Rafiq Tağıya sui-qəsd edildi

rafiq-tagiya-sui-qesd-edildi
Oxunma sayı: 681

Bir neçə dəqiqə əvvəl tanınmış yazıçı Rafiq Tağı bıçaqlanıb. Bu barədə “Qafqazinfo”ya digər yazıçı Rasim Qaraca məlumat verib. O bildirib ki, R. Tağının qardaşı ona zəng edərək yazıçının bıçaqlandığı haqda xəbər verib. O deyib ki, R. Tağı avtobusdan düşərkən naməlum adamların hücumuna məruz qalıb. Onlar yazıçının boynundan, qarnından və kürəyindən bıçaqlayıblar.

Hadisə şahidləri dərhal təcili tibbi yardım çağırıblar və R. Tağı hazırda xəstəxanaya yerləşdirilir. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Tağıyev Rafiq Nəzir oğlu 5 avqust 1950-ci ildə Azərbaycanın Masallı rayonunun Xoççobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir.

1981-1983-cü illərdə İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunun “daxili xəstəliklər” üzrə klinik ordinaturasında oxuyub. Terapevt-kardioloq, kardioloq-reanimatoloqdur.

1972-1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb.

1979-cu ildə Kalinin vilayəti Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979-1983-cü illərdə Moskva şəhəri “Medsantrud” adına 23 saylı şəhər klinik xəstəxanasında, 1983-1990-cı illərdə Moskva şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləmişdir. 1990-cı ildən indiyə kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləməkdədir. Bu illərdə paralel olaraq Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən “KM” Müayinə-Müalicə Mərkəzində çalışmışdır.

Rafiq Tağı ilk gənclik illərindən bədii yaradıcılıqla məşğuldur. 1968-ci ildə ilk şeiri Masallının “Çağırış” rayon qəzetində, “Fərqanə” adlı ilk hekayəsi 1977-ci ildə “Ulduz” jurnalında çap olunub. Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları respublika və xarici ölkələrin dövri ədəbi mətbuatında mütəmadi dərc edilmişdir. Yazıları həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub.

2004-cü ildə “Qafqazın qartalı Şaumyan belə...”(Səməd Vurğun) adlı essesinə görə, 1988-ci ildən üzvü olduğu, Azərbaycan Yazıçılar Birliyindən xaric edilmiş, 2006-cı ilin 15 noyabrında “Sənət qəzeti”ndə dərc etdirdiyi “Avropa və biz” essesinə görə həbs olunmuş, ona 3 il iş kəsilmiş, lakin 29 dekabr 2007-ci il tarixdə dövlət başçısının əfv fərmanı ilə azadlığa buraxılmışdır.

“EQO” Yaradıcılıq Ordeninin üzvü olub. Hazırda Azad Yazarlar Ocağının üzvüdür.

Çap olunmuş nəsr kitabları: “Yanaşı ulduzlar”(1987), “Düşmənimin xatirinə”(1991), “Pozitiv.Neqativ”(1996), “Şahzadə Dipendranın məhəbbəti”(2005), “Ucaboy liliput”(2005), “Gənc qraf Kenterberiyski”(2006). Yaxın vaxtlarda “Ekstremal şeirlər” kitabını və esselərdən ibarət ikicildliyini çap etdirmək arzusundadır.

Ailəlidir. 3 övladı var.