“Rəbbimiz qarşısında vicdan naminə” – Müraciət

rebbimiz-qarsisinda-vicdan-namine-muraciet
Oxunma sayı: 692

“Qafqazinfo” xəbər verir ki, müraciət Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan yeparxiyasının yepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilov, Roma Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete tərəfindən imzalanıb. Həmin müraciəti təqdim edirik:

“O bir olan Yaradanın adı ilə!

Artıq 20-ci ildir ki, Azərbaycan Respublikasının milyonlarla vətəndaşının iradə və hislərini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə, planetimizin taleyi üçün məsuliyyət daşıyan dünya liderlərinə, dövlət rəhbərlərinə, parlamentlərə və beynəlxalq təşkilatlara üz tutur, israrla müraciət edirik. Çünki əminik ki, dünyada elə bir xalq, elə bir din ola bilməz ki, ümumbəşəri mənəvi dəyərləri inkar etsin, zor, qətl, təcavüz kimi qeyri-humanist əməllərə haqq qazandırsın, qanlı cinayətlərə bəraət versin.

Bəşəriyyət insanlığa qarşı cinayətləri daima nifrətlə damğalamış, insan sifətini itirmiş qatillərin əməllərini hər zaman lənətləmişdir. Bəşər övladının qan yaddaşında ikili standartlar yolverilməzdir. Lakin artıq iyirmi ildir ki, barəsində aləmə car çəkdiyimiz, dünya tarixinin qanlı səhifələrindən birini təşkil edən Xocalı faciəsi bu günədək beynəlxalq səviyyədə tam olaraq qınaq obyektinə çevrilməmiş, onun baiskarları layiqli cəzalarını almamışlar. 1992-ci il fevralın 26-da Xocalının 10 mindən artıq dinc, silahsız, müdafiəsiz əhalisinin erməni quldurlarının amansız basqınına məruz qalması, 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qalması, meyitlərin üzərində təhqiramiz həqarətlər edilməsi kimi vəhşiliklərə biganə qalmaq bəşəriyyətə başucalığı gətirmir. Lakin təəssüf və təəccüb doğuran fakt odur ki, əksər dünya dövlətləri və beynəlxalq təşkilatlar misli görünməmiş bu cinayətin üzərindən hələ də sükutla keçirlər.

Acı reallıq ondan ibarətdir ki, zaman-zaman törətdikləri cinayətlərə görə hələ də cəza almamış, heç bir beynəlxalq qurumun, hətta BMT-nin qətnamələrinə məhəl qoymadıqları halda heç bir sanksiya ilə üzləşməmiş erməni ekstremistləri ərazimizin 20 faizini işğal etmiş, milyonlarla azərbaycanlını doğma yurdlarından didərgin salmış, qəsb etdikləri torpaqlarda vandalizm aktları həyata keçirərək mədəniyyət abidələrimizi, məscid və qəbiristanlıqlarımızı xarabalığa çevirmiş, maddi və mənəvi terroru gerçəkləşdirmiş, tarixi sənəd və əşyaları mənimsəyərək özününküləşdirmişlər. Xocalıda törədilən məqsədyönlü soyqırımı aktı isə bütün bu vəhşiliklərin kulminasiya nöqtəsi olmuşdur. Ən yeni tarixin bu qanlı faciəsinin - Xocalı soyqırımının canlı şahidləri, tarixi sübutları, vizual dəlilləri mövcuddur.

Təəssüf doğuran haldır ki, müasir dünyada əsl soyqırımları ilə deyil, soyqırımı kimi qələmə verilən, tarixi cəhətdən sübuta yetirilməyən hadisələrlə bağlı qayğılananların şahidi oluruq. Beynəlxalq aləmdə saxta soyqırımlarının tanınması, soyqırımı törətmişlərin "soyqırımı qurbanları" kimi qələmə verilməsi yönündə meyillər bizi narahat edir. Yaxın tarixdə - 1992-ci ildə Azərbaycan xalqının yaşadığı Xocalı qətliamına hüquqi-siyasi qiymət verilməsi ilə bağlı illərdir etdiyimiz müraciətlərimizin gözlənilən nəticə verməməsinə rəğmən, biz inanırıq ki, dünya soyqırımlarına məruz qalmış Azərbaycan xalqının səsinə biganə qalmayacaq, onun haqq işinin zəfər çalmasına, tarixi ədalətin bərpasına yardımçı olacaqdır. Ümidvarıq ki, Xocalıda törədilmiş soyqırımı ilə bağlı Azərbaycan həqiqətlərinin israrla dünyaya yayılması yalançı təbliğat qurmaq məqsədilə informasiya plagiatından belə çəkinməyən erməni təcavüzkarlarının əsl simasının açılmasına yardım göstərəcəkdir.

Biz, din xadimləri olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq, rifah diləyir və hər kəsə xatırlatmağı vacib sayırıq ki, Rəbbimiz qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərarına nail olmaqdır. Bu gün bizim həmvətənlərimiz Uca Yaradanın köməyi ilə bəşəriyyətdən ədalətli mövqe nümayişini gözləyirlər. Bəşəriyyət bu gün haqq-ədalətə səs verməsə, sabah nahaq və rəzalətin qurbanı ola bilər. Odur ki, üzümüzü bir daha dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə, dini liderlərinə, ictimai və dini təşkilatlarına tutaraq Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, Xocalı müsibətini soyqırımı aktı kimi tanımağa çağırırıq.

Qoy Uca Yaradan hamımıza savab əməllərdə, düzgünü yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! Amin!”.