Ramazan ayında Ehsan Zahidovun dedikləri

ramazan-ayinda-ehsan-zahidovun-dedikleri
Oxunma sayı: 689

Razi Nurullayevin “Yol polisi ləğv olunsun” başlıqlı məqaləsini oxumadım. Nə yol polisinin, nə de hər hansı bir dövlət qurumunun ləğv olunmayacağını bildiyim üçün yazı maraqlı gəlmədi. Maraqlı gələn isə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı cənab Ehsan Zahidovun adı gedən məqaləyə münasibəti oldu.

Əslində en nifrət etdiyim şey, həyatımda məhrumiyyətlərə düçar olduğum hadisələri qələmə almaqdır. Hətta bir dəfəsində “Qafqazinfo”-nun şərhlər qismində Sulutəpədə yerləşən gömrük məntəqəsində İngiltərədə istifadə etdiyim avtomobili “rəsmiləşdirmək” üçün məndən elə həmin o maşının 2 qat qiyməti qədər rüşvət aldıqlarını şərh olaraq yazdığıma görə olmazın peşmançılığını çəkmişdim. Bütün səmimiyyətimlə deyirəm, o hadisəni hətta şərh kimi yazdığım üçün belə özümü o qədər aciz, naciz hiss etməmişdim.

İslam tarixinə nəzər saldıqda neçə-neçə xeyirli insanın hansı məhrumiyyətlərə düçar olduğunun şahidi oluruq ki, xırda bir rüşvət qarşısında rəngdən-rəngə, şəkildən-şəklə düşdüyüm üçün min xəcalət çəkirəm. Allahın rizasına nail olmaq üçün yurdlarını, yuvalarını, isti ocaqlarını buraxıb gedənlərlə Axirət günündə qarşılaşdıqda utandığımdan yerə girmək istəyəcəyimi də dərk edirəm.

Aşağıda yol polisi ilə aramda olan hadisəni də məhrumiyyətlərə düçar olduğumu göstərmək üçün deyil, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı cənab Ehsan Zahidovun haqlı, AXCP-nin sədr müavini Razi bəy Nurullayevin isə haqsız olduğunu söyləmək niyyəti ilə yazıram. Rüşvətin bu qədər tüğyan etdiyi bir dövrdə Razi bəyi haqsız hesab etdiyimə görə mənimlə razılaşmayanlar olacaqdır. Hətta hansısa məqamda onları başa da düşmək olar.

Keçən ilin Ramazan ayında mənsub olduğum dağ rayonlarından birindən anam və digər ailə üzvləri ilə birlikdə Bakıya dönürdük. Kürdəmir ərazisində yolun sol tərəfində dayanan yol polis maşını idarə etdiyim avtomobilə “Dur!” işarəsi verdiyi üçün maşını saxlayaraq polis maşınına yaxınlaşıb saxlanma səbəbini öyrənmək istədim. Elə oturduğu vəziyyətdəcə özünü təqdim edən polis əməkdaşı surəti artırdığım üçün radara düşdüyümü söylədi.

Bundan əvvəl də Nizami rayonun yol polisi əməkdaşları tərəfindən saxlanılıb qaydanı pozduğumu bildirmişdilər. Hər üç polis işçisi sanki mənimlə mübahisə etmək üçün “start” nöqtəsində durmuşdular. Lakin onların istədiklərini etmədim. Hər hansı bir qayda pozuntusuna yol verməmişdim. Və heç bir şey demədən sürücülük vəsiqəmi onlara “təhvil” vermişdim. Hətta polis işçisi təəccüb qalıb “Gəl, sənə protokol yazmayım, yerindəcə cərimə ödə, get”-demişdi. Razılaşmamışdım və Nizami rayon yol polis şöbəsində 45 manat cərimə ödəmişdim. Razılaşmamağımın da səbəbi ödədiyim cərimənin rusum olaraq dövlət büdcəsinə getməsini istəməyim idi. Amma nə yazıq ki, Nizami rayon yol polisi şöbəsində verdiyim pulu siyirməyə atıb qeyri-müəyyən bir kağıza qol çəkməyimi istədilər. Həyatımda son 17 ildə ilk dəfə yol polisi şöbəsində olduğumdan neçə ədəd kağıza qol çəkmək lazım olduğunu bilmirdim və gözləyirdim ki, ödədiyim cərimənin məbləğini göstərən hər hansı bir kağıza da qol çəkəcəyəm. Amma o baş vermədi…

Bu hadisə Kürdəmirdə “sürət qaldırma” hadisəsindən 4-5 həftə əvvəl baş vermişdi. Ona görə bu Aran rayonunda yol hərəkəti qaydalarının keşiyində duranlardan etdiyim qayda pozuntusunun səbəbini soruşdum. “Radara düşmüsən” cavabını aldıqda isə məni təəccüb bürüdü. Surət artımı mümkün deyildi. Çünki anamın maşının sürətli getməsindən qorxduğunu digər ailə üzvləri kimi mən də çox yaxşı bilirəm. Bu baxımdan hansı sürətlə getdiyimi soruşdum. Polis işçisindən sualıma aldığım cavab məni daha da təəccübləndirdi. Əlində olan kağızlara baxaraq: “Biz protokol yazana qədər neçə ilə getdiyini də göndərərlər” söylədi. Yenə soruşmaq məcburiyyətində qaldım: “Telefona göndərəcəklər, yoxsa xüsusi bir cihazınız var?”. Sualım əməlli-başlı polis işçisini özündən çıxardı və öfkəli-öfkəli: “Bu orucluğun sahibi haqqı radara düşmüsən. Biz burada insanlara şər atmaq üçün oturmuşuq?” - dedi. Polis işçisi özü də bilmədən hədəfin düz gözündən vurmuşdu. Oruclu adama orucluğun sahibinə and verirdi. İşi belə gördükdə polisdən cəzamın nə olduğunu soruşdum. “20 manat” - dedi. 10 manat verib maşına geri döndüm. Elə oradaca ailə üzvlərim aldandığımı dedilər.

Şəhərə qayıtdıqda hüquq mühafizə orqanlarında işləyən tanışlarımdan radarın cəriməsini nə qədər olduğunu soruşdum. Mənə “radara düşməyin” rəsmi dövlət cəriməsinin 44 manat olduğunu və bu “işlərin” 10 manatla bitmədiyini dedilər. İzah edilməyəcək, danışılmayacaq qədər sarsıldım. Əgər asayişin keşiyində duran 10 manata görə orucluğun sahibini satırsa, deməli vəziyyət sarsılacaq, ehtiyat ediləcək və qorxulacaq həddədir.

Bu sarsıntılardan ayılmamışdım ki, 1 sentyabr 2010-cu ildə Qaqarin körpüsünün yanında əsas yola çıxarkən yol hərəkəti qaydalarının keşiyində duran Bakı şəhər yol polisi əməkdaşları tərəfindən yenə “Dur!” əmrini aldım. Lakin bu dəfə “Dur!”-a baxmayaraq avtomobili saxlamayıb yoluma davam etdim. Bir neçə dəqiqədən sonra polis maşınının arxamca gəldiyini görüb maşını saxlayıb “Dur!”-a niyə tabe olmamağımın səbəbini açıqladım. Orta yaşlı polis işçisi ilə söhbətim alınmışdı. Hətta mənə bütün sistem işçilərinin 10 manata görə orucluğun sahibini satan polis kimi şərəfsiz olmadığını da söylədi. Sürücülük vəsiqəmi alıb cəzamı yüngül yazdığını dedi. Verdiyi kağıza həvəslə imza atdığımı görüb bir az da mehribancasına vəsiqəni haradan aldığımı da soruşdu. Men də İngiltərədən aldığımı və elə indicə ona hədiyyə etdiyimi dedikdə “Saxta deyil?” sualını verdi. Başımı tərpədərək “yox” dedim. Sentyabrın 7-də isə Bakı-London təyyarəsinə biletim var idi…

Təxminən noyabrın əvvəllərindən İngiltərədə avtomobil idarə edirəm. Və sürücülük vəsiqəsini yalnız 2011-ci ilin iyun ayında aldım. Və cəmi 20 funt sterlinq ödəyərək. Alma səbəbi də iyunda İstanbula səfərim zamanı maşın sürmə ehtimalının olduğu üçün idi. Bu müddət ərzində bir Allahın qulu məndən sürücülük vəsiqəsini təqdim etməyi istəmədi. Hətta bir dəfəsində yağışın leysan kimi tökdüyü bir gündə yol hərəkəti qaydasını kobudcasına pozdum. Özü də polis maşınına qarşı qəza vəziyyəti törətməklə. Polis əməkdaşı sadəcə maşınının pəncərəsini açıb gülümsəyərək: “Məni görmədin, deyilmi? Ehtiyatlı ol, hava pisdir”-deyərək xəbərdarlıq etdi. Bir anlıq Azərbaycanda yol hərəkətinin keşiyində duranlar gözümün önünə gəldi…

Bütün bu yazdıqlarımdan sonra soruşacaqsınız ki, niyə Ehsan müəllimi haqlı, Razi bəyi haqsız hesab edirəm? Bu sualın hansı təbəqədən gəldiyini də bilirəm. İslam dininə baxdığımızda Ehsan müəllimin öz üzərinə düşdüyü vəzifəni, Razi bəyin isə hər hansı bir vəzifə icra etmədiyini görürük. Bəlkə də Razi bəy və onu müdafiə edənlər vətəndaş cəmiyyəti qurmaq üçün gecə-gündüz çalışdıqlarını deyəcəklər. Lakin qəti şəkildə deyə bilərəm ki, rüşvət bütün vətəndaş cəmiyyətlərində vardır. Sadəcə müxtəlif şəkillərdə mövcud olduğu üçün bəzi ölkələrdə sosial bəla həddindədir, bəzilərində isə nəzərə çarpmır. Rüşvət hətta şəriət üsulu ilə idarə olunan ölkələrdə də dolaşır. Rüşvətin bu fani dünyada olmadığı yeri isə iman dolu qəlbdir. Bir qəlbdə həm iman, həm de küfürdən doğan rüşvət yerləşə bilməz.

Əgər Ehsan müəllim və onun müdafiə etdiyi yol polisləri iman anlayışını mənimsəsələr, bu dünyaya bir imtahan üçün gəldiklərini və etmiş olduqları yaxşı və pis əməllərin əvəzində başqa bir aləmdə əbədi olaraq yer qazanacaqlarını unutmadan yaşayarlar. Bu dünyada heç kəs etdiyinin qarşılığını lazımınca almır. Gündəlik həyatımızda hər kəs şahid olmuşdur: hörmətə layiq insan səfil halında və əksinə sapıq, azğın, şərəfsiz kimsələr isə rahatlıq içində yaşayırlar. Bu baxımdan Allahu-Təalanın ədalətinin tam mənası ilə gerçəkləşdiyi bir aləm vardır ki, hər kəs etdiyi əməllərin qarşılığını orada görür. Qurani-Kərim bu hadisəni İnfitar surəsi 13-14-cü ayələrdə belə izah edir: “Yaxşılar mütləq cənnətdə, pislər isə cəhənnəmdədirlər.”

Razi bəy, qurmaq istədiyiniz vətəndaş cəmiyyəti nisbilik üzərində durur. Ədalət isə insanın ruhu üzərində qərar tapmalıdır. Sirkdə insanları əyləndirən ayı, meşədə insanı parçalayan bir vəhşidir. Vətəndaş cəmiyyətində rüşvət almayan qərbli, banan ölkəsində rüşvəti torba-torba alır. Lakin iman qəlbli insan vətəndaş cəmiyyətində də eyni insandır, banan ölkəsində də. Çünki hansı cəmiyyətdə olursa olsun, yuxarıda göstərdiyim ayələrin ona şamil olunduğunu bilir.

İndi, sizdən səmimi şəkildə soruşuram, sizə, bizə, Ehsan müəllimə vətəndaş cəmiyyətininmi faydası çoxdur, yoxsa qəlbimizə bu iki ayənin yerləşməsininmi?