Ramil Səfərova açıq məktub

ramil-seferova-aciq-mektub-
Oxunma sayı: 658

Mənfur düşmən sənin hərbçi karyeranın parlamasına imkan vermədi. Erməni xisləti Macarıstanda da özünü göstərdi. Qarabağda qarşılaşmaq istədiyin düşmənlə Budapeştdə üz-üzə gəldin. Sən, düşməni hər yerdə məğlub etməyə qadirsən. Belə də oldu. Qurqen Markaryanın öz əlilə "cəhənnəmə bilet alması" sənin azadlığını itirməyinlə nəticələndi. Nəsibin darısqal həbsxana hücrəsi oldu...

Biz Sahib dayı ilə keçmiş İnqilab küçəsində yerləşən tramvay parkının həyətində görüşəndə, sən bir ildən çox idi məhbus həyatı yaşayırdın. "Ramil necədir?" dedim. Doluxsundu. Boğazında düyünlənən qəhəri udub, çətinliklə cavab verdi: "Məhkəmənin qərarını gözləyirik". Biz məhkəmənin qərarını bir yerdə gözlədik. Sahib dayı, Nübar xala, nənən, qardaşların, səni tanıyanlar, tanımayanlar, bütün Azərbaycan xalqı. Budapeşt məhkəməsinin çıxardığı ədalətsiz qərar sənin bir gün azad olacağına bəslədiyimiz ümidləri zərrə qədər də azaltmadı. Biz ədalətin qələbə çalacağına həmişə inandıq. Adımızın Sahib, Seymur, Ramil olduğuna inandığımız kimi...

Səhv etmirəmsə, 2007-ci il idi. Jurnalist həmkarım Mənsurə Səttarova ilə birlikdə sizə getmişdik. Mənsurə səninlə bağlı suallar verir, Sahib dayı isə həvəslə onun suallarını cavablandırırdı. Rəhmətlik Nübar xala çay tədarükü görsə də, arada söhbətə müdaxilə et-məyi də unutmurdu. Biz həmin gün sənin uşaqlıq, yeniyetməlik illərindən danışıb, qiyabi də olsa Cəbrayıla ekskursiya etdik. Söhbət əsnasında Nübar xala Cəbrayılda onunla bir yerdə işləmiş bibimi xəbər aldı. Yaxşı olduğunu, ona salam göndərdiyini dedim. Biz həmin gün Cəbrayılla bağlı saysız-hesabsız xatirələri çözələdik...
Ertəsi gün əmimgilə getdim. Bibim Sahib dayını, Nübar xalanı, o vaxt ağır xəstə olan nənəni, qardaşlarını xəbər aldı. Dedim ki, hamısı yaxşıdır. Amma mənə inanmadı. Dərindən köks ötürüb, belə dedi: "Mən, Nübarı yaxşı tanıyıram. Nübar bu dərdə dözməyəcək..."

Bibim öz rəfiqəsini yaxşı tanıyırmış. Bir müddət sonra Nübar xala ömrünü sənə bağışlayıb, dünyadan köçdü. Ana ürəyi oğul həsrətinə tab gətirmədi...
Əziz qardaş, sənin azadlığa çıxdığını İstanbulda eşitdim. Jurnalist həmkarım Xalid Vahidoğlunun qardaşı mesaj yazıb, bizi müjdələdi. Bu xəbəri dərhal hava limanında təyyarə gözləyən soydaşlarımıza çatdırdıq. Sənin sevincindən hamıya pay düşdü...

Ramil, mən bu sətirləri gecəyarısı yazıram. Səkkiz il yarımlıq ayrılıqdan sonra bu gün ilk dəfə öz evində gecələyirsən. Bəlkə də mənim kimi sənin də gözünə yuxu getmir. Axı, bizim danışmağa o qədər sözümüz var...
Ötən həftə İzmirdə idim. Türkiyə Mədəniyyət Nazirliyi bu ölkədə qonaq olan azərbaycanlı jurnalistlərin İzmirə bağlı olan bütün rayonlara səfərlərini təşkil etdi. Çeşmənin, Foçanın, Quşadasının qumlu sahillərini addım-addım gəzdik. Hansı şəhərə, hansı qəsəbəyə ayağım düşürdüsə, kirayə evlərin qiyməti ilə maraqlanırdım. Axırda qrup rəhbərimiz Dərya xanım dözməyib, məndən soruşdu: "Qardaş, sənin evin-eşiyin, kəndin-kəsəyin yoxdur?"

Utana-utana dedim ki, yoxdur. Əvvəlcə heç nə başa düşmədi. Elə bildi ki, onunla zarafat edirəm. Buna görə də əlavə izahat vermək məcburiyyətində qaldım: "Mənim şəhərimi də, kəndimi də ermənilər işğal edib".

Yazıq qız deməyə söz tapmadı. Mən, onun necə haldan-hala düşdüyünü öz gözlərimlə gördüm.

Bilirsən, mən kirayə verilən evlərin qiymətilə niyə maraqlanıram? İstəyirəm ki, övladlarım yay tətilində heç olmasa bir həftə təmiz hava udsunlar. Yayda hamı ailəlikcə öz rayonlarına köçəndə, biz gözümüzü dost-tanışın ağzına dikib, təklif gözləyirik. Hər dəfə sinif yoldaşları öz rayonlarına gedəndə, Şahin məndən soruşur: "Ata, biz niyə Cəbrayıla getmirik?" Və hər dəfə mən bu sualla qarşılaşanda, elə bilirəm ki, Cəbrayıl yenidən işğal olunub...

Ramil, sənə bir təklifim var: gəl, əl-ələ verib, Cəbrayıla gedək. Cəbrayılın yolunu sən də, mən də yaxşı tanıyırıq. Bircə qalır sənin hərbi formanı geyinməyin... Əgər biz tezliklə Cəbrayıla getməsək, gələcəkdə oğlun dizini qucaqlayıb, səndən soruşacaq: "Ata, biz niyə Cəbrayıla getmirik?"

Haydı, Cəbrayıla doğru!

Alçaq düşmən, yolumuzdan çəkil, üstünə Ramil Səfərov gəlir!