Ramil Usubovun “baş” problemi

ramil-usubovun-bas-problemi
Oxunma sayı: 662

Məsələn:

1. «Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi»


Bu idarənin özəlliyi ondadır ki, burda «mütəşəkkil cinayətkarlıqla» yox, «baş mütəşəkkil cinayətkarlıqla» mübarizə aparırlar. «Baş mütəşəkkil» bilirsinizmi nə deməkdir?

Doğrusu, ixtisasıma uyğun olmasına baxmayaraq, bu söz birləşməsinin hansı mənanı ifadə etməsini hələ tam dəqiqliyinə qədər aydınlaşdıra bilməmişəm. Bildiyim odur ki, «mütəşəkkil» – «təşkil olunmuş» sözündəndir; «baş mütəşəkkil» də «baş təşkil olunmuş» anlamına gəlməlidir.

Yəqin ki, «baş təşkil olunmuş» sözünün nəmənə şey olduğunu soruşmayacaqsınız. Çünki mütəşəkkil cinayətkarlıq varsa, demək, onu təşkil edən bir «baş» olub, ya yox? Bax, bu idarənin məqsədi də həmən o yaramaz «başı» tutmaqdır.

2. Baş Narkotiklərlə Mübarizə İdarəsi

Bu idarənin adında, ümumiyyətlə, Azərbaycan dilinin bütün incəliyindən, eyham və çoxmənalılığından istifadə olunub və bir güllə ilə beş-altı dovşan vurulub.

«Baş narkotik» - yəni elə-belə, sadəcə, baş-ayaq, basmaqəlib narkotik yox, «baş narkotik» olanda, bu idarə müdaxilə edir.

Doğrudur, «baş narkotik» ifadəsi dilimizdə yoxdur. Ancaq DİN bu adı təsadüfən seçməyib ki? Əslində, bu birləşmə özündə «bir baş narkotik» mənasını ehtiva edir. Sadəcə, dilin zənginliyini nəzərə alan DİN burdakı «bir» sözünü atıb və təqdirəlayiq «baş narkotik» sözünü leksikonumuza pərçimləyib.

3. Baş İctimai Təhlükəsizlik İdarəsi

Adından da göründüyü kimi, bu idarə «baş ictimai» təhlükəsizliyimizi təmin etmək uğrunda mücadilə aparır.

Ancaq etiraf etməliyik, əzizlərim, «ictimai» sözünün nə demək olduğunu bilsək də, «baş ictimai»ni dərk edəcək səviyyədə olmadığımızdan, bu ifadəni anlamaqda çətinlik çəkirik. Yəni burdakı «baş» sözünün yerindən-yurdundan başımız çıxmır.

Ona görə Daxili İşlər Nazirliyindən bir xahiş: yalvarırıq, «baş ictimai» sözünün mənasını izah etməklə, biz savadsızları azacıq maarifləndirin!

4. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi

Pəh, bayaqdan bu idarənin adını intizarla axtarıram. Təsəvvür edirsinizmi, bizdə «baş pasport», «baş qeydiyyat», «baş miqrasiya» varmış?

Təsəvvür edə bilməzsiniz. Çünki bu ölkədə «baş pasport»un nə demək olduğunu anlayan bir kimsəni tapa bilməzsiniz.

Bəlkə, diplomatik pasporta «baş pasport» deyirlər?

Yox, mən bilən, bu idarə ucdantutma hamıya pasport verməklə məşğuldur. Bəs onda bu andıra qalmış «baş» bu pasportun qarşısında niyə meydan sulayır?

Gərəkdir ki, DİN bir açıqlama da buna versin və «baş pasport»un nə demək olduğunu xalqa, daha doğrusu, «baş ictimaiyyətə» aydınlaşdırsın…

5. Baş Dövlət Yol Polisi İdarəsi

Burda geniş izahata heç bir ehtiyac yoxdur. Söhbət «baş dövlət»dən gedir, yəni bu idarə dövlətimizə yox, «baş dövlətimizə» aiddir.

6. Baş Cinayət Axtarış İdarəsi

Bu idarənin adını anlamaqda çətinlik çəkənlərə iki yol təklif edirik:

a) «Baş cinayət»

Bildiyiniz kimi, cinayətin növləri var: baş cinayət, burun cinayət, boğaz cinayət, qulaq, dil, dodaq, qırtlaq, udlaq və s.

Beləliklə, birinci variantda bu idarənin ancaq «baş cinayəti» üzə çıxardığı məlum olur.

b) Harda cinayət baş verirsə…

Gördünüzmü, - «cinayət baş verirsə» ifadəsində «baş» sözü var. İndi özünüz deyin, həmişə «başda» gələn «başın» «cinayət» sözündən sonra işlənməsinə razı ola bilərikmi? Baş – qabağa keçməlidir!

Əslində, «cinayət baş verib» cümləsi ilə biz «başı» təhqir etmiş sayılırıq. Təklif edirəm ki, bundan sonra «cinayət baş verib» yox, «baş cinayət verib» ifadəsindən istifadə etməklə «başı» nə qədər uca tutduğumuzu bütün dünya xalqlarının gözünə soxaq!

7. Baş İnformasiya Kommunikasiya İdarəsi

Jurnalistika ilə məşğul olanlara bəllidir ki, «baş informasiya» - əsas xəbər, «manşet» anlamında işlədilir. Deməli, bu idarənin funksiyasında «manşetləri» toplamaq istəyi dayanır.

Digər idarə - «Baş əməliyyat və statistika idarəsi» - «baş əməliyyat»la bərabər, «baş statistikan»ı hesablayır. Yəni idarənin biri «baş informasiyaları», digəri «baş statistikaları» hazırlamaqla məşğuldur – «ayaq statistika», «ayaq informasiya» bu idarələri ilgiləndirməz…

Daha sonra DİN-in göz oxşayan, könül açan «Baş Kadrlar», «Bakı şəhər Baş Polis» və s. idarələri də var ki, ilk baxışda anlaşıldığından, onların izahında yardımçı olmaq istəmirik. Məgər «Bakı şəhər Polis İdarəsi - deyə bilmərikmi» sualı ağlına gələn oxucularımıza səslənirəm: «baş» sözü olmayanda, dadı-duzu qaçır!


Sonda

Ədliyyə Nazirliyində də bir neçə «baş» məsələsi var: «Qeydiyyat və Notariat Baş İdarəsi», «Qanunvericilik Baş İdarəsi», «Təşkilat-Nəzarət Baş İdarəsi»… Kimsə bu «baş»ların idarəyə aid olduğunu anlamaqda çətinlik çəkmir.

Görəsən, DİN «baş» problemini nə vaxt həll edəcək?