Redaktorlar Birliyi jurnalistlərə təzyiqləri müzakirə etdi

redaktorlar-birliyi-jurnalistlere-tezyiqleri-muzakire-etdi
Oxunma sayı: 710

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində keçirilən iclasda “Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyevin həbsi müzakirə olunub. “Turan” agentliyinin direktoru Mehman Əliyev “Media forum” saytına bildirib ki, bir qrup jurnalistin Lənkərana səfər etməsi qərara alınıb: “Məqsəd Aydın Canıyevin həbsinin səbəblərini yerində araşdırmaqdır”.

Aydın Canıyev sentyabrın 8-də Lənkəranın Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Jurnalist kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunub və ona 12 sutka inzibati həbs cəzası verilib. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə cinayət işi qaldırılıb və sentyabrın 20-də Lənkəran Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

Redaktorlar Birliyinin iclasında Mətbuat Şurasının “Gündəm-Xəbər” qəzetindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayəti, “Zerkalo” qəzetinin müxbiri İdrak Abbasova qarşı təzyiqlər də müzakirə olunub.