Ramazan ayı

ramazan-ayi
Oxunma sayı: 995

İslam aləmi 1400 ildən çoxdur (Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! (Ələq surəsi, ayə 1) hikmətindən başlanan “...dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim” (Maidə surəsi, ayə 3) müjdəsi ilə tamamlanan ehkamın təntənəsini bayram edir.

Allah-Təala Quranda iman edən qullarına bir çox əmr və tövsiyyələr etmiş, onlara müxtəlif ibadət növlərini göstərmişdir. Bu ibadətlərin hər birinin möminlər üçün saysız hikməti vardır. Allahın ucalığını təqdir edə və Quranın ruhunu qavraya bilən müsəlmanlar dərin düşüncəyə malik olsalar, bu hikmətlərin böyük qismini anlayar. Bəli, söhbət müqəddəs Kitabın ruhunu qavramaqdan gedir. İnsan Allahın ona buyurduğu ibadətin ruhunu dərk edə bilmirsə, deməli, ona bu ibadətdə maddədən başqa bir pay düşmür. Azərbaycanın klassik ədəbiyyatında mənanın formadan əvvəl mövcud olduğuna dair saysız nümunələr var. Bu nümunələrdən biri günümüzə gəlib çatan ilk anadilli poeziyanın təmsilçisi İzzəddin Həsənoğlunun yazdıqlarında aşkara çıxır:

Əzəldə canım içində yazıldı surəti-məni,
Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.

Həsənoğlu surətin yaradılışından öncə mənanın var olmasına işarə edir bu beytdə. Şairin gəldiyi qənaət boşuna yaranmayıb və sıradan da bir şeir parçası deyil. Divan ədəbiyyatı təsəvvüf nəzəri fikrinə dayandığı üçün bu fikirlərin təsdiqi Allahın Kitabında və ilahi hikmətlərlə özünü göstərməlidir. Fikrimizi əsaslandırmaq üçün yenə Qurani-Kərimə müraciət edək. Allah-Təala müqəddəs kitabında buyurur: “Quranı öyrətdi. İnsanı yaratdı, Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi” (Rəhman surəsi ayə 1-3). Şair də öz şeirində bu ilahi hikmətin ardıcıllığını göstərmək istəyir.
Ramazan ayı da müsəlmanların ilahi hikmətləri yaxşı düşünüb, qavramaları üçün bir əhəməyyətə malikdir. Çünki Ramazan ayı hikmət yüklü mübarək Quranın nazil olduğu ay kimi oruc adlı ibadətin vacib buyurulduğu və insanların ruhən qardaşlaşmasını təşviq edən müstəsna əhəmiyyətə sahibdir.

Ramazan ayı təkcə ac qalmaqla məhdudlaşmır, insanın bir ay boyunca haramdan çəkinməsini tövsiyyə edir. Bu bir aylıq müddət müsbət xarakter formalaşdırmaqla kamil insan mexanizminin təməlini qoyur. Başqa yöndən Ramazan ayı gün boyunca halala yaxınlaşmaqdan da çəkindirir. İbadətin bu yönü insana əlində olan nemətlərin ona məxsus olmadığını, bu dünyadan özü ilə bərabər yalnız əməlini apara biləcəyini öyrədir. Gün ərzində ac qalmaq insana ac qalan insanın halını, vəziyyətini dərk etməyi aşılayır. Yardımlaşma, insanlara xoş davranış insanda ruh təmizliyinə yol açır və Ramazan ibadətinin kamil şəkildə yerinə yetirən insan qalan ayları da bu aya xatir yaşamağa qərar verir. Məncə, Allahın görmək istədiyi kamil insan modeli də budur.

Həzrət Peyğəmbərimiz (s) Ramazan ayı ilə bağlı buyurduqlarında insanların bir-birinə rəftarında gözəl davranış nümayiş etməyə çağırır: “Hər kəs bu ayda öz əxlaqını, rəftarını gözəlləşdirsə, ayaqların Sirat körpüsündə vəhşətdən titrədiyi an, ona bu körpüdən qorxusuz olaraq keçməyə icazə verilər. Hər kim bu ayda öz qullarının (həmçinin işçilərinin) zəhmətini azalda, Allah-Təala Qiyamətdə onun işini asanlaşdırar”. Axirətə iman gətrimiş bizlər üçün ilahi müjdəyə yetməyin yolu Peyğəmbərimizin (s) buyurduğunda aşkara çıxır. Bu ay boyunca bunun əksini etmiş olanlar üçün isə... Allah göstərməsin!

Qurani-Kərimdə buyurulan “Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik”, - dediyiniz zaman sizinlə bağladığı əhdi unutmayın” (Maidə surəsi, ayə 7) bu hikmətə tapınan möminlərə Ramazan ayı nəfsin təmizlənməsi üçün də gözəl fürsətdir. İnsan ona pislikəri əmr edən nəfsdən xilas olduqca ruhunu saflaşdırır və Allahın cənnətinə girmək fürsəti əldə edir. Mütləqdir ki, Allah-Təala vəd elədiyi kimi, Ramazan ibadətini kamil şəkildə yerinə yetirənlərin hamısının mükafatını verəcək, inşəallah.
Allah-Təala Ramazan ayını nəfsi ilə mübarizədən qalib çıxan hər kəsin ibadətini qəbula yetirsin!

Əvvəli rəhmətə, ortası mərhəmətə, sonu Cənnətə yol açan Mübarək Ramazan ayında Allah-Təala oruc tutan bütün mömin müsəlmanların ibadətini Öz dərgahında uca mərtəbəyə qovuşdursun!
Bu ayda Allaha ünvanlanmış bütün duaları qəbul eləsin!
Allah-Təala torpaqlarımızın azadlığını bizlərə nəsib eləsin!
Allah-Təala gələn Ramazana qədər bizlərə yaşamaq fürsəti verəcəksə, o Ramazanı işğal olunmuş torpaqlarımızda keçirməyi qismət eləsin!
Amin!