“Rafiq Tağıya xəstəxanada ikinci sui-qəsd olması da mümkündür”- Müsahibə

rafiq-tagiya-xestexanada-ikinci-sui-qesd-olmasi-da-mumkundur-musahibe-
Oxunma sayı: 665

Söhbətin əvvəlində İlqar Altay Fransada qəbul olunmuş «inkara qadağa» qanunun hüquqi cəhətdən daha çox, qərəzli siyasi və mənəvi-emosional təsir xarakteri daşıdığını söylədi: «Əslində, güclü hüquqi mahiyyət daşıyan akt 2001-ci ildə Fransa parlamentinin «soyqırım»ı tanımaq qərarı olub. Bu günkü, «soyqırım inkarı»nın cinayət sayılması qanunu sadəcə, həmin «tanıma aktından» doğan təzahürdür. Sabah məsələn, bir başqa qanun da ola bilər ki, «soyqırım»dan zərər çəkmişlərin ailələrinə Fransada xüsusi imtiyazlar verilsin və s. Əslində siyasətçilər, hüquqşünaslar üçün əslində bu gözlənilməz olmamalı idi və bu günkü güclü etiraz öz zamanında sərgilənməli idi. Soyqırım tanınması, sonradan ciddi nəticələr doğura bilən qədər ciddi qərardır və qarşısı vaxtında alınmalıdır».

İlqar Altay qondarma erməni soyqırımı məsələsinin kökündə, erməni təəssübündən daha çox, Türkiyə kimi böyük dövlətlə digər böyük dünya dövlətləri arasında siyasi dartışmanın durduğunu qeyd etdi: «Bu proses gördüyümüz kimi, dayanmır, irinləyib metastaz verib inkişaf edir. Aradabir sakitləşsə də, günü-gündən, ili-ildən baş qaldırır və qaldırdıqca da genişlənir, dərinləşir. Nə ermənilər bundan əl çəkmir, nə də onların havadarları. «1915-ci ildə ermənilərin kütləvi qırğını» nağılı tədricən bütün dünya ictimaiyyətinin şüuruna yeridilir. Dünyanın 20-dən artıq ölkəsi bu yalanı tanıyıb. Bunlar ciddi və narahatedici faktdır. Qanunlar mahiyyətcə iki cürdür. Əsas, ideloji mahiyyətli qanun və həmin qanunun icra mexanizmini tənzimləyən təzahürxarakterli ikincili qanunlar. Sabah həmin «soyqırımı» tanımış başqa ölkələr də, «tanıma» qanununa əsaslanıb bu cur «inkarı qadağa» kimi əlavə qanunlar qəbul etsələr, onda nə olacaq? Hər bir ölkə ilə bu stresslər, qarşıdurmalar yaşana biləcəkmi? Ona görə də, düşünürəm ki, problemin, xəstəliyin təzahürlərilə yox, mənbəyi ilə, kökü ilə mübarizə aparmaq lazımdır».

Həmsöhbətimiz Türkiyə dövləti və onun liderləri, siyasətçiləri, tarixçiləri və aidiyyətli orqanlarının məsələnin qarşısına düşünülmüş, sistemli, elmi əsaslı, müasir inandırıcı metodlarla çıxmasının vacibliyini bildirdi: «Belə bir ciddi dünyəvi xəstəliyə çevrilən faktorun qarşısına ara-sıra, kəskin impulsiv etiraz və sərt nümayişkəranə tədbirlərlə, sanksiyalarla çıxmaq yalnız müvəqqəti, keçici nəticələr verə bilər. Əgər mübarizə sistemli və ideoloji əsaslı qurulmayıbsa, buna lap Azərbaycan, Qırğızıstan, bütün türk dünyası qoşulsa belə, effektli nəticə əldə etmək çətin ola bilər. Burada heysiyyat hökm sürsə belə, bu «soyqırım» ətrafında baş verənlər sseneari üzrə aparılan tipik, məqsədli siyasətdir. Burada zənnimcə, real dönüş yarada biləcək yeni keyfiyyət və effektli bir siyasət irəli sürməlidirlər».

Azərbaycan tərəfinin bu məsələdə Türkiyəyə kifayət qədər dəstək olduğunu qeyd edən İlqar Altay bununla belə, iki qardaş ölkə rəhbərliyi arasında müəyyən gərginlik yaşandığının da aşkar olduğunu qeyd etdi: «Azərbaycan Fransa senatının bu cür absurd, antibəşəri qərarına qarşı insafən, fədakarcasına Türkiyənin yanında oldu və birlikdə həyəcan yaşadı. Ölkəmizin müxalifətdən tutmuş ziyalı və iqtidara kimi bütün siyasi və ictimai təbəqələri ümummilli problem səviyyəsində Fransaya qarşı etiraz bildirdi. Dünya şöhrətli dramaturqumuz Maqsud İbrahimbəyov Fransa ordenindən imtina etdi. Lakin, bu proseslər iki qardaş ölkənin rəhbərliyi arasında anlaşılmazlıq mühitinin varlığını da üzə çıxardı. Məlum oldu ki, Türkiyə tərəfi hər şeydən başqa, təkidlə prezident İlham Əliyevin də rəsmi mövqe bildirməsni gözləyir. Rəsmi Bakı isə hələlik, həmin təkidlə susur. Və bu ətrafda təbii ki, təəssüfdoğurucu mülahizələr, şübhələr, müxtəilif şərhlər yaranır».

Hüquqşünas Fransa Senatının qəbul etdiyi qanunun əsassız olması və hətta, təsdiq edilsə belə, tətbiqinin mümkünsüzlüyü barədə də danışdı: «Fransa «soyqırım faktını» tanımaqdan daha da ifrat qabağa gedib, onu aşkar inkar edənlərə qarşı cəza tətbiqi barədə qanun qəbul edib. Yəni, müasir Avropa insanı, Fransa vətəndaşı heç bir müzakirə və inkara yol vermədən düşüncəsində həkk etməlidir ki, 1915-ci ildə türklər erməniləri qırıblar! Halbuki, o ölkədə vətəndaşın ixtiyarı var ki, prezident Sarkozinin özünün prezident olmasını inkar etsin, onu dövlət başçısı kimi tanımasın. Bu qərar hüquq və təməl insan haqları normaları baxımından və xüsusən də, məntiqi cəhətdən müasir dövrdə qəbuledilməz aktdır. Baxmayaraq ki, Fransa hüquqşünasları hansısa normalar və presedentlərlə bunu əsaslandırmağa çalışırlar.

Belə xarakterli, bəşəri qınaq yaradan qanun bəlkə də, fövqəladə fəlakət ya, ümumilli təhlükə qarşısında istisna kimi qəbul edilə bilərdi. Fransada bu istisna hal ermənilər üçün edilib. Yəni, həmin qərar siyasi qərəzlidir, bütün türk dünyasına qarşı yönəlib, ermənilərin mövqeyini gücləndirir və Qarabağ münaqişəsi məsələsində Azərbaycanın qəti əleyhinə işləyir. Fransanın bu dərəcədə qərəzli, ermənipərəst hərəkəti, Qarabağ münaqişəsinin həllində onun ATƏT-in Minsk Qrupundakı vasitəçilik, barışdırıcılıq missiyasını tamamilə şübhə altına salır. Düşünürəm ki, rəsmi Azərbaycan üçün bu hal tutarlı faktdır ki, fürsət düşmüşkən, Fransanın vasitəçiliyindən imtina edə bilər».

İlqar Altay bu qanunun Türkiyənin NATO üzrə müttəfiqləri olan ABŞ və Britaniya və bütün ədalətli, vicdanlı dünya tərəfindən qınanacağına əmin olduğunu, Fransada yuxarı ali instansiyalar tərəfindən təsdiqlənməyəcəyinə ümid etdiyini və hətta tam qəbul olunsa belə, onun reallıqda icrasının mümkün olmayacağını bildirdi.

Fürsətdən istifadə edib hüquqşünas-tədqiqatçıdan yazar Rafiq Tağının qətli ilə bağlı İranda apardığı tədqiqatın nəticələri və Eynulla Fətullayevin rəhbərlik etdiyi təhqiqat qrupunun bununla bağlı bu yaxınlarda hesabatı barədə də soruşduq: «Rafiq Tağının qətli ilə bağlı İranda və Azərbaycanda apardığım müstəqil təhqiqat barədə bir mütəxəssis kimi ixtisaslı, dolğun və obyektiv nəticəyə gəlməyim üçün bir qədər zamana ehtiyac var. İlkin istintaqın gedişini, nəticələrini gözləçmək lazımdır. Bəzi sənədlər, ekspertiza rəyləri analiz olunmalıdır. Yaradılmış təhqiqat qrupunun məlum hesabatı barədə isə onu deyə bilərəm ki, onu oxuduqda qətlin İran versiyası tamamilə istisna edilir, bütün ittihamlar birmənalı hakimiyyətin üzərinə yönəlir. Mən isə, o fikirdəyəm ki, qətldə İran versiyasını tamamilə istisna etmək olmaz. Eyni zamanda, Rafiq Tağıya xəstəxanada ikinci sui-qəsd olması da mümkündür. Ancaq hesabatı söz və fikir azadlığı, demokratiya üçün müsbət addım hesab edirəm. Myəyyən iş görülüb, xeyli zəhmət çəkilib, ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün xeyirlidir.