Ramiz Mehdiyevin bəyəndiyim fikri

ramiz-mehdiyevin-beyendiyim-fikri
Oxunma sayı: 655

Artıq bütün dünya cəmiyyətləri bir şeydən əmindirlər: Demokratiya doğrudan da ən yaxşı idarəçilik və münasibətlər sistemidir. Amma bu qənaətə gəlmək heç də asan olmayıb. Uzun, çətin, sancılı mərhələlərdən keçərək, müxtəlif cəmiyyətlər, müxtəlif zaman müddətində bu qənaətə sahib olublar. Bunda cəmiyyətlərin özünəməxsusluğu, mentaliteti də böyük rol oynayıb. Çünki dünya müxtəlif millətlərdən ibarət olduğu kimi, həm də müxtəlif dünya baxışları ilə də zəngindir. Bir-birindən fərqli, hətta, bir-birinə zidd ideologiyaların ortaya çıxması heç də təəccüb doğurmur, doğurmamalıdır...

Əgər demokratiyaya, demokratik yanaşmaya dünya ictimaiyyəti uzun proseslərdən sonra gəlib çatıblarsa, deməli demokratiyanın özünə münasibət də, onu qavramaq səviyyəsi də, müxtəlif cəmiyyətlərdə, müxtəlif səviyyələrdə olmalıdır. Yəni, demokratiyanın yeganə həqiqət olduğunu anlamaq, qəbul etmək hələ demokrat olmaq demək deyil. Demokratik islahatlar, demokratikləşmə tələb etmək, onu arzulamaq üçün gərək fərdlər özü də, ən az psixoloji olaraq, buna hazır olsunlar...

Azərbaycan cəmiyyətinin qısa zaman öncə totalitar bir sistemdən çıxması heç kimə sirr deyil. Həmçinin o da sirr deyil ki, ümumilikdə biz azərbaycanlılar həqiqi demokratiyanı yalnız kitablardan oxumuşuq. Müəyyən səviyyədə inkişaf etmiş formasını isə, çox az bir qismimiz, səfər etdiyimiz xarici ölkələrdə turist kimi görmüşük. Az da olsa düşünməyi bacaranlarımız isə, demokratik cəmiyyətlərin, hökumətlərin mənbəyinin həqiqi azad təfəkkürlü və tolerant fərdlər olduğunu gözəl anlayırlar. Demokratik azadlıqların hökm sürdüyü cəmiyyətlərdə insanlar sözün əsl mənasında anlayırlar ki, başqasının hüquqlarının başladığı yerdə, mənim hüquqlarım bitir. Hər kəs mənim baxdığım kimi baxmaya bilər, görməyə bilər. Ən əsası isə düşünməyə bilər... Başqası mənim kimi düşünmürsə o mənə düşmən olmamalıdır. Təhqirlərimə məruz qalmamalıdır. Və ən əsası, özgələşməməlidir...

Cox təssüflər olsun ki, Azərbaycanımızda ən çox anti-demokratik düşünənlər, özlərini tam mənada totalitar təfəkkür daşıyıcıları kimi göstərənlər, məhz şiddətlə demokratiya və azadlıqlar tələb edənlərdirlər. Gəlin baxaq: Böyük qismimiz sosial şəbəkələrdən istifadə edirik. Bir-birimizlə müxtəlif məlumatları, məqalələri bölüşürük. Mənim ən çox diqqətimi çəkən, fərqli siyasi görüşlü şəxslərin bir-birinə göstərdiyi anormal, aqressiv münasibətdir. Bu danılmaz faktdır ki, ölkəmizdə internet resurslarında, sosial şəbəkələrdə daha fəal olanlar, məhz müxalif siyasi baxışlı şəxslərdirlər. Bunu müxtəlif səbəblərə bağlamaq olar. Amma ən əsas səbəb təbii ki, nisbətən nəzarətsiz mühitin olmasıdır. Gerçəkdən, kimin kim olduğunu təyin etməyin mümkün olmamasıdır... Müxalif düşüncəlilərimiz bir qayda olaraq özlərini demokratiya aşiqi, azadlıq carçısı və daha proqressiv görürlər. Lakin reallığa endikdə bunun belə olmadığı bütün çılpaqlığı ilə özünü göstərir. Şəxsən mən, onların iqtidar meyilli siyasi görüşə sahib şəxslərə qarşı necə dözümsüz münasibət göstərdiklərinin dəfələrlə şahidi olmuşam. Bu şəxslər daha çox demokratiya, fikir püluralizimi arzuladıqlarını, tələb etdiklərini iddia etdikləri halda, özləri ən kiçik əks baxış bucağını belə, həzm etməyə qadir deyillər. Hər zaman inkar, hər zaman aqressiya, hər zaman isterik hücum... Bu bir daha onu göstərir ki, Azərbaycan cəmiyyətində demokratik dəyərlər hələ olduqca yaddır. Təfəkkürlər demokratikləşmək üçün hələ tam olaraq təkamül keçməyib. Demokratiya bizim üçün hələ də gediləsi, olduqca uzun bir yoldur. Və bu yol o vaxda qədər uzanacaq ki, fərdlərimiz tolerant olmağı bacarıb, həqiqi azad, qərəzsiz düşünəcəklər. Qarşı tərəfin başqa cür düşünmə azadlığının, təbii haqqının olduğunu, səmimi qəbul edəcəklər, anlayacaqlar. Əks halda iqtidarda kimlərin olmasından asılı olmayaraq, cəmiyyətimiz, düşüncə baxımından bugünkündən fərqli olmayacaq. Sadəcə indi müxalifətdə olanlar iqtidarda olacaqlar, yaxud da əksi... Yazımı akademik Ramiz Mehdiyevin “Keçmişin işığında demokratiyaya gedən yol” kitabından xatırladığım və olduqca bəyəndiyim bu fikiri ilə tamamlamaq istəyirəm.“Demokratiya gözəldir, amma bu gözəlliyi gərək hər millət özü yaşayaraq, tədricən anlasın”...