“Ramiz Mehdiyev filosof deyil” - Açıqlama

ramiz-mehdiyev-filosof-deyil-aciqlama
Oxunma sayı: 1081

“Kimsə fəlsəfi dilə malik deyilsə, o filosofluq edə bilməz. Ramiz Mehdiyev də, bizim digər görkəmli akademiklərimiz də filosof deyil, fəlsəfə alimləridir. Azərbaycanda həqiqəti yox, həqiqətin axtarılmasını tədqiq edirlər. Ona görə də bunların hamısı fəlsəfə alimləridir”. Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, Ramiz Mehdiyev və digər akademiklər fəlsəfi fikirlərin yaranması, onların insanlara çatdırılması, fəlsəfi fikirlərin tənqidi ilə məşğul olurlar: “Amma filosof o adamdır ki, o öz ideyasını, baxışını, fikrini yaradır. Kimsə Allahın dünyanı necə yaratdığını, cismin, canın necə yarandığını deyirsə, filosof odur. “Lenin, Hegel belə dedi”, yazmaq filosofluq deyil, fəlsəfəçilikdir”. O, filosofların ortalığa çıxardığı həqiqətləri tənqid etmək və həqiqətləri əldə etmək yollarını araşdırmağın fəlsəfəçilik hesab edib. Cəlaloğlunun sözlərinə görə, filosof bilavasitə həqiqəti axtarıb tapan adamdır: “Azərbaycanda həqiqəti yox, həqiqətin axtarılmasını tədqiq edirlər. Ona görə də bunların hamısı fəlsəfə alimləridir”.

Cəlaloğlu Azərbaycanda özündən başqa filosof olmadığını deyib: “Rəhmətlik Cəmil Əhmədli də “Xalq qəzeti”ndə yazmışdı ki, Sərdar Cəlaloğlu ilk dəfə Azərbaycanda fəlsəfə dili yaradıb. Bu o deməkdir ki, əgər kimsə mənə qədər filosofluqla məşğul olubsa, deməli o dili o yaratmalı idi. Cəmil Əhmədli də etiraf edirdi ki, mənə qədər heç kəs fəlsəfə yaratmayıb, fəlsəfəçilik edib. Yəni fəlsəfi elmlə məşğul olub. Ona görə də Azərbaycanda filosof dediyimizin adamların hamısının dili elmi dildir, fəlsəfi dil deyil”.

Ramiz Mehdiyevin məqalələrini oxuduğunu deyən Cəlaloğlu onların fəlsəfə elmi deyil, siyasiləşmiş fəlsəfi elm olduğunu bildirib: “O, siyasəti davam etdirdiyinə görə, təbii ki, birtərəflidir. Mənsub olduğu siyasi zümrənin maraqlarından, həyata keçirdikləri ictimai-siyasi dəyişikliklərin məntiqindən çıxış edilib yazılan əsərlərdir. Ona görə də vaxtilə sovet hökumətində də yazılan fəlsəfi əsərlər nə SSRİ-nin özündə, nə də dünya ölkələrində qəbul olunur. Vaxtilə Leninin oxunan əsərlərini bu gün heç kim oxumur. Çünki həmin əsərlər siyasətlə birləşdirilmiş elmi fəlsəfi fikirlədir. O yerdə ki, elmi fəlsəfi fikir ya siyasətlə, ya insanın özünün şəxsi maraqları ilə, mənsub olduğu qrupun maraqları ilə birləşir, o yerdə həqiqi fəlsəfə meydana çıxa bilməz. Bu baxımdan Ramiz Mehdiyevin fikirlərini klassik fəlsəfə fikirlər kimi qəbul etmək olmaz”. Cəlaloğlu Mehdiyevin məqalələrini siyasi fəlsəfi nümunələr olduğunu qeyd edib: “Mehdiyev özü də demişdi ki, bizim apardığımız siyasətin fəlsəfəsi yaradılmalıdır. Siyasi fəlsəfə ümumi fəlsəfənin bir hissəsidir. Ramiz Mehdiyev bütün yaradıcılığını siyasi fəlsəfəyə həsr edib. Bunun ümumi fəlsəfə ilə, klassik fəlsəfə ilə heç bir əlaqəsi yoxdur”.

Nərgiz Ehlamqızı