“Rədd olmaq” getmək demək imiş

redd-olmaq-getmek-demek-imis
Oxunma sayı: 1255

Bir vaxtlar tarix kitablarımızda oxuduğum bu şəhərə vaxt gələcək tez-tez ayaq basacağım ağlıma belə gəlməmişdi. Ərdəbil Təbrizdən sonra ən böyük azərbaycanlı türklərinin yaşadığı Azərbaycan şəhəridir. Azərbaycan kəlməsini qürurla və əminliklə deyirəm, burada bizim dildə , eyni bizim təbiətdə , bizim qandan olan insanlar yaşayır. Baxmayaraq ki, bizim telekanalları bütün gün gizlicə izləyən ərdəbillilərin çoxu hələ də bir insan olduğumuzu dərk etmirlər. Bir qismi hələ də “siz bizə farsdan yaxınsız” deyir.

Bizim vaxtiylə zorla bölünmüş sərhəd xəttimizdən Ərdəbili bir neçə saatlıq yol ayırır.

Sərhədi keçən kimi “taksi, bala maşınla gedən” sözləri eşidilir. “Bala maşın” yəni, şəxsi avtomobil deməkdir. Bizi Ərdəbilə aparan taksi sürücüsü “tez əyləşin rədd olaq” dedi. Bir anlıq özümü təhqir olunmuş hiss etdim. Rədd olmaq nədi, bəlkə qarşımıza çıxan farsdı, bizə hirsi tutmuşdu. Düzü yaxınım qarşı oturacaqda əyləşdiyindən ona fürsətim olmadı ki, bu ifadəni eşitdirim. Bu kişi nə deyir belə. Ən maraqlısı da o idi ki, o bu sözü deyəndə çox qayğıkeş, mehriban görünürdü. Maşın yenicə yola çıxmışdı, hövsələsizlik edib dedim ki, dayı başa düşmədim rədd olmaq nə demək idi. O da başladı ki, hərənin öz vaxt qrafiki var... Uzun –uzadı iş saatını başa salmağa çalışdı. Bizim rədd olmağımız bu qədər vaxt çəkir, vahidi-xətt (avtobus deməkdir) filan saatda rədd olur. Hə, nəhayət başa düşdüm ki, bu dayı bizə "getmək”dən söz açırmış, rədd olmaq getmək deməkmiş. Baxmayaraq ki, bu söz bizdə söyüşə yaxın kəlmədir.

Elə “bala” maşında gedirdik birdən yaxınım sürücüyə “mobil telefonuna baxmaq olar” deyərək izn aldı . Sürücü “nə” deyib, sonra “quşimi (quşi-mobil telefon ) deyirsən, hə bax ağa bax” deyib telefonunu uzatdı. “İstiyirsən sənə lazım olan şumayranı (telefon nömrəsi) de mən yığım” dedi. “Quşi” kəlməsi bizim gülüşümüzə səbəb oldu. Ərdəbilli sürücü Yaşar dayı da mehribancasına gülümsündü. “Biz də sizin sözlərinizə gülürük hərdən, amma bənzər sözlərimiz çoxdur, nə yaxşı ki. Tehrana getsəz orada türkcə danışmaq qadağandı, demək olar ki. Bilənlər də sizə farsca cavab verəcək.” Söhbət erməni məsələsinə gəlincə, o Tehranda fars-erməni dostluğu cəmiyyətlərinin çoxluq təşkil etdiyini, ermənilərin hətta İran Məclisindən tutmuş dövlət orqanlarında xüsusi vəzifələrdə olduğunu bildirdi. Özünün vaxtilə dövlət işində çalışdığını deyən Yaşar dayı söhbətinə davam etdi :“Azərbaycan üçün ürəyimiz gedir, amma maneələr var da. Amma burada da Azərbaycan sevgisi səbəbindən cəzaya sevinə-sevinə gedən adamlar var. Bir ərdəbilli var öz ət dükanında Azərbaycan muğamlarını oxutduğu üçün dəfələrlə ona şallaq vurulub , onun heç vecinə də gəlmir. Yenə də dükanının adını “Çənlibel” qoyub”.
Maraqlı söhbətlə Ərdəbilə çatdıq , mərkəzi kafelərdən birində nahar etmək istədik. Kafenin qapısını açmışdıq ki , bir nəfər ordan “qapını xamuş (bağlayın) edin” dedi. Əyləşdik. Kafe sahibi qəzaya (xörək- qəza deməkdir) nə istədiyimizi soruşdu. Verilən menyudan bir şey anlamasaq da, öyrəndik ki burada stəkana-livan, kartofa-yeralması, ayrana-dux, alkolsuz içki, şirəyə-nüşabə, pomidora-göyçə deyirmişlər. Nə isə burada aclığımızı bir təhər də (dadsız bişirilən ət hesabına ) olsa yatırsaq da üzü müsafirxanaya (otelə) getdik. Bir neçə gündən sonra oteldən ayrılanda yenə o kəlməni eşitdik. Əşyalarımızı yığışdırdığımızı görən qulluqçulardan biri “rədd olursuz” sualını verdi. Bizi yenə gülmək tutdu. Mən də “hə ,hə ağa rədd oluruq artıq” dedim.

Əgər bir gün xeyirli səbəbdən yarı Azərbaycanımıza səfər etsəz , sizə yadda qalan və cənub soydaşlarımızın leksikonunda yer alan məzəli sözləri qeyd edirəm, bəlkə lazımınız olar.

Məriz - xəstə
Biməristan - xəstəxana
Curramaq - düzəltmək, qəza curramaq-xörək hazırlamaq
Qənd olmaq –şəkər xəstəsi olmaq
Kip-çanta
Cuş-hamam
əməl-əməliyyat
ajanş - xüsusi taksi
qədəmləmək - gəzmək
güdmək- gözləmək, vahidi-xətti güdmək-avtobusu gözləmək
zoğal-kömür
durbin-fotoaparat
əks-şəkil
hüttülü-pis adam
ruzinamə-qəzet
nökər-oğul
işğalı yoxdur-zərəri yoxdur