“Rafiq Tağıya xəstəxanada ikinci sui-qəsd ola bilərdi” - Müsahinbə

rafiq-tagiya-xestexanada-ikinci-sui-qesd-ola-bilerdi-musahinbe-
Oxunma sayı: 658

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, müstəqil hüquqşünas-tədqiqatçı İlqar Altaylın “Qafqazinfo”ya müsahibəsi:


- İrandan səfərdən qayıdanda, «Yeni Müsavat» qəzetinə açıqlamanızda bildirmişdiniz ki, səfəriniz barədə mətbuat konfransı keçirib geniş açıqlamalar verəcəksiniz.

- Doğrusu, Bakı Media Mərkəzində mətbuat konfransı keçirmək üçün yaxın zamana yer olmadı. Aktuallığını itirməmək üçün yazıçı Rafiq Tağının qətli barədə İrandan əldə etdiyim məlumatları «Yeni Müsavat» qəzetinə verdim. Səfər zamanı Tehranda şahidi olduğum Britaniya səfirliyinə basqı barədəki çox vacib müşahidələrim «qafqazinfo», «mia.az» saytlarında, «Bizim yol» qəzetində işıqlandırıldı. İrandakı İctimai-siyasi və soydaşlarımızın vəziyyəti barədə isə, «İran Tədqiqatları-2» təhqiqat hesabatımda veriləcək. Gördüm ki, daha, bunlar bəs edər.

- İrana səfəriniz necə keçdi? Problemlər yaranmadı ki?

- Bu, mənim İrana ikinci tədqiqat səfərim idi. İranda ictimai-siyasi vəziyyət, İran-Azərbaycan münasibətlərindəki gərginliklərin ictimai səbəb və mənbələri, oradakı soydaşlarımız olan azəri türklərinin durumu və c. məsələlər üzrə nəticələrə gəlmək üçün kifayət qədər materiallar əldə etdim. Problemlər isə, İran kimi sərt rejimdə olmaya bilməz. Bir təhər ötüşdük.

- İrandakı daxili vəziyyət barədə müxtəlif ziddiyyətli fikirlər söylənilir. Əslində orada ictimai-siyasi durum necədir?

- Mənim fikrimcə, son dərəcə gərgindir. Bu gərginlik əvvəllər sıravi İran xalqı içərisində idisə, indi İran hakimiyyəti içərisindədir. İran xalqı və cəmiyyəti əvvəllər həm, dini interpretasiyalar üzərində qurulmuş qaranlıq bir ideoloogiya siyasətinin yaratdığı problemlərdən əziyyət çəkirdilər. Və eyni dərəcədə də, bu antidemokratik siyasəti həyata keçirən hakimiyyət rejiminin nə zaman bitəcəyi ümidsizliyindən əziyyət çəkirdilər.

- İndi deyəsən, bu ikinci faktor aradan qalxıb.

- Bəli, artıq ümid yaranıb ki, rejim çökür və özü problemlər içərisindədir və artıq azadlıq zamanın məsələsidir. İran hakimiyyət rəhbərliyi həqiqətən bərk təşviş içindədir. Çox şübhəli, sərt, narahat və qəzəblidirlər. Sanki, hər zaman, hər yerdən, hər kəsdən təhlükə gözləyirlər. Bu neçə ildə islam dini dəyərlərini öz primitiv düşüncə səviyyələrində yönləndirmək, bu yeni «ixtira»-ideyanı dövlət idarəçiliyi və cəmiyyət tənzimlənməsində istifadə etmək ağır fəsadlar törədib. Öz yeni idarəetmə kəşfləri ilə özlərini hamıdan fərqli və hamıdan üstün tutublar. Bununla da, illərlə bütün dünyanı dəyişmək xülyasına qapılıblar və ayılanda görüblər ki, dünyadan da, xalqdan da uzaq düşüblər. İran hakimiyyət rejimi artıq yuxarıdan beynəlxalq təzyiq və aşağıdan xalqın qəti narazılığı kimi iki güclü faktorun məngənəsindədir. Narahatlıq da, onlarda buradan yaranır.

- İran hakimiyyətinin göstərdiyiniz iki güclü faktora başı qarışıbsa, sizcə Azərbaycana qarşı belə təhdidli münasibətdə olması nədəndir? Bir çoxları belə fikirdədir ki, İran Azərbaycanın möhkəmlənməsini və inkişafını istəmir və bu təhdidlər o səbəbdəndir.

- Doğrudur, İran hakimiyyət rejimi həmişə Azərbaycanın bir dövlət kimi varlığının əksinə olub. Ancaq İranın son dövrlərdəki təhdidlərini buna bağlamaq olmur. İndi İran rejiminin elə bir həvəsi qalmayıb ki, hansısa ölkənin daxili işinə qarışıb inqilab ixrac etsin. Buna onun heç halı yoxdur və o, bu saat öz hayındadır. Görünür, İran ona qarşı gələcək müharibədə Qərbin, NATO və İsrailin Azərbaycan ərazisindən istifadə edilə bilməsindən narahatdır. Ola da bilsin, artıq Azərbaycan ərazisində ona qarşı hərbi-kəşfiyyat şəbəkələrinin yerləşdirildiyini, bu istiqamətdə iş aparıldığını yəqin edir.

- Əvvəllər axı, İrana qarşı indiki kimi sərt beynəlxalq təzyiq və müharibə təhlükəsi yox idi və ortada Azərbaycan ərazisindən istifadə problemi də yox idi. Ancaq dediyiniz kimi, İran həmişə Azərbaycanın bir dövlət kimi varlığının və inkişafının əleyhinə olub...

- Bu artıq siyasi-ideloji məsələdir. Bunu həmin rejimin götürdüyü milli-ideoloji istiqamət tələb edir. Bu da ondan ibarətdir ki, İranda yaşayan 35-40 milyonluq azəri türkü çoxluğunun dili, tarixi, ənənəsi və ümumiyyətlə milləti inkar edilir. Çünki onların yürütdüyü yanlış ideyalara görə, guya, farslarla azəri türkləri qarışıb yeni bir İran milləti adlı surroqat əmələ gəlib. Özü də fars mədəniyyəti, ənənəsi, dili, məktəbi, yazısı və s. altında. Görün bir, nə qədər xülya dolu avantüranın altına girəsən ki, 40 milyonluq millətin varlığını inkar etməyə məcbur olasan. Minilliklərlə formalaşmış milli-etnik-genetik faktoru insanın içindən necə çıxarmaq olar? Buna dünyada hansı elm qadirdir? Yalnız gərək, həmin toplumu tamamilə fiziki məhv edəsən, genosid törədəsən bunun üçün. Hansısa milləti mənimsəməyə heç Sovetlərin Kommunist diktaturasında Lenin, Stalin belə cəsarət etməyib. Millətəi məhv etmək olar, amma mənimsəmək olmaz. Eyni bir millətin 35-40 milyonluq toplumunu öz içərisində tanımayan bir rejim həmin millətin qonşuluqdakı 9 milyonluq hissəsinin müstəqil dövlət qurmasını qəbul edərmi? Məntiq budur.

- İrandakı azəri türklərinin yaşayış səviyyəsi və ümumi durumu necədir?

- Mən deyərdim ki, onlara yaradılmış milli-etnik problemlərə rəğmən, kifayət qədər həmrəy, gümrah, möhkəm və demoqrafik baxımdan artımlıdırlar. İşgüzardırlar və dolanışıq-yaşayışları heç də pis deyil. Milli varlıq və birliklərini daha əzmlə qoruyub saxlayırlar. Ticarətdən tutmuş ruhaniliyə və hakimiyyətin ən yüksək təhlükəsizlik orqanlarındək hər yerdə yuxarı vəzifələrdə kök atıblar. Belə desək, rejimin türkü farslaşdırma siyasəti əslində, farsı türkləşdirib. Təbrizdən olan, Urmiya gölünə görə həbsdə olmuş güney azəri fəalları, savadlı vəkil-hüquqşünasları ilə görüşdüm. Kifayət qədər mübariz, tədbirlidirlər və çox düşünülmüş, sistemli bir azadlıq siyasəti aparırlar. Onu deyim və gələcək də göstərəcək ki, bu gün İran içərisində, regionda böyük, güclü, dayanıqlı bir dövlətə çevrilməyə qadir vahid azəri milli toplumu yetişir. Hətta, bizim müstəqil Azərbaycanla birləşməyindən asılı olmyaraq. İndiki zaman və bütün bu proseslər onların xeyrinə işləyir.

- İranda farsların vəziyyəti necədir, bu durumun onlara da təsiri olurmu?

- Maraqlıdır ki, hakimiyyət fars rejimi adlansa da, bu heç də farsların üstün və yaxud hegemon mövqe tutması anlamını vermir. Bütün imperiya tipli rejimlərdə olduğu kimi, hansısa bir millət nümunəvi aparıcı rolunda qabağa verilir, məsuliyyət və qınaqlarla üzbəüz qalır və ancaq xeyrini bir qrup hakimiyyət toplumu görür. Əslində farslar özü mədəni, tərbiyəli, güclü qədim tarixi ənənəsi olan millətdir. İranın bu günkü gərgin dövründə belə, öz stabil mədəni münasibət dəyərlərini saxlayırlar. Hiss olunur ki, tarixdə bütün şərq regionunda çox sivil inkişaf ıə yaşayış dövrü keçiblər və bu gün onlar bəlkə də, indiki rejimin siyasətindən daha çox əziyyət çəkirlər.

- İlqar müəllim, keçək yazıçı Rafiq Tağının qətli məsələsinə. İranda bu barədə də araşdırma aparmısınız və əldə etdiyiniz bəzi faktlar mətbuata açıqlanıb. Yazıçıya qarşı ölüm fitvasının arxasında nə durub?

- Rafiq Tağı istedadlı və o qədər də sərt yazıçı olub. Xalqın çətinlik çəkən sadə çoxluğunun adamı olub və yazıları ilə onun ruhunu daha çox qidalandırıb. Çünki özü də çətinlik yaşayıb. Ola da bilsin, ağır, baş tutmamış ziddiyyətli həyatın yaratdığı narazılıq hissi onu yaradıcılığında hər şeyin ifratına varmağa sövq edib. Qabağına keçən, ürəyincə olmayan hər tərəfi və hər kəsi tənqid edib və ifrat sərt tərzdə. İslamı və İranı da həmçinin. Rafiq Tağı İslama və Peyğəmbərə qarşı məqaləsinə görə Azərbaycanda 3 il müddətinə həbs cəzası aldı və 1 ildən sonra əfv olundu...

- Yəqin İranda yaşasaydı, həmin fətvalara əsasən çoxdan fağır cəzalanarmış...

- Orta əsrlərdə dinə və dövlətə qarşı çıxan insanın cəzası nə olurdu? Dərisi soyulurdu və ya yandırılırdı. İranda da orta əsrlərin günah və cəza tənzim normalarını tətbiq edilir. Bu halda dini rejimin ruhaniləri də Rafiq Tağıya ölüm fətfası çıxarıb. Bu elə də təəccüblü görsənməməlidir.

- Həmin fətfanın Rafiq Tağının ölümü ilə sizcə nə dərəcədə əlaqəsi ola bilər?

- Tehran və Qum şəhərlərində Rafiq Tağıya ölüm fetvası və ölümündən sonra təbrik bəyanatı vermiş ayətullah Lənkəranilərin ofislərində oldum. Dini lider Xameneinin və siyasi liderlərdən ayətullah Seddiqinin dəftərxansında oldum. Hakimiyyətyönlü ictimai və media nümayəndələri ilə bu barədə söhbətlər etdim. Kifayət qədər araşdırmalar apardım. Belə başa düşdüm ki, həmin ölüm fitvası əslində İranın daxili auditoriyasına yönələn ictimai-siyasi addımdır. Ali ruhanilər ölüm fetvası ilə vəzifə borcunu yerinə yetiriblər ki, başqaları ibrət götürsün, neçə illər tətbiq edilən qorxu hissini itirməsin. Ancaq bildirdilər ki, fitva ilə onun icrasının birbaşa əlaqəsi yoxdur. Yəni, məcbur deyil ki, konkret şəxs gedib onu icra etsin. Yəni, islam dininin istənilən inanclı nümayəndəsi bu ölümü icra edə bilər və edərsə, bu onun üçün savab sayılar. Hətta İran cinayət qanunda belə bir maddə var ki, bir şəxs ölümə layiq olarsa, onu öldürən cəza almır. Bu da çox təəccüblü və mürəkkəb haldır. Ölümə layiq olmaq hansı meyarla ölçülür, bu, qeyri-müəyyəndir və istənilən formada tətbiq oluna bilər.

- Belə çıxır ki, ayətullahlar yazıçının Bakıda törədilmiş qətlində aidiyyətli olduqlarını təkzib etdilər.

- Yenə qeyd edirəm ki, ayətullahlar daxili auditoriya, İran camaatı üçün və bir qədər də digər islam cəmiyyətləri üçün bildirirlər ki, bəli biz fətva vermişik, icra olunub və hər kəs bu cür cəza alacaq. Çünki illərlə apardıqları qorxu və tabeetdirmə siyasətinin tərkib hissəsidir bu. Burada məncə həm də, «Rafiq Tağını Azərbaycanın Salman Ruşdisidir!» kimi qabardıb göstərməklə İran daxilində və müsəlman dünyasında Azərbaycanın nüfuzuna xələl gətirmək xəttini də müşahidə etmək olur. Ancaq söhbət beynəlxalq səviyyəyə çıxanda, İran dövlətinə başağrısı gələcəyini gördükdə tamamilə bu qətli üzərlərindən atırlar. Onu da qeyd edim ki, İranda ruhanilər və xüsusilə də, dövlətin ideoloji təbliğat məmurları ona da hazırdırlar ki, əgər, Azərbaycan istintaqı bu qətlin İran tərəfdən təşkil olunduğu nəticəsinə gəlsə, onlar da Azərbaycan hakimiyyətinə qarşı əks arqumentlərlə çıxış etsinlər.

- Bəs sizin bir ekspert-kriminalist mütəxəssis kimi Rafiq Tağının qətlinə yanaşmanız necədir? Yazıçının ölümünün konkret səbəbi o qədər də aydın deyil ictimaiyyətə.

- Rafiq Tağının ölümünün xəstəxanada bir neçə gün müalicədən sonra baş verməsi ziddiyyət doğuran və istintaq işini çətinləşdirən məsələdir. Mərhuma bir neçə bıçaq vurulub, daxili orqanları zədələnib, qan itirib amma, ölüm hadisə yerində baş verməyib. Əksinə, aldığı xəsarətlərin çox da ağır olmaması ona imkan verib ki, durub evinə gesin və xəstəxanaya çatdırılsın. Xəstəxanada əməliyyat olunub, müalicə alıb, reanimasiyadan, yəni kritik haldan çıxıb. İlk 4 gün ərzinndə ümumi vəziyyəti KİV-ə müsahibə vermək dərəcəsində yaxşılaşmağa doğru gedib. Sonra birdən-birə, tibbi nöqteyi nəzərindən proqnozlaşdırılmayan və cəmiyyət üçün gözlənilməz ölüm baş verib. Nəql etdiyim belə bir ardıcıllıqda ölümün bilavasitə səbəbini müəyyən etmək kifayət qədər ziddiyyətli və mürəkkəb işdir. Bu cür ölümdə əsas yük sırf məhkəmə-tibb ekspertizasının səlahiyyət və məsuliyyətinə düşür və adətən ekspertiza üçün həmişə arzuedilməz çətinlik törədir. İndi ekspertiza konkret bir neçə variantdan birinin üzərində dayanmalıdır. Birincisi, obyektiv əsaslandırılıb müəyyən edilməlidir ki, ölümün səbəbi bıçaqla yetirilmiş xəsarətlər, ya onların ağırlaşmasıdır yoxsa, yox. Yəni sadə desək, bıçaqla törədilmiş sui-qəsdlə xəstəxanadakı ölüm arasında birbaşa əlaqə varmı? Birbaşa əlaqə varsa, o zaman vəziyyət və istintaqın da işi bir qədər sadələşir.

- Yəni, ölümün başqa hansı səbəbləri ola bilər?

- İkinci variant kimi, ola bilsin ki, ölümə səbəb həkimlərin səhvi ya, səhlənkarlığıdır. Yəni, alınmış xəsarətlərdən sağala bilərmiş, ancaq düzgün sağaltmayıblar. Nəhayət, yoxsa, mərhuma qarşı xəstəxanada kənar təsir olub, yəni, Rafiq Tağıya qarşı ikinci sui-qəsd baş verib? Bu suallara cavab vermək imkanı rəsmi ekspertizaya aiddir. Bu cavablar istintaqın istiqaməti və gedişi üçün mühümdür. Əgər xəstəxanada ikinci sui-qəsd baş veribsə, bunu artıq istintaq aydınlaşdırmalıdır ki, bunu birinci sui-qəsdi edən qüvvə öz əməlini başa çatdırmaq üçün edib, yoxsa bunu, yaranmış vəziyyətdən yararlanan ikinci bir qüvvə törədib.

- Sui-qəsdi törədən xarici və daxili qüvvələr, tərəflər haqqında da versiyalar irəli sürülür. Siz hansı versiyanı daha real görürsünüz?

- Artıq aydındır ki, ortada hazırlıqlı, planlı sui-qəsd var. O da bəllidir ki, bu sui-qəsd Rafiq Tağını kəskin yazılarına görə cəzalandırmaq üçün təşkil olunub. Bunun konkret hansı qüvvələr tərəfindən təşkil olunmasının myəyyən olunması rəsmi istintaqın imkanındadır. Biz müstəqil ictimai təhqiqatçılar ancaq, bu barədə real versiyalarımızı irəli sürə bilərik. Mərhum yazıçı yazılarında çox müxtəlif tərəfləri tənqid edib. Ona görə də müxtəlif rəqib tərəflər bu qəıdi bir-birinin üzərinə ata bilər. Məsələn, Qərb marağındadır ki, burada İran tərəfinin əli olsun. Müxalifət isə, bunun hakimiyyət tərəfindən törədilməsi gümanını əsaslandırır. İran isə, hələlik iddia edir ki, bu ölümü ABŞ-İsrail birliyi törədib ki, Azərbaycanla İranın arası vurulsun. Ancaq hələlik. Mən əminəm ki, əgər istintaqda qətlin İran variantı ortaya çıxsa, İran dərhal qətlin Azərbaycan hakimiyyətinin işi olduğunu bildirəcək. Mənim şəxsi fikrimcə bu versiyalardan daha realı dini faktor və xüsusilə İran faktoru ola bilərdi. Ancaq qəti fikir söyləmək bir qədər zaman məsələsidir.

- Maraqlıdır zaman nəsə verə bilərmi bundan sonra, xüsusən də, hər şey istintaq sirri altında olmaqla. Bu cür müəmmalı ölüm işləri üzrə təcrübəli mütəxəssis kimi Rafiq Tağının ölümü barədə ümumiyyətlə, konkret formalaşmış fikriniz olmalıdır axı...

- Ümumiyyətlə, baş vermiş hər hansı hadisənin araşdırılmasında hadisədən əvvəlki qədər də, ondan sonrakı proseslərin müşahidəsi vacibdir. Onu görürəm ki, ölüm hadisəsindən sonra bu ətrafda qəribə proseslər gedir.

- Nəyi nəzərdə tutursunuz?

- Kimlərsə irəli çıxıb Rafiq Tağının qətli ilə bağlı müstəqil təhqiqat qrupu yaradırlar. Əvvəlcə, İran ayətullahının yazıçının ölümü ilə bağlı yaydığı təbrik bəyanatını əsas götürüb, 100 faiz bu ölümün İran tərəfdən təşkil edildiyinə əmin olduqlarını bəyan edirlər. Sonra nədənsə, fikir dəyişir. Gedib o ətrafda bir iki mağazanın kamerasına baxırlar, Nardarana gedirlər. Çıxış edib deyirlər ki, İran boyda dövlətin işi gücü qurtarıb, niyə bunu etsin ki, özü də öz iranlılarının mağazalarının həndəvərində?! Eyham vururlar ki, axı Rafiq Tağı, hakimiyyət barədə də sərt çıxışlar edib. Beləliklə, qətlin təşkili fikirlərini hakimiyyətə doğru yönəldirlər. Nardarandan əzmkarlıqla bildirirlər ki, mühüm faktlarla gəlirik, filan gün mətbuat konfransı keçirib hər şeyi açıqlayacaqlar. Sonra, arada yenə, nəsə baş verir və yenə fikir dəyişir. Mətbuat konfransında qətlin faktları yaddan çıxır və əvəzində penitensiar sistemdə monitorinq layihəsinə icazə verdiyinə görə Ədliyyə Nazirliyinə təşəkkür bildirirlər. Apardıqları araşdırmanın yekunlarını isə, ayın sonunda açıqlayacaqlarını bildirirlər. Mən də onu gözləyirəm, görək bu işin axırı nə olur. Görək talesiz, kasıb bir yazıçının faciəli ölümündən yararlanmaq nə dərəcədə mümkündür bizim dövrdə. Ancaq bu müşahidəm doğrulsa, həmin tərəfləri sərt tənqid edəcəyəm və mənim də tənqidimin sərtliyini yəqin ki, bilməmiş deyillər.