Rafiq Tağının ölümünün məsuliyyəti

rafiq-taginin-olumunun-mesuliyyeti
Oxunma sayı: 643

Rafiq Tağının bıçaqlandığının günün səhəri türk litseyində təhsil alan oğlumla söhbət edirdik. “Facebook”da yazarın səhhətilə bağlı gedən yazıları oxuyurdum. Baş verənləri təəssüflə qarşıladığımı görən oğlum bir qədər tərəddüdlə “Ata, axı o peyğəmbəri təhqir edib...”- dedi və sual dolu baxışlarını üzümə zillədi. Çətin sual vermişdi oğlum...

Əslində , əminəm ki, bu fikir evimizə təhsil aldığı məktəbdən gətirilmişdi. Bilmirəm, bu cür düşünənlərin sayı o məktəbdə çoxluqdur, yoxsa azlıq, amma hətta bir neçə nəfər, o cümlədən evdə daim insan haqlarından, azadlıqlardan, tolerantlıqdan, demokratiyadan olan söhbətlərin içində böyüyən oğlum bu cür düşünürsə, narahat olmaq üçün ciddi əsaslar var.

Onun ölümündən sonra da, təəssüf ki, bu faciəyə münasibət birmənalı deyil. Bu ölümü millətin faciəsi kimi qarşılayan və ağrıyanlar da var, sevinənlər də.

Bir neçə il əvvəl Türkiyədə erməni əsilli jurnalist Qrant Dink öldürüləndə Türkiyə cəmiyyətində, mediasında baş verənlər, yəqin, çoxlarının yadındadır. Hətta çoxlarımız təəccüblənmişdik və hətta təəssüflənmişdik türklərin “biqeyrətliyindən”: əbədi və əzəli düşməni olan millətin təmsilçisi, özü də yazılarında Türkiyə və türklərə sevgi bəsləmədiyini açıq-aşkar nümayiş etdirən birisinin öldürülməsinə “Biz həpimiz Qrantız”, “Biz həpimiz erməniyiz” deyib küçələrlə tökülməklə, etiraz piketləri, yazıları, çıxışları ilə reaksiya verən türkləri anlamırdıq çoxumuz. Amma türklər bizdən ağılsız deyildilər. Yalnız bu cür davranış Türkiyə cəmiyyətinin maraqlarına cavab verirdi. Hətta bu ölkəni sevməyən adamın qətlini pisləyən, onun qatillərini mühakimə edən toplum-türk yazarı, siyasətçisi, adi vətəndaşı özü üçün, övladı üçün, ölkəsi üçün edirdi bunu.

Rafiq Tağı bu ölkənin düşmənlərindən deyildi. O, sadəcə, bəzən bizdən fərqli düşünürdü və bizdən fərqli olaraq, düşündüklərini deyirdi, yazırdı. Onunla razılaşmaya bilərik, ona hətta nifrət də edə bilərik, amma onun ürəyinə sancılan bıçaqlara sevinməyimizin adı nə?! Və ya bu qətli ümumilikdə dindarların və ya İslamın (hətta qətli dindarlar törədiblərsə belə) adına yazmaq bir o qədər səhv və ziyanlı addım...

“Rafiq Tağını kim öldürüb?” sualı çoxlarını narahat edir. Mənim üçün bu məsələdə qaranlıq olan bir şey yoxdur: Elmar Hüseynovu kim qətlə yetiribsə, Rafiq Tağının həyatına qəsd edən də onlardır.

Baxın, az qala, bütün dünya bu hadisədən danışırdı, bizim hakimiyyət və onun nəzarətində olan parlament, televiziyalar, media heç nə olmamış kimi susurdu. Hakimiyyət susmaqla münasibətini ortaya qoydu. Elmar qətlə yetiriləndə, jurnalistlər maşın altına salınıb əziləndə, bıçaqlananda, insanların evləri başına uçurulanda susduğu kimi... Amma biz hakimiyyətin danışdığı, ittiham etdiyi vaxtları az görməmişik. Çox uzağa getməyim, toplaşmaq haqqını reallaşdırmaq istəyənləri qatı cinayətkarlar kimi təqdim edən və pisləyən MTN, DİN, Baş Prokurorluğun birgə bəyanatı kimi... Təəssüf ki, bu cür bəyanatları biz nə Elmar öldürüləndə gördük, nə jurnalistlər bıçaqlananda, maşın altına salınıb qol-qıçı sındırılanda, nə də Rafiq Tağının həyatına qəsd olunanda...

Bu cinayətə görə hakimiyyət o zaman məsuliyyət daşımazdı ki, bir neçə il öncə sonu uzunmüddətli zindanla yekunlaşan məhkəməsində “Rafiq Tağıya ölüm!” deyə çığıranlar cəzasını alaydılar. Qonşu ölkələrin ayətullahları ölümünə fətva verəndə hökumət həmin ölkəyə etiraz ünvanlayaydı. Elmarın qatilləri tapılıb, cəzalandırılaydı. İnsanlara öz fikirlərini bəyan etmək üçün, normal müzakirələr və mübahisələr aparmaq üçün, meydan veriləydi. Cəmiyyət bunlardan məhrum ediləndə, birinin sözü o birinin boğazından keçməyən kütlə yetişəcək, mübahisələr, fikir ayrılıqları bıçaqla, silahla həll olunacaq.

Bu itkinin ağrısı böyük. Və onun gətirdiyi ağrıdan doğan hər ehtiyatsız sözün, bəyanatın, çağırışın vura biləcəyi ziyan da böyük. Xüsusilə bu, cəmiyyətin etibar və etimad göstərdiyi adamların dilindən səslənəndə...

Buna yol vermək olmaz. Rafiq Tağını bu hakimiyyət öldürdü. Bu cinayətin məsuliyyəti hakimiyyətin boynunda. Hesabı da ondan tələb etmək gərək!

“Azadlıq” qəzeti