“Ramiz Mehdiyev hər yoldan keçənə cavab verəcəksə...” – Müsahibə

ramiz-mehdiyev-her-yoldan-kecene-cavab-verecekse-musahibe
Oxunma sayı: 804


“Qafqazinfo” nun suallarını Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev cavablandırır




- Elşən müəllim, yaxın aylar üçün Azərbaycanın ictimai-siyasi-mədəni həyatında ciddi dəyişikliklərin baş verəcəyini ehtimal edənlərin sayı getdikcə artmaqdadır.

- Sualı bir az da dəqiqləşdirsək?!

- Məsələn, Evrovision qalmaqalı, İP-nin təyin etdiyi mitinqlər, əyalətlərdə iqtidara qarşı aqressiv xətt götürən kütlənin təşkilatlanması və s.

- Evrovision yarışmasının pərdəarxası siyasi məqamları artıq gördüyünüz kimi beynəlxalq təşkilatların öz dili ilə etiraf olunur. Yarışmanın təyinatı, vizual məzmunu özündə hər nə qədər daha fərqli mənzərəni ehtiva etmiş olsa da, real görüntü tam fərqlidir. Və deyim ki, artıq məlum səbəblərdən Ermənistanın bu yarışmadan imtinası Avropa yayım birliyi tərəfindən təşkil olunan bir müsabiqəyə anındaca siyasi don geyindirə bildi və heç şübhəsiz ki, belə bir mötəbər tədbirin Azərbaycanda reallaşmaması üçün ən çox çalışan tərəf də məhz əbədi düşmənimizdir. O ki qala hansısa beynəlxalq təşkilatın müxtəlif dövlətlərə yönəlik boykot çağırışlarına... Məncə bu məsələyə heç şərh verməyə dəyməz. Çünki, o beynəlxalq təsisatların çoxu reket qəzetlər kimi bir şeydir. Tək fərqləri də odur ki, biri pulu şantaj, digəri isə beynəlxalq ajiotaj yaradıb qrant silmək yolu ilə qazanır. Dünya isə hansısa dövlət haqqında səhih məlumatlar almağa ehtiyac duyduğunda daha etibarlı mənbələrə müraciət edir.
Mitinqlər-filan barədə isə bayram günündə hər hansı bir müzakirə aparmaq istəməzdim.

Bəs bu bayram günündə siyasi rəqiblərinizin necə, azadlıqda olmasını istərdinizmı?

- Mən bir tək rəqiblərimə deyil, heç düşmənimə də həbs arzulamıram. Əksinə, üzərinə getmək istədiyim insanın həbsdə olması mənim əlimi-qolumu bağlayır, onun haqqında söz demək, fikir yürütmək imkanlarımı tükədir. Oysa ki, həmin insanlarla üzbəüz, canlı-canlı qarşılaşmaq üçün hər zaman özümdə güc də, təpər də, cəsarət də hiss etmişəm. Qısaca Allah hər kəsin qapısını açsın.

- O məhbuslardan biri, Bəxtiyar Hacıyev həm də sizinlə eyni dairədə millət vəkilliyi uğrunda mübarizə aparıb.

- Bəxtiyarla çox yaxın tanışlığım yoxdur. Uzağı 2-3 dəfə qısa söhbət imkanımız olub. O da seçki ərəfəsində. Mənə qarşı da hər hansı bir hörmətsizliyini görməmişəm. Əksinə dairəmizin İTV-dəki anşlaq debatından sonra foyedə məni uğurlu çıxışım münasibəti ilə təbrik elədi, mən də təşəkkürümü bildirdim. Və sizə deyim ki, imzatoplama mərhələsində diqqətimi cəlb edən ilginc məqamlardan biri də seçki dairəsinin sədri Qədir müəllimin Bəxtiyara olan inanılmaz simpatiyası idi. O sanki ürəyində Bəxtiyarı bizdən seçirdi. Hətta həmin ərəfədə Bəxtiyarın Amerikadan gələn hansısa maliyyə sənədində “möhür təsdiqlənməsi” problemi yaranmışdı və Qədir müəllim az qala özünü “həlak” etdi ki, məsələ öz həllini tapsın. Nəticədə tapdı da.

- Amma, Ülvi Quliyev dairəyə gəlincə ən şanslı namizəd məhz siz hesab olunurdunuz.

- Bu mövzu mənim üçün qapalıdır.

- Niyə?

- Çünki psixoloji anlamda ən böyük itkini bu seçkidə yaşamışam.

- O zaman sizin üçün açıq mövzulardan danışaq: Bir neçə gün öncə mətbuatda Təhsil nazirinin müavini gətiriləcəyinizlə bağlı informasiyalar dolaşdı. Bu məsələyə də aydınlıq gətirmənizi istərdik.

- Bu xəbər ilk olaraq “Pia.az” saytında manşetə qoyulub. Daha sonra bir sıra qəzetlər də istinad edib. Xəbər mənbələri də mənə məlum deyil. Hər halda haqqında danışılan adam mənəm və mən də tam səmimiyyətlə deyirəm ki, heç nədən məlumatım yoxdur. İkincisi də ki, nazir müavini statusunu bu qədər ajiotajla təqdim etməyin əleyhinəyəm. Həmin insanların nəzərinə çatdırmaq istəyirəm ki, mən rəsmi qeydyyatı olan bir partiyanın rəhbəriyəm və cənab Prezidentin 2008-ci ildəki seçki qərargahının barmaqla sayılacaq qədər azsaylı rəsmi üzvlərindən biri olmuşam. Mənə ölkə Prezidenti öz təbliğatını etibar edib və bu şərəfli işi hansı şəkildə icra etməm də təbliğat apardığım yerlərdə hər kəsə məlumdur. Və ümumiyyətlə qeyd edim ki, mən son 10 ilin bütün seçkilərində YAP-ın vəkili olmuşam.

- Maraqlı və analoqu olmayan bir faktdır ki, partiya sədri digər bir partiyanın vəkili olur.

- Hər halda qanunda belə bir məhdudiyyət yoxdur.

- Belə bir məhdudiyyət yoxsa, o zaman 2003-dən üzü bəri az qala bütün seçkilərdə hakim partiyanın rəsmi nümayəndəsi kimi seçkilərə qatılan Elşən Musayev niyə parlament seçkilərində YAP və hakimiyyət tərəfindən müdafiə olunmadı? Güman ki, iqtidarı müdafiə edən əksər siyasətçilər kimi siz də seçkilərin demokratik keçirildiyini və inzibati resursların prosesə cəlb olunmadığını iddia edəcəksiniz. Amma axı ortada bir də siyasi resurs deyilən bir şey var. Məsələn hakim partiya Zahid Oruc, Ceyhun Osmanlı və s namizədlərlə bağlı onların qeydə alındıqları bölgəyə rəqib çıxarmayacaqlarını bəyan etdi. Sizin bu məsələdə istisna təşkil etmənizin səbəbi nə idi?

- Bu sualı mənə yox, YAP-a verin.

- Amma haqqında söhbət gedən insan sizsiniz.

- Məndən bu hakimiyyətin əleyhinə söz ala bilməyəcəksəniz.

- Bir müddət öncə iqtidaryönlü gəncliyə ünvanlanan sərt bəyanat nə idi bəs?

- Yox. Bir dəqiqə. Xahiş edirəm malı-mala qatmayın. Əksinə mən düşünürəm ki, o barədə hələ az demişəm. Çünki burda söhbət ümumi işin məzmunundan, mahiyyətindən, keyfiyyətli təşkilindən gedir. Bu gün özündən deyən və iqtidarın müxtəlif sahələrdə və ən üst səviyyədə etimad göstərdiyi gənclik, meydanın episentrində olmağa borcludur. Məhz borcludur!. Mənim qənaətim də budur ki, müxalifətin hər hansı bir lideri ilə canlı debata çıxmağa cəsarəti çatmayan siyasətçi bizdən ola bilməz. Əsl Heydər Əliyevçi ola bilməz. Baxın, məlum mətbu orqanlarda ölkə başçısından tutmuş Administrasiya rəhbərinə, nazirdən tutmuş şöbə müdirinə qədər nə qədər insan yalanlara, iftiralara, cəfəngiyyatlara tuş gəlir, hədəf olur. Oysa ki, Prezident hər saxta sözə reaksiya bildirəcək fiziki imkanda deyil axı. Və ya Ramiz Mehdiyev hər yoldan keçənə cavab verəcəksə o zaman biz kimik? Nə deyib ortada gəzirik? Məni narahat edən məsələnin bu tərəfidir. Həm də fikrimcə bu cür danışmağa hardasa mənəvi haqqım da var. Çünki mən 2003-dən üzü bəri ən ağır seçki proseslərində, ən gərgin debatlarda iştirak etdiyim zaman bu gün çox yüksəklərdə qərarlaşan və bizimlə eyni əqidədən olan əziz dostlarımız güman ki hələ məktəbin sonuncu siniflərində oxuyurdular. Onların hər biri mənə doğmadır və ən azından necə deyərlər başqalarından bir köynək daha yaxındır. Amma hardakı ümumi işimizin axsaması açıqca görünür, bu olduğu kimi də deyilməlidir. İlham Əliyev elə bir liderdir ki, onun ətrafında yalnız və yalnız fədakar gənclik olmalıdır. Ortalıqda hansısa bir qüvvə”mənim gəncliyim-sənin gəncliyin”kimi bir təsnifat yaratmamalıdır və nəhayət bu məsələdə həm də ona görə həssasam ki, 2005-də Rəsul Quliyevin Bakıya qayıtma anonsundan sonra öz içimizdə olan nə qədər şərəfsizin aradan çıxdığını, buxarlandığını canlı-canlı seyr etmək imkanı olan azsaylı insanlardan biri də mənəm. Bu ibrətamiz mənzərənin ən real şahidlərindən biri də Əli Əhmədovla Siyavuş Novruzovdur. Hər ikisinə böyük hörmətim var, hər ikisinin ən gərgin anlarda böyük şücaətini görmüşəm. İnanın mənə, Siyavuş Novruzovun hər hansı açıqlaması bəlkə də ton, ifadə baxımından qıcıqlandırıcı görünə bilər. Amma bu adam nə varsa odur, səmimidir, xəyanətkar deyil və getdiyi yol uğruna ölümü belə gözə almağa hazırdır. Üzdə mələk kimi görünüb, özünü həm müxalifət, həm də iqtidar yanında nüfuz sahibi etmək istəyən tülkülərdən min dəfə şərəflidir. Fəqət haqqında danışdığım şəxslərlə bağlı mənim tək bir təəssüfüm var ki, o da onların çiyin-çiyinə döyüşdüyü insanları sonradan unutmaları və tamamən yalnız qoymalarıdır. Cəsarətləri nə qədərdirsə unutqanlıqları da elə bir o qədərdir. Bunu demək istədim.

- Gəlin siyasi gündəmin gənclərlə bağlı ən aktual mövzusuna qayıdaq. Sabah “Gənclərin hüquqlarını müdafiə komitəsi” mitinq keçirəcək. Həm də bu mitinq uzun fasilədən sonra meriya ilə razılaşdırılmış ilk kütləvi aksiya olacaq. Bir proqnozunuz varmı?

- Heç bir proqnozum yoxdur. Meydan istəyirdilər-bu da meydan! Buyursunlar, göstərsinlər nəyə qadir olduqlarını. Sadəcə mitinqin gedişatını böyük maraqla izləyəcəyimi deyə bilərəm. Vəssalam.