident İlham Əliyevin elə həmin ildə amnistiya ilə onu həbsdən azad etdiyi bildirilir. “Öz yazılarında İran rejimi və İslamı tənqid edən Azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağı qəddarca hücuma məruz qalandan sonra müalicə olunduğu xəstəxanada ölüb”, - deyə Associated Press agentliyi və “Washington Post” qəzeti yazır.
“Radio Free Europa” isə Rafiq Tağının ölüm xəbərini “Azərbaycanlı jurnalist fətva ilə öldürüldü” başlığıyla yayıb. Yazıçı və jurnalist Rafiq Tağının dörd gün öncə gecə saatlarında paytaxt Bakıda bıçaqlanaraq qətlə yetirildiyi qeyd olunan yazıda mərhumun məqalələrində tez-tez Azərbaycan hakimiyyətini, İran rejimini və İslamı tənqid etdiyi xüsusi vurğulanır. Azərbaycanda pis-yaxşı mənada hamının Rafiq Tağını tanıdığı qeyd olunan məqalədə, İranın məşhur ayətullahlarından biri Fazil Lənkəraninin bir müddət əvvəl jurnalistin ölümünə fətva verdiyi də xatırladılıb. “Noyabrın 22-də baş verən olayla bağlı açıqlama yayan İran səfirliyi isə jurnalist-yazara ölümlə nəticələnən hücumda İran dövlətinin hər cür iştirakı ilə bağlı iddiaları “əsassız” adlandırıb”, - deyə məqalədə vurğulanır.

azadliq.info